Din nədir?


Din – peyğəmbərlərin Allah tərəfindən bəşəriyyəti hidayət etmək və onlara yol göstərmək üçün gətirdiyi bir sıra elmi, əxlaqi və əqidəvi göstərişlərdən ibarətdir. Bu əqidələrə e`tiqad bəsləyib onun göstərişlərini yerinə yetirmək insanın hər iki dünyada səadət və xoşbəxtliyini tə`min edir. Deməli, biz dindar olub Allahın, Peyğəmbərin göstərişlərinə tabe olsaq, həm müvəqqəti olan bu dünyada, həm də əbədi bir aləm olan axirət dünyasında sonsuz xoşbəxtliyə nail ola bilərik.
Bildiyimiz kimi, yalnız o şəxslər həqiqi xoşbəxtlik və səadətə nail ola bilərlər ki, həyatda düzgün hədəfə malik olsunlar, səhv və azğın yolda olmasınlar, yaxşı və bəyənilən əxlaqa, insani keyfiyyətlərə yiyələnsinlər, yaxşı işlər görərək, təlatümlə dolu olan dünya həyatında xatircəm, qüvvətli və aram qəlbə malik olsunlar.
İlahi din bizləri məhz həmin səadət və xoşbəxtliyə doğru aparır; din olmadıqda isə həqiqi səadət və xoşbəxtliyin gerçəkləşməsi mümkün deyildir. Dini əqidələr insanın qəlbində yerləşən və hər bir halda onunla olub, onu rəzalətlərdən, yaramaz əməllərdən saxlayaraq insani fəzilətlərə doğru sövq edən məxfi polisə bənzəyir.
İman insanın ən güclü, möhkəm və e`tibarlı sığınacağıdır. İmanlı şəxslər həyatın enişli-yoxuşlu yollarında heç vaxt qorxuya, qəm-qüssəyə düçar olmurlar. Allaha pərəstiş edənlər heç bir xoşagəlməz hadisə qarşısında özlərini itirmir, alçaqlıq və həqarət hissi də keçirmirlər; çünki onlar, Xaliqin qeyri-məhdud və mütləq qüdrətinə arxalanmışlar; bütün hallarda Onu yad edir və yalnız Ona sığınırlar. Belə insanlar həmişə xatircəm, aram və güclü qəlbə malik olurlar.
Dinimiz bizə gözəl əxlaqa, insani keyfiyyətlərə malik olmağı tövsiyə edir, mümkün qədər yaxşı və bəyənilən işlər görməyə çağırır.
Buna əsasən din üç hissəyə bölünür:
1. Etiqadlar;
2. Əxlaq;
3. Əməl.
Qısa şəkildə qeyd olunan bu bəndlər əziz oxucular tərəfindən qəbul olunsun deyə, onları şərh etmək lazımdır.
Etiqatlar
Biz öz fitrətimizə və əql qüvvəmizə müraciət etdikdə başa düşürük ki, heyrətamiz bir quruluşa, dəqiq qanunauyğunluqlara malik olan varlıq dünyası öz-özünə, təsadüf üzündən yarana bilməz; həmçinin insanı heyrətə gətirən bu varlıqlar sistemi, onu nizamlayıb tənzim edən bir qüvvə olmadan vücuda gələ bilməz. Şübhəsiz, bunlar sonsuz qüdrət və elmə malik olan bir Yaradan tərəfindən xəlq edilmişdir. Belə ki, O, bu böyük və əzəmətli dünyanı yaratdıqdan sonra varlıq aləminin hər bir yerində dəyişilməz və sabit qanunlar bərqərar edərək yaradılış dünyasını çox dəqiq nizam əsasında idarə edir. O, heç bir şeyi əbəs yerə yaratmamışdır, heç bir varlıq dünyaya hakim kəsilən ilahi qanunlardan xaricdə deyildir.
Mərhəmətli Allahın öz yaratdıqlarına qarşı bu qədər lütf və mehribanlıq göstərməsini nəzərə alaraq, Onun, yaradılış aləminin şah əsəri olan insanı öz başına buraxmasını təsəvvür etmək olarmı?! Görəsən insan adlı həddən artıq mürəkkəb bir məxluqa yol göstərmədən, bəşər cəmiyyətini, onun əksər hallarda nəfsani istəklər əsiri olan, nəticədə azğınlığa, bədbəxtliyə düçar olan əqlinə həvalə etməsi mümkündürmü?! Əlbəttə, bu sualların cavabı hamıya gün kimi aydındır.
Deməli, Allah-taala bəşəriyyəti düzgün yola istiqamətləndirmək üçün, hər növ səhv və xətadan uzaq olan peyğəmbərlər göndərməlidir ki, insanlar o göstərişlərdən istifadə etməklə əbədi səadət və xoşbəxtliyə nail olsunlar.
İnsan, bu dünyada dini göstərişlərə əməl etməyin fayda və tə`sirlərinin tam şəkildə aşkar olmadığını, yaxşı əməl sahiblərinin öz həqiqi mükafatlarını almadığını, eləcə də zalım və pis insanların öz əməllərinin nəticəsini görmədiyini müşahidə etdikdə, hər bir şeyin öz ədalətli həllini tapması üçün bu dünyanın yetərli olmadığını başa düşür; belə hökm edir ki, başqa bir aləm də olmalı və orada insanların əməlləri dəqiq şəkildə araşdırılmalıdır; xeyir işlərə görə mükafatlanmalı, çirkin və yaramaz işlərə görə isə cəzalanmalıdır. İlahi dinlər insanları bu və sonradan müfəssəl şəkildə bəyan olunacaq sair haqq e`tiqadlara təşviq edir və onları cəhalət, nadanlıq və qəflətdən uzaqlaşdırır.
Əxlaq

Dini təlimlər bizə öyrədir ki, həyatda bəyənilən sifətlərə və gözəl əxlaqa malik olaq, özümüzü gözəl insani səciyyələrlə zinətləndirək, öz vəzifə və məs`uliyyətlərimizi başa düşüb xeyirxah olaq, insanları sevək, mehriban, vəfadar, xoşəxlaq, gülərüz və ədalətli olmağa çalışaq, haqqımızı müdafiə edək, öz hüquqlarımızın həddini aşmayaq, xalqın canına, malına və namusuna toxunmayaq, elm və ədəb öyrənmək yolunda əlimizdən gələni əsirgəməyək, nəhayət ədalət və mö`tədilliyi həyatımızın bütün yönlərində tətbiq edək.
Əməl

Dini təlimlərdə bizə göstəriş verilir ki, həyatda insanın həm özünün, həm də cəmiyyətin mənafeyinə uyğun olan bə`zi işləri yerinə yetirək, fitnə-fəsad və azğınçılıq yaradan işlərdən uzaq olaq; bundan əlavə, bizə əmr olunur ki, Allaha sitayiş edərək namaz qılıb oruc tutaq və Allaha itaət və bəndəçilik nişanələri olan müəyyən əməlləri yerinə yetirək.
Məlum olduğu kimi, dinin gətirdiyi və insanları ona tərəf də`vət etdiyi qayda-qanunların bə`ziləri e`tiqad, bə`ziləri əxlaq və bə`ziləri isə əməllə əlaqədardır ki, onların qəbul və ya əməl edilməsi əbədi xoşbəxtliyin yeganə vasitəsidir. Əks təqdirdə, insan həqiqətdən uzaqlaşaraq, gözəl əxlaq və yaxşı əməllərdən məhrum olar, heç vaxt həqiqi səadətə nail ola bilməz. shia.ru


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter