Mövlud və şəhadət günlərİnİn qeyd edİlməsİ düzgübdürmü?


Birinci sübut:

Quran Peyğəmbərə hörmət edənləri tərif edir:
\"Ona (O Peyğəmbərə) iman gətirən, hörmət edən, yardım göstərən və onunla (Onun peyğəmbərliyi sayəsində) endirilmiş nurun (Quranın) ardınca gedənlər − məhz onlar nicat tapanlardır.” /Əraf surəsi, 157-ci ayə/.
Ayədə − 1) iman gətirən, 2) hörmət edən, 3) yardım göstərən, 4) nurun ardınca gedən − kəlmələri işlənmişdir.
Bu kəlmələrin mənası yalnız Peyğəmbərin yaşadığı zamanamı aiddir? Sözsüz ki, yox. Əgər bu üç kəlmə (iman gətirmək − kömək etmək − nurun ardınca getmək) üçün belə bir fikir irəli sürmək olmazsa, deməli \"ehtiram edin” kəlməsi də təkcə Peyğəmbərin zamanına aid ola bilməz. Çünki bu əziz rəhbərə (Peyğəmbərə) həmişə ehtiram olunmalıdır.
Məgər, bəsət (həzrəti Mühəmmədin (s) peyğəmbərliyə seçildiyi gün) və mövlud (viladət) günlərində məclis təşkil edib nitq söyləmək və şer oxumaq ehtiram sayılmırmı? Çox təəccüblüdür! Vəhhabilərin özləri əmirlərin, rəislərin və vəzifəli adamların müqabilində təzim və ehtiram edib adi bir bəşərə o qədər yüksək qiymət verirlər ki, bu ehtiramın heç yüzdə birini Peyğəmbərə, onun minbərinə və mehrabına etmir. Hələ bu azmış kimi, bunu haram bidət və İslama zidd bir əməl kimi qələmə verirlər. Nəticədə isə İslamı bütün dünya millətlərinə quru, duyğusuz və biganə bir din kimi tanıtdırırlar. İslamı öz rəhbərlərinə ehtiram etməyən, bəşəri özünə cəlb etməyən din kimi təbliğ edirlər.

İkinci sübut:

Vəhhabilər Allah yolunda şəhid olanlar üçün əza məclisi təşkil etməklə müxalifdirlərsə, onda Həzrəti Yəqubun əhvalatına nə kimi bəhanə gətirə bilərlər?
Əgər bu böyük peyğəmbər (Yəqub) vəhhabilər arasında yaşasaydı, onun haqqında necə hökm verərdilər?
O, gecə-gündüz Yusifdən ayrı düşdüyünə görə ağlayır və hər kimi görürdüsə oğlunu ondan xəbər alırdı. Qəm-qüssədən o qədər ağladı ki, gözləri kor olmuşdu.
Yəqub xəstələnməklə və kor olmaqla oğlu Yusifi yaddan çıxarmadı. Əksinə, oğlu ilə görüşəcəyinə inandıqca qəlbi daha da şölələnir və uzaqdan-uzağa Yusifin iyini hiss edirdi.
Nəyə görə həyatda belə bir məhəbbət və mehribanlıq düzgün və həqiqi tovhid sayılır, lakin onun ölümündən sonra insanın qəlbi daha da kədərli olmasına baxmayaraq belə müqəddəs adamları yad etmək haram və şirk sayılır? İndi əgər, bizim zəmanənin Yəqubları hər il övladları Yusiflərin il dönümünə yığışmaqla onları yad edirlərsə və belə adamların əxlaqi və pak xüsusiyyətlərindən söhbət açırlarsa, onlara ibadətmi etmiş olurlar?

Üçüncü sübut:

Əhli-beyt və yaxınlara mehribanlıq edib onları dost tutmaq, sözsüz ki, İslamın vacib əməllərindən biridir. Quran açıq-aydın bizi bu əmələ dəvət edir. On dörd əsrdən sonra bir nəfər bu məzhəbi fərizəyə əməl etmək istəsə, nə etməlidir? Məgər onların şad günlərində şad olmaq və qəmli günlərində qəmgin olmaq günahmı sayılır?
Öz qəlbini şad etmək üçün məclis təşkil edib, bu məclisdə onların fədakarlığından, məzlumluğundan və hüquqlarının tapdalanmasından söhbət açmaq Əhli-beytə mehribanlıq sayılmırmı?
Vəhhabilər isə deyirlər:
\"Məhəbbət və mehribanlıq sinələrdə və ürəklərdə həbs olunmalıdır və heç kim bu mehribanlığı açıq-aşkar izhar edə bilməz.”
Peyğəmbərin zamanında və ondan sonrakı vaxtlarda, müxtəlif mədəniyyətə və adət-ənənələrə sahib olan millətlər və tayfalar İslama üz tuturdular. Və şəhadət verməklə onların İslamı qəbul olunurdu. Peyğəmbər və ondan sonrakı rəhbərlərin heç biri təftiş komissiyası yaratmaqla bu millətlərin adət-ənənələrini məhv etməyiblər.
Böyüklər üçün hörmət edib, məclis təşkil etmək bütün qərb və şərq millətlərinin adət-ənənələridir. Hal-hazırda həm qərbdə, həm də şərqdə mumiyalanmış cəsədləri və dəfn olunmuş rəhbərləri ziyarət etmək üçün saatlarla növbələr olur.
Heç vaxt müşahidə olunmayıb ki, Peyğəmbər adət-ənənələri araşdırdıqdan sonra onların İslamını qəbul etməsin. Əksinə, onların verdiyi şəhadətlə kifayətlənirdi. Bu əməllər heç də haram və şirk sayılmır.

Dördüncü sübut:
Həzrəti İsa (ə) böyük Allahdan səmavi süfrə istəyir və bu süfrənin nazil olan günün bayram təyin edir.
\"Məryəm oğlu İsa dedi: Ya Allah, ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir möcüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!”
Məgər əziz Peyğəmbərin dəyəri Həzrəti İsaya nazil olan süfrədən azdırmı? Həzrəti İsa bu süfrənin İlahi nişanə olduğu üçün nazil olduğu gününü bayram kimi qeyd edir. Məgər Peyğəmbər Allahın ən böyük nişanəsi sayılmırmı? Vay olsun o kəslərə ki, qarın doyurmaq üçün süfrənin nazil olduğu günü bayram kimi qeyd edir, amma Quranın nazil olmasını və insanları təkamülə hidayət edən Peyğəmbərin besətini bayram etmirlər.
Beşinci sübut:
\"Sənin ad-sanını ucaltmadıqmı?!”
Peyğəmbərin mövludunu bayram kimi qeyd etmək, onun ad-sanını ucaltmaq. Məgər Quran ayələri bizim üçün nümunə deyildirmi?


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter