\"Qəlbİm təmİzdir deyənlər\"ə qəlbin təmizliyi kifayət edİrmİ?


Qəlbim təmizdir deyənlər üçün

Yaşadığımız cəmiyyətdə insanlara nəzər salıb görürük ki, əksər insanlar danışarkən əsas insanın qəlbidir, qəlbin təmiz olsun – sözündən çox istifadə edirlər. Maraqlı budur ki, görəsən bu qəlb təmizliyi nədir? Quranda bildirilən qəlb təmizliyi ilə cəmiyyətdə tez-tez işlədilən “ qəlbin təmiz olsun ” cümləsi arasında böyük fərq var. İnsanın “qəlbim təmizdir, heç kimlə işim yoxdur, kiməsə pislik etmirəm, hərdən sədəqə də verirəm, Allahın yolundayam “ – deməsi özünü aldatmaqdan başqa bir şey deyil. Olsun ki, insan bəzən sədəqə verib ya heyvanlara yem verməklə və ya qonşularla deyib-gülməklə cəmiyyətdə yaxşı insan kimi tanına bilər, amma cəhənnəmdən xilas olmanın, Allah razılığını qazanmanın yolu heç də yaxşı insan kimi tanınmaq deyil. Quranın təsvir etdiyi şəkildə mömin olmaqdır. Allah “ Bəqərə ” surəsi ayə 177 də buyurur :Yaxşı əməl heç də üzünü gün çıxana və gün batana çevirməkdən ibarət deyil, yaxşı əməl sahibi əslində Allaha, Axirət gününə, mələklərə, kitaba və Peyğəmbərlərə inanan, məhəbbəti yolunda malını qohuma, yetimlərə, yoxsullara, müsafir və dilənçilərə sərf edən, namaz qılıb zəkat verən kimsələrdir. Görəsən, insan Allahın insan üçün nazil etdiyi Qurana riayət edirmi ki, deyir qəlbim təmizdir? Görəsən insanın dediyi “ qəlbin təmiz olsun kəlməsi “ düzgündür, yoxsa Allahın nazil etdiyi ayə? Məgər insanı Allah yaratmayıbmı? Əgər qəlbdən söhbət gedirsə, o qəlbi yaradan Allah deyir ki, qəlblər Allahı zikr etməklə aram və təmiz olar, amma qəlbi dünya ilə məşğul olan insanın utanmadan qəlbim təmizdir deməsinə nə ad vermək olar? İnsanın şərab içmirəm, qumar oynamıram, kimsəyə söz atıb namusuna toxunmuram və ya yalan, qeybət və zinadan uzağam deməsi onun qəlbini heç də təmiz etməz. Qumar oynamırsan çox gözəl, oynasan sən müflisləşərsən, Allahın xəzinəsindən zərrəcə azalmaz. Kimsəyə söz atıb yalan və qeybət etmədiyini iddia edirsənsə, əgər etsən sən özün hörmətdən düşəcəksən, Allah düşməz. Zina etsən bir çox (GİDS və s. kimi ) xəstəliklərə sən tutulacaqsan. Şərab içmirsən lap əla təhlükəsizliyin qorunar, namusa sataşmırsansa, Peyğəmbər demişkən əsil kişisən. Bütün bunları edib və etməməyinin Allaha nə xeyri və nə ziyanı var ki, deyirsən qəlbim təmizdir. Dünya kitablarından nələr bilən, nə qədər şer, dastan, romantik, dedektiv və s. kitablar oxuyan insan, bir nağıl və ya bir əlifba kitabı qədər də Qurana hörmət qoymayan, soruşsan bir ayə belə öz İlahi kitabından bilməyən , bir sözlə Allahı unudub öz başına yaşayan insan deyir ki, əsas qəlbdir, qəlbin təmiz olsun. Çox gülünc eyni zamanda da ağlamalıdır. Əli (ə. s) əziz övladı İmam Həsənə buyurur: “ Ey övladım! Sənə Allahdan qorxmağı, Onun əmrlərinə itaət etməyi, Onu zikr etməklə qəlbini abad etməyi tövsiyə edirəm “. ( Nəhcül-Bəlağə, məktub 31 )

Sonda demək istərdim ki ,insan həyatda kimdənsə nümunə, örnək və ya təlim götürməsə, yaşaya bilməz, şübhələr qarşısında diz çökməli olar. Əgər dünya tarixinə bir an səyahət edib, əziz Nübuvvət və İmamətimizin həyatlarına nəzər salsaq o zaman qəlbimizin nə qədər təmiz olduğunu görərik. Görərik ki, O şəxsiyyətlər dünyadan başqa hər şeyə sahib idilər. Amma bizimsə sahib olduqlarımız, dünya malından, yaraşıqlı geyimlərdən, dadlı yeməklər, bahalı minik və hündür mərtəbəli evlərə sahib olmaqdan başqa bir şey deyil. Əgər qəlblər Allahı, Nübuvvəti və İmaməti görmürsə demək, o qəlblər təmiz deyil, o qəlblər dünya adlı bir xəstəliyə tutulmuşdur.

İlahi pərvərdigarə! Bizim qəlblərimizi saleh əməllərimizin vasitəsilə təmiz et və günahlarımızı əfv et.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter