Zəkat digər ilahi dinlərdə mövcuddurmu?



1. Zəkat təkcə İslam dininə məxsus deyil. Əksinə, bundan öncəki dinlərdə də var idi. Zəkat (və namaz) bütün səma dinlərindəki müştərəklərdəndir.

Həzrət İsa (ə) beşikdə dilə gəldi və dedi: “O, mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu.”[1]

Həzrət Musa (ə) Bəni-İsrailə xitab edib buyurdu: “Namaz qılın və zəkat verin.”[2]

Quran həzrət İsmail (ə) barəsində buyurur: “O öz ümmətinə namaz qılmağı, zəkat verməyi əmr edirdi.”[3]

Həmçinin bütün peyğəmbərlər barəsində belə gəlibdir: “Biz onları əmrimizlə doğru yola gətirən İmamlar etdik. Biz onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik.”[4] “Halbuki onlara əmr edilmişdi ki, Allaha ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!”[5] ayəsinə əsasən də aydın olur ki, bütün səma dinlərində namaz və zəkatın bənzəri vardı.

2. Mərhum Əllamə Təbatəbai “Zəkat” mövzusu haqda etdiyi bəhslərinin birində deyir: “İctimai qanunlar özünün kamil formasında ilk dəfə olaraq İslam dini tərəfindən təyin edilmişdir. Lakin onların bünövrəsi İslamdan qabaq da mövcud olmuşdur. Çünki insanın fitrəti həmin qanunların bütövlüyünü bütün zamanlarda düşünmüş və dərk etmişdir. Məhz buna görə də İslamdan öncə gələn dinlərdə, habelə qədim yunan qanunlarında cəmiyyət barədə bəzi fəlsəfi fikirlərin şahidi oluruq. Hətta deyə bilərik ki, tarix boyu yaşamış bütün cəmiyyətlər arasında insanların əmlak hüquqları qorunmuşdur. Deməli, formasından asılı olmayaraq, bütün cəmiyyətlər öz inkişafında, tərəqqi və təkamül yolunda iqtisadi amillərdən asılı olur.\"

Məkkə surələrində zəkat məsələsinə çox işarə olunubdur. O cümlədən “Ə`raf” surəsi, ayə 156; “Nəml” surəsi, ayə 3; “Loğman” surəsi, ayə 4; “Fussilət” surəsi, ayə 7 və . . . Təfsir alimlərinin arasında bu ayələrin ətrafında fikir ayrılığı vardır. Bəziləri bu ayələri müstəhəb zəkata məxsus bilirlər.[6] Digərləri isə deyirlər ki, zəkat hökmü Məkkədə nazil olub. Amma müsəlmanların azlığı və zəkat pulunun olmamasına görə, camaat özləri zəkatı verirdilər.[7]

Mədinədə İslam hökuməti təşkil olunandan sonra camaatdan zəkatın alınması, onun beytül-mala qatılması və İslam hakiminin ixtiyarında olması məsələsi müzakirə olundu.

“(Ya Məhəmməd!) Onların mallarından sədəqə (zəkat) al.”[8]

Bu ayə, hicrətin 2-ci ilində mübarək ramazan ayında Mədinədə nazil oldu. Peyğəmbər (s) tapşırdı nida etsinlər ki, Allah-Taala zəkatı da namaz kimi vacib etdi.[9]

İslam hökumətinin təşkilindən və beytül-mal təsis olandan sonra zəkat müəyyən plan əsasında icra edildi. Onun üçün müəyyən miqdarlar və hədlər təyin olundu.[10]

Bəziləri bu əqidədədirlər ki, Peyğəmbərə (s) zəkatın alınması əmr olunanda, onun sərf olunması (xərclənmə yerləri) “Tövbə” surəsinin 60-cı ayəsində dəqiq şəkildə bəyan olundu. Təəccüblü deyil ki, zəkatın alınması həmin surənin 103-cü ayəsində və xərclənməsi də 60-cı ayədə hicrətin doqquzuncu ilində nazil olubdur. Çünki, yaxşı bilirik ki, Quran ayələri, nazilolma tarixi əsasında toplanmayıb. Onların hər biri Peyğəmbərin (s) fərmanıyla müəyyən bir yerdə qoyulub.[11]


[1] Məryəm surəsi, ayə 31.

[2] Bəqərə surəsi, ayə 43.

[3] Məryəm surəsi, ayə 55.

[4] Ənbiya surəsi, ayə 73.

[5] Bəyyinə surəsi, ayə 11.

[6] Təfsiri-Nümunə, 8-ci cild, səh.9.

[7] Nur təfsiri, “Tövbə” surəsində 60-cı ayənin şərhi.

[8] Nur təfsiri, 5-ci cild, səh.87.

[9] Nur təfsiri, 5-ci cild, səh.137.

[10] Təfsiri Nümunə, 14-cü cild, səh.19.

[11] Təfsiri Nümunə, 8-ci cild, səh.9.


Möhsün Qiraəti


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter