Nə üçün İbadət etməlİyİk?
İbadət dedikdə Allah qarşısında kiçiklik və təvazökarlığın ən üstün forması anlaşılır.
Aləmin yaranışı və peyğəmbərlərin be’sətinin ibadət üçün olması ibadətin əhəmiyyətini lazımınca göstərir. Allah-təala buyurur: “Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım!”
Aləmin, cinlərin və insanların yaranışında məqsəd Allaha ibadətdir.
Bütün peyğəmbərlərin risaləti xalqı Allaha pərəstişə də’vət etmək olub: “Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan çəkinin” –deyə peyğəmbər göndərmişdik.”
Demək, aləmin yaranışı və peyğəmbərlərin be’sətində məqsəd Allaha ibadətdir. Allahın bizim ibadətlərimizə ehtiyaclı olmadığı mə’lumdur. “Həqiqətən, Allah sizə əsla möhtac deyildir.” İbadət pərəstiş edənlərin özünə faydalıdır. Necə ki, şagirdlərin dərs oxuması müəllim yox, onların özü üçün faydalıdır.
İbadətin əsasları
İnsanı Allaha pərəstişə vadar edən işləri sadalayaq:
1. Allahın əzəməti
İnsan özündən asılı olmayaraq ilahi əzəmət qarşısında xüzu və kiçiklik hiss edir. Necə ki, böyük şəxsiyyətlərin və ya alimlərin yanında özünü kiçik sayır, ona tə’zim edir.
2. Fəqirlik və asılılıq hissi
İnsan təbiətən asılı və ya ehtiyaclı olduğu kəsin qarşısında təvazökar olur. Bizim vücudumuz Allahın iradəsinə bağlıdır və bütün işlərdə Ona ehtiyaclıyıq. Bu acizlik və ehtiyac hissi insanı Allaha pərəstişə aparır. O Allaha ki, kamil və ehtiyacsızdır! Bə’zi hədislərdə bildirilir ki, əgər fəqirlik, xəstəlik və ölüm olmasaydı, bə’ziləri Allah qarşısında heç zaman boyun əyməzdilər.
3. Ne’mətlərə diqqət
İnsan daim ne’mətlərdən bəhrələnərək, sitayiş edir. Allahın saysız ne’mətlərini yada salmaq Allahı düşünmək və ibadət üçün güclü amil ola bilər. Mə’sum İmamların münacatlarında adətən öncə (hətta insanın təvəllüdündən əvvəl) Allahın ne’mətləri yada salınır. Bu yolla insan Allaha məhəbbətini dirildir, sonra isə ehtiyaclarını Ondan istəyir. Allah-təala buyurur: “Bu evin Rəbbinə ibadət etsinlər! Bir Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və qorxudan sonra əmin-amanlıq bəxş etdi.” Başqa bir ayədə buyurulur ki, sizi yaratdığı üçün Allahınıza bəndəlik edin.
4. Fitrət
Pərəstiş insan vücudunun bir hissəsi və onun fitri istəyidir. İnsan fitrətində olan pərəstiş ruhu bə’zən düzgün yolunu tapır və insan Allaha pərəstiş edir. Bə’zən isə cahillik və azğınlıq səbəbindən insan daşa, taxtaya, günəşə, inəyə, pula, maşına, qadına və tağutlara pərəstiş edir.
Peyğəmbərlərin gəlişi pərəstiş hissi yaratmaq üçün deyil. Onların be’səti bu fitri meylin düzgün yola hidayət olunması üçündür. Həzrət Əli (ə) buyurur: “Allah Məhəmmədi (s) haqq olaraq göndərdi ki, bəndələrini bütpərəstlikdən allahpərəstliyə də’vət etsin.”
Qur’anda ibadətə aid ayələrin əksəri insanları ibadətə yox, ibadətdə tövhidə çağırır. Çünki hər bir uşaqda yeməyə meyl olduğu kimi, insanda da ibadət ruhu mövcuddur. Lakin insan hidayət olunmasa yemək əvəzinə torpaq yeyib, ləzzət alasıdır!
Əgər peyğəmbərlərin rəhbərliyi olmasaydı bu meyl azğın yola istiqamətlənər və Allah əvəzinə yalançı mə’budlara pərəstiş olunardı. Necə ki, həzrət Musanın (ə) yoxluğunda və 40 günlük qeyb dövründə xalq Samirinin hiyləsi ilə onun qızıl buzovuna pərəstiş etdi.
İbadətin rolu
İbadət həyatın bütün sahələrində Allahın razılığını düşünməkdir. İşlərə ilahi rəng verməyin insan həyatında mühüm tə’sirləri var. Bunlardan bə’zilərinə nəzər salaq:
1. Faniləri əbədiləşdirmək
İnsan və onun bütün işləri fanidir. Lakin Allaha aid olan və Onun razılığı üçün görülən bütün işlər axirət azuqəsidir və əbədidir. Qur’an buyurur: “Sizin yanınızda olan tükənər, Allah dərgahında olan isə əbədidir.” “İlahi rəngdən məhrum hər bir şey məhvə məhkumdur.”
2. Maddiyyatın mə’nəviyyata çevrilməsi
Əgər insan öz işlərində Allahın razılığını qazanıb ona bəndəlik edərsə, hətta yemək, geymək, səfər, görüş, evdarlıq, təhsil kimi gündəlik işlər mə’nəviyyata çevrilər. Lakin bə’zən dünyəvi məqsədlərlə görülən müqəddəs işlər öz dəyərini itirir. Birinci vurğuladığımız nəhayət faydalanma, ikinci isə nəhayət ziyana uğramaqdır.
3. Fərdi və ictimai quruculuq
Allaha ibadət dünyəvi meyllərə göz yummaqla, nəsil, geyim, dil və məkan fərqinə görə öyünməməklə, Onun sonsuz qüdrətinə qəlbən bağlanmaqla və ne’mət sahibinə təşəkkürlə yanaşıdır. Buna görə də ibadət ictimai və fərdi yaşayışın, düşüncənin formalaşmasında rol oynayır. İbadət düzgün ilahi yolla hərəkətdir: “Mənə ibadət edin, bu, doğru yoldur!” İbadət yük yox, hərəkət vasitəsidir: “Səbr və namazdan kömək alın.”
İbadət insanı fərdi şəkildə nəfsin, günahların və şeytanın köləliyindən xilas edir. Eyni zamanda, Allaha pərəstiş edən cəmiyyət zülmkarlara və tağuta pərəstişdən azad olur. İqbal Lahuri deyir:
İnsana əyildi qəlbi kor insan,
Tapdığı gövhəri itirdi, aman!
İt itə əyilmir –həqiqətdi bu,
Əyilən itdən də dəyərsiz oldu.
İbadət həm fərdləri, həm də cəmiyyəti fomalaşdırır. Allahdan qeyrisinə pərəstiş cəmiyyətdə fəsad yaranmasına səbəb olur.
İbadətin yönümləri
İslamda “ibadət” sözü namazla orucdan daha əhatəli mə’na daşıyır. Xalqın xeyrinə olan bütün yaxşı işlər də ibadət hesab olunur. İslamda ibadət sayılan bə’zi işləri yada salaq:
1. İlahi işlər barədə təfəkkür
İmam Sadiq (ə) buyurur: “İbadət çox namaz qılıb, çox oruc tutmaq deyil. Həqiqətən, ibadət ilahi işlər barədə düşünməkdir.” İnsanı Allaha yaxınlaşdıran və Onu tanımasına səbəb olan təfəkkür ibadət hesab olunur.
2. Ruzi qazanmaq
Allahın rəsulu (s) buyurur: “İbadət 70 hissədir. Onların ən üstünü halal ruzi ardınca getməkdir.”
3. Elm öyrənmək
İslam peyğəmbəri (s) buyurur: “Batildən uzaqlaşıb, azğın bir şəxsi hidayət etmək üçün elm arxasınca evdən çıxan şəxsin işi qırx ilin ibadətinə barəbərdir.”
4. Xalqa xidmət
Rəvayətlərdə xalqa kömək etməyin müstəhəb həcc kimi bir çox ibadətlərdən daha dəyərli olduğu göstərilir. Şair deyir:
Xalqa xidmətdədir əsil ibadət,
Dərvişlərin zikri deyil şücaət.
5. Ədalətli hakimiyyət intizarında olmaq
Peyğəmbər (s) buyurur: “İbadətlərin ən üstünü fərəc (İmam Zamanın (ə) gəlişi) intizarında olmaqdır.” Aydındır ki, həzrət Mehdinin (ə) ədalət dövlətinə zəmin hazırlanması, təlaşla müşayiət olunan müsbət və qurucu intizar nəzərdə tutulur.
Demək, işlərə ilahi rəng vermək onların dəyərini artırır, onları ibadət, bə’zən isə ibadətdən də üstün edir. Doğru niyyət dəmiri qızıla çevirir. Allaha yaxınlaşmaq üçün görülən bütün işlər ibadətdir. Bu hesabla demək olar ki, ibadətin nümunələri saya gəlmir. Hətta ata-anaya, alimlərə, Qur’ana, Kə’bəyə, ədalətli rəhbər və din qardaşlarına məhəbbətli baxış ibadət sayılır.
Necə ibadət edək?
İbadətin üsulunu Qur’an və Əhli-beytdən (ə) öyrənməliyik. Necə ki, hər bir evin ünvanını ev sahibindən soruşmaq lazım gəlir. Qur’an ayələri və mə’sumların hədisləri ən gözəl ibadət nəyi hesab edir və onu hansı səciyyələrlə tanıtdırır? Bu sualın cavabını Qur’an və Əhli-beytdə (ə) tapmaq mümkündür. Beləliklə, din övliyalarının sözlərini yada salaq:
1. Agah ibadət
Hədisdə deyilir: “Alimin iki rəkət namazı cahilin yetmiş rəkət namazından üstündür.”
Allahın rəsulu (s) buyurur: “Namazın düşüncə və agahlıqla qılınan hissəsi qəbuldur.”
Agah namaz odur ki, insan nə etdiyini, nə dediyini, kiminlə danışdığını bilsin və qəlb iştirakı ilə Allahı düşünsün. Peyğəmbər (s) buyurur: “Diqqət ilə qılınan iki rəkət namaz düşünmədən bir gecə oyaq qalmaqdan üstündür.”
Qur’an buyurur: “Ey iman gətirənlər! Sərxoş halda namaza yaxınlaşmayın. Dediyinizi anlayanadək!”
İmam Sadiq (ə) buyurur: “Hər kəs iki rəkət namaz qılıb, kiminlə danışdığını və nə danışdığını düşünərsə, günahları bağışlanar.”
2. Eşqlə ibadət
Xəstə dadlı yeməkdən ləzzət almadığı kimi həvəssiz ibadət edənlər də heç bir ləzzət almır. İbadət sönüklük, halsızlıq, yorğunluq yox, məhəbbət, şadlıq və ləzzətlə yanaşı olmalıdır.
Qəlbən vurğun insanlar ibadət zamanı xoş əhval-ruhiyyə əldə edirlər. Bu dəyər mə’rifət və düşüncə ilə əldə olunur. Məcburi ibadət səmərəsizdir. İmam Sadiq (ə) buyurur: “Məcburən ibadət etməyin.”
Böyük şəxsiyyətlərlə görüşə maraqlı olduğumuz kimi, Allahla görüşə, Onun dərgahına eşq dolu qəlblə gəlməliyik. Din övliyaları və mə’sumlar Allahla görüş vaxtını eşqlə gözləyirdilər. Onlar insanı heyrətə gətirəcək eşqlə namaz qılıb, ibadət edirdilər. (Sonrakı mövzularda bə’zi nümunələr qeyd olunacaq.)
3. Xalis ibadət
İxlas gövhəri ibadətlərə dəyər və e’tibar verir. Riyakarlıq, şöhrətpərəstlik və avamları aldatmaq üçün edilən ibadət dəyərsizdir və qəbul olunmur. Qur’an buyurur: “Kim Rəbbi ilə qarşılaşacağına (Qiyamətə) ümid bəsləyirsə, Ona etdiyi ibadətə heç kəsi şərik qoşmasın!”
İmam Riza (ə) buyurur: “Hər kim ibadətini cəmiyyətə göstərib özünü tanıtdırırsa, onun dininə bədbin olun.”
Bu cür şəxslər dindən xalqı aldatmaq üçün istifadə edirlər. İxlasla olmayan ibadət cansız bədən kimidir. Qur’an buyurur: “Xalqa yalnız xalis dillə Allaha ibadət etmək tapşırılıb.”
4. Xüşu ilə ibadət
Xüşu Allahı qəlbən düşünmək və Onun əzəmətinə uyğun hal tapmaqdır. Allaha pərəstiş Onun əzəmətini düşünmək və qarşısında kiçiklik, ehtiyac hiss etməklə yanaşı olmalıdır. Qur’an mö’minlərin sifətlərini “namazda xüşu” ilə bəyan edir: “O kəslər ki, namazlarında müt’i olub boyun əyərlər!” İbadət edən şəxsin vücudunu müt’ilik (xüşu) əhatə etməlidir. Bu halı əldə etmək üçün namaz qılan şəxs elə ibadət etməlidir ki, sanki Allahı görür. Namaz qılan şəxs Allahın əzəməti və qüdrəti qarşısında öz kiçikliyini hiss etməlidir. Hədisdə buyurulur: “Allaha elə ibadət et ki, guya Onu görürsən.” Başqa bir hədisdə buyurulur: “Namazı vaxtında və sonuncu namazın kimi qıl. Elə zənn et ki, namaz və dünya ilə xudahafizləşirsən.”
5. Gizli ibadət
İnsan şeytanın tələsindən sığortalanmayıb. İbadət bir çox hallarda təkəbbür, riya və özünü nümayişlə puç olur. Bu bəladan uzaqlaşmaq üçün gizli ibadət lazımdır. Allahın rəsulu (s) buyurur: “Gizli ibadətin mükafatı daha böyükdür.” Əlbəttə, bu İslamın aşkar ibadət (cümə, həcc və camaat namazı kimi) göstəriş vermədiyi hallara aiddir. Çünki məsciddə qılınan camaat namazı evdə qılınan fərdi namazdan üstündür. Gizli ibadət bir çox hallarda riya və ibadətin puç olmasının qarşısını alır.
İBADƏTİN BƏLALARI
İnsanın qədim və and içmiş düşməni şeytan daim onun ibadətlərini puç etməyə çalışır. O, ibadətləri puç etmək üçün bu yollardan istifadə edir:
1. Riya
Allah-təalanın yox, xalqın diqqətini cəlb edib, şöhrət qazanmaq üçün ibadət edən şəxs şeytan tələsinə düşmüşdür. Bu şəxsin ibadətləri hədər olur. Şeytan vasitəsi ilə yaranmış riya bə’zən əməldən öncə niyyətdə özünü göstərir və “Allaha yaxınlıq məqsədini” məhv edir.
2. Təkəbbür
İbadət zamanı şeytan insanı özünü və ibadətlərini bəyənməyə vadar edir. Allahın adı ilə başlayan iş yarıda şeytan vasitəsi ilə puç olur. Şeytan insanı təkəbbürə düçar edir.
3. Günah
Şəksiz ki, günahlar ibadətin yaxşı tə’sirlərini məhv edir. Aylarla zəhmət çəkdikdən sonra qəflət nəticəsində xırmanı oda verən əkinçinin bütün zəhmətləri məhv olur. Günahlar ibadət tarlasını yandıran oddur.
Xülasə, şeytan insan qəlbinə axan zülal suyun yolunu kəsir, ya da qəlbə daxil olmuş suyu bulaşdırıb dağıdır.
İmam Səccad (ə) “Məkarimul-əxlaq” duasında Allahdan istəyir: “İlahi, məni özünə bəndə et, ibadətlərimi təkəbbürümlə məhv etmə. Məni əziz et, təkəbbürə düçar etmə.”
İbadət sayılan sədəqə minnət qoyulduqda puç olur: “Sədəqələrinizi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın.”
Yeni ağac əkmək o qədər də vaxt aparmır. Lakin onu qoruyub inkişaf etdirmək çətindir. Bə’zən günahlar bütün yaxşılıqları və ya bəyənilmiş mə’nəvi halları bərbad edir. Hədisdə oxuyuruq: “Atəş, odunu yandırdığı kimi həsəd də yaxşılıqları məhv edir.”
Rəvayətdə deyilir: Qürurlu abid və xəcalət çəkən fasiq məscidə daxil olur. Fasiq tövbə və peşmançılığına görə dəyişib saleh mö’min olur, lakin abid təkəbbürünə görə yolunu azır.
İbadətlərimizlə Qürrələnməyək
Qürur və təkəbbür ibadətin böyük bəlalarındandır.
Bu bəladan necə uzaqlaşmalı?
Aşağıdakı nöqtələrə diqqət yetirib namaz və sair ibadətləri puç edən bu bəlanın qarşısını almaq olar:
1. Həqiqətən ibadət etmişikmi?
Bə’zən insan boş-boş işləri qiymətli zənn edib Allaha ibadət etdiyini düşünür. Bə’zən nalayiq bir iş insanın gözündə yaxşı iş kimi cilvələnir. Bütün bunlar İblisin fəaliyyətidir. Qur’an bə’zi ayələrdə pis əməli bəzəmək məsələsinə işarə edir: “Pis əməli gözündə bəzənmiş insan onu yaxşı sayır.” “O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki, onlar yaxşı işlər gördüklərini zənn edirlər.” “Pis əməlləri onlara gözəl görünmüşdür.”
2. İbadətlərimiz qəbul olurmu?
“İbadətin qəbul şərtləri və nişanələri” mövzusunda oxuyacaqsınız ki, ibadət və namazın ən mühüm dəyəri onların qəbul olmasıdır. Allah təqvalı və saleh bəndələrdən ibadətləri, infaq və sədəqələri qəbul edir.”
İbadətin qəbuluna əmin olmayan insan ibadətlərlə qürrələnə bilərmi?!
3. İbadətlərimiz puç olmayıbmı?
Bə’zi günahlar bir ömür namaz və ibadətləri puça çıxarır. Bununla da insanlar əməl bazarından əliboş qayıdırlar. Günahla yanaşı olan namaz və ibadətlər puç olmayıbmı?! Biz bu ibadətlərlə razılaşa bilərikmi?!
4. Aqibətimiz gözəl olacaqmı?
Pis aqibətə düçar olanlar çoxdur. Gözəl aqibət ilahi övliyaların daim Allahdan istədikləri böyük ne’mətdir. Həzrət Yusif (ə) Allahdan istəyir ki, onu müsəlman öldürsün: “Mənim canımı müsəlman olaraq al.”
Ağıl sahibləri Allahdan istəyirlər ki, onları yaxşılarla birlikdə öldürsün: “Canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al.”
Bu yolda əbədi qalmaq üçün doğru yola hidayət istənilməlidir. Qur’an bir neçə yerdə bildirir ki, aqibət müttəqilərindir. Şeytan bir o qədər ibadətlə Allahın hüzurundan qovulmadımı?!
Bir ömür namaz və ibadətlərdən sonra azğın halda dünyadan gedənlər olmadımı?! Demək, hazırkı vəziyyətimizlə qürrələnməməliyik!
5. İbadətlərlə ne’mətləri müqayisə etmək
Hər bir şeyimiz Allah tərəfindəndir. Sağlamlıq, imkanlar, ruzi və hər bir ne’mət Allahın lütflərindəndir. İbadət tövfiqi də ilahi ne’mətdir. Allahın ne’mətlərinə qərq olmuşuq. O bizi səadətə çatdırmaq üçün də’vət edir, elçi göndərir, həvəsləndirir, vasitə verir, istənilən yaşda və istənilən şəraitdə qəbul edir. O, qaçanları da qəbul edir, təkrar dönüşlər və hacətlərdən yorulmur, layiq olmayan ibadətləri qəbul edir, ucuz əməlləri baha alır, eybləri örtür və başqa-başqa yüzlərlə ne’mətlər verir. İbadətlərimizi ilahi ne’mətlər qarşısında necə böyük sayaq?!
6. İbadətlərlə günahların müqayisəsi
İbadətlərimiz, yoxsa günahlarımız çoxdur? Qur’an dəfələrlə deyir: “Hara gedirsiniz?!” Hansı namaz və ibadətimiz günahlarımızın, üsyanımızın, səhlənkarlıq və e’tinasızlığımızın qarşısını ala bilər?
İmam Səccad (ə) bir duada deyir: “Pərvərdigara! Mən bir bunca günahlardan, qəflətdən və həddi aşdıqdan sonra nafilələr və müstəhəbbatlarla Sənə necə yol tapım?”
7. İbadətlərlə ehtiyacların müqayisəsi
İbadətlər axirət yolunun azuqəsidir. Qabaqda uzun və çətin yol durub. Görən bu ibadətlər uzun axirət yoluna kifayət edib, ehtiyaclarımızı ödəyəcəkmi? Həzrət Əli (ə) uzaq yol üçün az miqdar azuqəyə görə ah çəkmirdimi?!
Allaha və Onun ne’mətlərinə dünyadan çox qəbirdə, bərzəxdə, məhşər və axirətdə ehtiyaclı olacağıq. Görən ibadətlərimiz bu qədər ehtiyacları ödəyəcəkmi?
Əbu-Dərda deyir: Peyğəmbər məscidində Rizvan və Bədr əhlinin əməlləri barəsində söhbət gedirdi. Mən dedim: “Əlinin (ə) təqvası və ibadəti hamıdan çoxdur.” Bu söz onlara xoş gəlmədi və mən şahid olduğum bir xatirəni nəql etdim:
Bir gecə həzrət Əlinin (ə) xurmalıqda gizləndiyini gördüm. Onu izlədim, lakin gözdən qaçırdım. Evə getdiyini fikirləşdim. Lakin ah-nalə səsi eşitdim. O deyirdi: “Ah, o günahlara görə ki, mən Səni unutdum, lakin Sən mənə tövbə yazdın... Ah, o yandırıcı oda görə və...” O qədər ağladı ki, huşunu itirdi. Dünyadan getdiyini fikirləşdim. Xəbər vermək üçün Zəhranın (s) evinə getdim. Buyurdu: “Əlinin (ə) bu halı Allah qorxusundandır.” Sonra su gətirdim və Əli (ə) huşa gəldi. Mən də ağladım. Özünə gələn kimi dedi: “Ey Əbu-Dərda! Qiyamətdə hesaba çağrılacağım və günahkarların ilahi əzaba yəqin edəcəkləri gün məni necə görürsən?”
Bəli, böyük ehtiyaclar qarşısında layiqsiz ibadətlərlə qürrələnmək bir daha Allahın rəhməti müqabilində qəflətdir.
8. İlahi övliyaların ibadətləri ilə müqayisə
Bizim ibadətlərimiz Allahın övliyalarının ibadətləri ilə müqayisədə çox naqisdir. Onlar mə’sum olmalarına, ibadət və bəndəlikdə bütün dövrlərin qabaqcılları hesab olmalarına baxmayaraq daim Allahı düşünüb, Onun dərgahında ibadət edirdilər. Bizim kimi günahkar və ehtiyaclı insanlar daha çox ibadət etməlidir. İlahi övliyaların ibadətlərini araşdırıb, onlar haqqında düşünmək bizi namaz və dualarımızla qürrələnməkdən saxlayır. İndi isə bir neçə nümunəyə işarə edirik (mə’sumların namazları mövzusunda başqa nümunələrə də işarə olunub):
Allahın rəsulu (s) çox ibadət edib özünü əziyyətə saldığı üçün bu ayə nazil oldu: “Ta, ha! Biz Qur’anı sənə məşəqqət çəkməyin üçün nazil etmədik!”
İmam Həsən Müctəba (ə) buyurur: “Dünyada həzrət Fatimədən (s) çox ibadət edən kəs yoxdur. O qədər ibadət edirdi ki, ayaqları şişirdi.”
İmam Baqir (ə) buyurur: “İmam Zeynəl-abidin (ə) Əmirəl-mö’minin (ə) kimi gecə və gündüz min rəkət namaz qılırdı. Onun 500 cavan xurma ağacı vardı. Hər ağacın yanında iki rəkət namaz qılırdı.”
İmam Baqir (ə) nəql edir: “Yanına daxil olduqda atamın rənginin dəyişdiyini, ayaqlarının şişdiyini, gözlərinin saraldığını və alnında səcdə izi qaldığını görüb ağladım. Məni görən kimi buyurdu: Filan yazını gətir! Yazıda həzrət Əlinin (ə) ibadətlərindən bir az oxuyub buyurdu: Əli (ə) kimi kim ibadət edə bilər?!”
İmam Kazimin (ə) zindanda bə’zən bir səcdəsi sübhdən günortayadək çəkirdi. Həzrət (ə) bir parça tək yerə sərilirdi. Əgər uca mə’sumlar daim ibadətlərinin naqisliyini e’tiraf edirlərsə, bizim ibadət adlandırdığımız əməllərimizlə qürrələnməyimizin yeri yoxdur. Bizim ibadətlərimizlə ilahi övliyaların ibadətləri arasında yerlə göy arası fərq var. Beləsə, nə üçün qürrələnək?
Batil ibadətlər
Dediyimiz kimi, bəndəlik, itaət və ibadət yalnız aləmlərin yaradanı qarşısında layiqli və rəvadır. Başqa istənilən bir varlığa pərəstiş batildir. Peyğəmbərlərin hidayətindən uzaqlıq və cahillik batil ibadətlərə səbəb olur.
Allah-təala Qur’anda batil ibadətlərin dəlilsiz, faydasız olduğunu bildirir və bu ibadətləri rədd edir:
Əgər kömək üçün Allahdan qeyrisinin sorağına gedirsinizsə, bilin ki, bütün qüvvət və qüdrət Allaha məxsusdur.
Əgər izzət axtarırsınızsa, izzət Allahın əlindədir: “Bütün izzət Allaha məxsusdur.”
Əgər ruzi axtarırsınızsa, bilin ki, batil mə’budlar ruzi verməyə qadir deyillər.
Əgər başqa mə’budlar vasitəsi ilə xeyir qazanıb ziyandan uzaqlaşmaq istəyirsinizsə, bilin ki, onlar xeyir verib zərəri uzaqlaşdırmağa qadir deyillər: “De ki, Allahı qoyub sizə nə bir zərər, nə də bir xeyir verən şeylərəmi ibadət edirsiniz?!”
Əgər tağutları özünüzdən üstün hesab edirsinizsə, bilin ki, onlar da sizin kimidir. “Sizin kimi bəndələrdir.”
Əgər bütlərə pərəstişdə babalarınıza təqlid edirsinizsə, bilin ki, onlar azğınlardan olublar: “Siz də, atalarınız da açıq-aşkar azmısınız.”
Əgər qiyamət günü fəryadınıza çatacaqlarını fikirləşirsinizsə, bilin ki, onlar ibadətlərinizə göz yumub sizinlə düşmən olacaqlar: “Xeyir, tanrıları tezliklə onların ibadətini danacaq və onlara düşmən olacaq.”
Bu şəxslər heç bir səbəb və dəlil olmadan başqa mə’budların sorağına getmişlər. Etdikləri ibadət üçün heç bir dəlilləri yoxdur: “Allahı qoyub elə bir şeyə ibadət edərlər ki, Allah ona heç bir dəlil nazil etməmişdir.” Allahdan savay heç kim və heç nə pərəstişə layiq deyil. Çünki bu batil mə’budlar ya xarici vücuda malik olmayan təxəyyüldür, ya xaraktersiz və acizdir, ya da fəal olmasına baxmayaraq, müvəqqəti, məhdud, minnətçi və alçaldıcıdır. İnsan heç bir mövcuda Allaha itaətsizlik bahasına pərəstiş etməməlidir. İmam Cavad (ə) buyurur: “Hər kim başqa birinin sözünə qulaq assa ona pərəstiş etmişdir!” Demək, haqq söz dedikdə haqqın bəndəsi, batil söz dedikdə batilin bəndəsi oluruq. İmam Sadiq (ə) bir hədisdə buyurur: “Hər kəs hansısa bir mövcuda itaət edib Allahın əmrindən çıxarsa, həmin mövcuda pərəstiş etmişdir.”
Demək, batil ibadət yalnız daş, taxta, günəş və ulduzlara pərəstişlə məhdudlaşmır. Hər bir qeyri-ilahi hökumətə, qüdrətə, sözə və fikirə bağlanmaq batil ibadətdir. Hətta qeyri-ilahi ideologiyaların qəbulu da batil ibadətlərdən sayılır.
İbadət yox, bəndəlik
Qəlbən qəbul edilməyən zahiri ibadətlər dəyərsizdir. Bəndə Allahın göstərişləri qarşısında qeyd-şərtsiz təslim olmalı, şəxsi istəklərini kənara qoymalı və xalqın xoşuna gəlib-gəlməyəcəyinə e’tina göstərməməlidir. Bu nə üçün-niyəsiz təslim olma ibadətin fəlsəfəsi olan bəndəlikdir.
İblis keçmiş ibadətlərinə baxmayaraq bəndəlik ruhiyyəsi olmadığından Adəmə (ə) səcdə etmədi, Allahın göstərişindən boyun qaçırıb kafir oldu.
Xalqın peyğəmbərlərin də’vətindən boyun qaçırıb təkəbbür göstərmələrinin səbəbi onlarda bəndəlik və təslimçilik ruhiyyəsinin olmaması və nəfslərinə tabe olmaları idi. Qur’an buyurur: “Hər dəfə ürəyinizə yatmayan bir əmrlə gələn peyğəmbərə təkəbbür göstərmirdinizmi?!” “Amma xeyr! Sənin Allahına and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim tə’yin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam bir itaətlə Allahın hökmünə təslim olmayınca (həqiqi surətdə) iman gətirmiş olmazlar.”
Demək, insanın razılığı, təslimçilik və bəndəliyindən qaynaqlanan ibadət dəyərlidir. İbadət özünə bəndəlik və nəfsə tabeçilik yox, Allaha bəndəlikdir.
İlkin İslam dövründə müsəlmanlara cihad hökmü gələrkən bə’ziləri deyirdilər: “Nə üçün bu göstəriş bir müddət tə’xirə salınmayıb, indi gəldi?” “Ey Rəbbimiz! Cihad etməyi nə üçün bizə vacib etdin, nə olardı ki, bizi yaxın zamana qədər yubandıraydın...” Qiblənin Beytül-müqəddəsdən Kə’bəyə doğru dəyişilməsi hadisəsində bə’ziləri dedilər: “Niyə? Qur’an belə cavab verir: “Kimin peyğəmbərə itaət edəcəyini və kimin geri qayıdacağını (ağız əyəcəyini) bilmək üçün.”
Təslimçilik və bəndəliyin kamil nümunəsini İbrahim və İsmailin əhvalatında görürük. Həm ata Allahın göstərişinə tam itaət edib, övladını qurbangaha aparır, boğazına bıçaq çəkir; həm də İsmail deyir: “Ey ata, göstəriş veriləni yerinə yetir.”
İbrahim (ə) müt’i və təslim bəndənin kamil nümunəsidir. İstər övladını qurban etməkdə, istər Hacər və İsmaili Məkkənin susuz çöllərində tənha buraxmaqda, istər Nəmrudun oduna atılmağa hazır olmaqda!
İBADƏTLƏRİN DAVAMLILIĞI
Yolçu o deyil ki, qaçıb yorula,
Haqq yolçu yol gedir asta, aramla.
İbadətlə yanaşı bütün işlərdə ardıcıllıq və davamiyyət bəyənilmişdir. İslamın nəzərincə, davamlı kiçik ibadətlər davamsız böyük əməllərdən dəyərlidir. Qur’an deyir: “Allaha pərəstiş et, Ona ibadətdə səbirli ol!”
Allahın rəsulu (s) buyurur: “İbadətin bəlası süstlük, bə’zən əməl edib, bə’zən tərk etməkdir.”
Bir çox hədislərdə deyilir: “Allahın yanında ən gözəl iş az olmasına baxmayaraq, davamlı olan işdir!”
Tövsiyə edilir ki, başlanan hər bir iş ən aşağısı bir il davam etdirilsin.
Demək, insanda ibadət və bəndəlik ruhiyyəsinin davamlı olması mühümdür. Bə’zən məscid, dua və ibadət halına düşüb, bir müddət sonra bu işlərə tamamilə biganə yanaşmaq səmərəsizdir.
İbadətin fürsəti
Ömür sərmayəsi və fürsətlər buludlar kimi həyat səmasından ötüb keçir. Ayıq-sayıq olmaq, ötüb keçən ömürdən faydalanıb Allaha bəndəlik etmək lazımdır. Gözəl bir hədisdə həzrət Əli (ə) buyurur: “Gecə və gündüz səninlə işləyir, sən də onlarla işlə. Onlar səndən alırlar, sən də onlardan al.”
Gecə və gündüz xərclədiyimiz ömür sərmayəsindən nə əldə edirik? Allahın rəsulu (s) buyurur: “Dünya bir saat və bir andan çox deyil. Onu Allaha itaət yolunda sərf edin.”
Əgər bə’zi şəraitlərdə ibadət imkanı azdırsa çalışmaq, imkan tapmaq daha azad mühitə gedib Allaha pərəstiş etmək lazımdır. Çünki məkan və zaman darlığı Allaha pərəstişdən uzaqlaşmaq üçün bəhanə deyil: “Şübhəsiz ki, mənim yerim genişdir. Buna görə də mənə ibadət edin!”
İbadətin çətinliklərinə dözmək
Allahpərəstlik yolunda çətinliklər də mövcuddur. İstər xalqı Allah düşüncəsindən çəkindirən tağutlar, istər dindarları məsxərəyə qoyan dinsizlər, istər insanı ibadətdən çəkindirməyə çalışan nəfs və şeytan, istər maneçilik törədən hər bir amil tərəfindən çətinliklər yaranır.
Yoxsa, İslam Peyğəmbərini (s) namaz zamanı Kə’bədə incitmirdilər?!
Yoxsa, mübariz müsəlmanlar allahpərəstlik xatirinə tağut işgəncələri altında can verməyiblər?!
Yoxsa Bilal Həbəşilər kimilərə Allah yolunda şallaq vurulmadı?!
Allah adamları heç bir halda Allaha pərəstişdən və dinin icrasından əl çəkmədilər. Həzrət Zeynəb (ə) gördüyü bütün müsibət və şəhadətlərə baxmayaraq Kufə və Şama səfər zamanı gecə namazını tərk etmədi. Baxmayaraq ki, halsızlıqdan ayağa qalxa bilmirdi!
Ümmətin İmamı (r) ömrünün axırıncı gecəsi ölüm yatağında ikən müstəhəb namazlardan əl çəkmədi.
Haqq yolun can bahasına keçilən çətinlikləri vardır. Bu yolda düşmənlərdən qorxmaq lazım deyil. Həzrət Əli (ə) buyurur: “Haqq yolunda yolçuların azğınlığına görə qorxmayın.” Bə’zən nə isə almaq, yemək-imək və ya başqa bir məqsədlə israr edir, avtobusu saxlatdırırıq. Amma namazın vaxtı çatdıqda maşını saxlamaq üçün cəhd göstərmirik!
İbadətin Tövsiyəsi
Allahpərəst mö’min öz namaz və ibadəti ilə kifayətlənməyib, başqalarını da Allaha pərəstişlə tanış etməli, ibadət mədəniyyətinin genişlənməsi üçün çalışmalıdır. Haqqa çağırış və təbliğ hər bir mö’minin vəzifəsidir. Allah iman və saleh əməldən sonra insanı haqqa və səbrə də’vət edir: “...O kəslər ki, iman gətirib, yaxşı əməllər etdilər, haqqa çağırdılar və səbri tövsiyə etdilər.”
On nəfər siqaret çəkən bir yerə daxil olsalar, az vaxt ərzində bir çox insanları tüstü ilə tanış edəcəklər. Bir neçə günahkar bütöv bir şəhəri fəsada bürüyür. Nə üçün bir dəstə ibadət və namaz əhli xalqa Allahı tanıtdırıb, mühiti Allaha pərəstiş məkanına çevirməsin?!
Bütün qüvvəmizlə evdə, küçədə, məktəbdə, idarədə, şəhər və kəndlərdə ilahi hədəflərimizi tövsiyə edib, bacarığımızı göstərməliyik.
“Namazın sirləri” Kitabından