Həya İlə İmanın nə əlaqəsİ var?!


\"Həya ilə imanın nə əlaqəsi var?!”
Bismillahi və billahi və fi səbilillahi və əla milləti rəsulillah (s)
Bildiyiniz kimi, insan çox mürəkkəb bir varlıqdır və bu mürəkkəbliyin səbəbləri onun batini aləmində yatan rəngarəng fitri istedadlardır. Bu varlığın tam mahiyyətini yalnız onu yaradan Uca Xaliq bilir. Amma bu istedadlarla tanışlıq yolları və onları tanıyaraq əldə etmək insan üçün qadağan olunmayıb. Əksinə bu iş, yəni araşdırma aparmaq bəyənilmiş fel hesab olunur. Lakin insanların çoxu müxtəlif səbəblərə görə öz batini aləmində olan yollarla tanışlıqdan və bu aləmdə mövcud olan bəyənilmiş və gözəl istedadları tanıyıb onlardan bəhrələnə bilmirlər. Bunun amillərindən biri dünyanın aldadıcı zahiri gözəlliyidir. Bu gözəlliklər insan nəfsini özünə heyran etmişdir. Bu heyranlıq insanı qəflət yuxusuna aparıb. Gözəl və bəyənilmiş istedadları sifətlər və ya xasiyyətlər də adlandırmaq olar. Niyə tanımağı (mərifəti) tapmaqdan əvvəl qeyd etmişik? Çünki, dərin və böyük okeanda çox varlıqlar həyat sürür. Lakin onların arasında olan varlıqların hamısı insan həyatı üçün faydalı deyil. Bəzi varlıqlar vəhşi və təhlükəli, bəziləri isə yaxşı və çox faydalıdırlar. Əgər biz onları biri-birindən tanımamış, (mərifətlə) onları ayırd etməsək, onların düzgün istifadəsindən məhrum olarıq. Məhz bu baxışdan insan özündən agah olmaq üçün gərək öz batini aləmi ilə tanış olsun. O pislikləri və gözəllikləri bir-birindən ayırmaqla onların insan həyatına nə kimi xeyr və nə kimi şər bəxş etməsini əldə edir. İlahinin gözəl nemətləri sonsuzdur və bu nemətlərdən biri də insan fitrətində qoyulmuş həya (ismət) adlı xasiyyətidir. İlkin yaranışdan bu gözəl sifəti ilə tanınan insanlar İlahi dərgahda xüsusi məqam sahibi olublar. Bu sifət ilə zinətlənən insanların məqamı sözsüz ki, mələklərin məqamından qat-qat üstündür. Əgər Qurani-kərimə nəzər salsaq görərik ki, Ulu Tanrı iman gətirmiş şəxslərə böyük-böyük müjdələr verir. Amma Allahın dininə iman gətirməyənlər isə ağır əzabla xəbərdarlıq olunurlar. Belə bir sual meydana çıxa bilər ki, iman gətirməklə həya (ismət) mövzusunun nə əlaqəsi var?

Cavab: Çox böyük əlaqəsi var. İman özü insanın ruhiyyəsində qərarlaşan sifətdir. Bu sifət özü bütöv bir məfhumdur. Onun zahiri görünüşü insanın əməl və rəftarında öz dərəcəsini büruzə verir. (Təcalla olur.) Bütöv bir məfhum bir neçə hissələrdən təşkil olunur. Bütöv bir vücud olan imanın formasının tən yarısı həya, ismətdir. Necə ki, Allah rəsulu (s. ə. a. v. s. ) buyurmuşdur:

\"Həyası (isməti) olmayanın imanı da olmaz.”

Bir halda ki, dünya və axirət səadəti insanlara verilən müjdələr, xoşxəbərlər iman gətirməkdədirsə bu imanın da tən yarısı Peyğəmbər tərəfindən bəyan olunmuş həyada, ismətdədir. Bu baxımdan əgər biz iman əhli, yəni mömin olmaq istəyiriksə gərək qabaqcadan həyalı və ismətli olaq ki, dünya və axirət səadətindən məhrum olmayaq. Allahın verdiyi vədələr, müjdələr və xoş xəbərlər bizim də halımıza şamil olsun.

Pərvərdigarın nəzərində bütün insanlar, istər qadın, istərsə kişi, həyalı olmalıdırlar. Bu sifəti təkcə qadına və ya təkcə kişiyə nisbət verməklə kifayətlənmək olmaz. Çünki, bu fəzilətli xasiyyət bütün bəşər üçündür. Ümumi bir məfhum var ki, bütün gözəlliklər, yaxşılıqlar Allahdan və bütün pisliklər, çirkinliklər isə insanın özündəndir. Deməli, Allahdan hər nə yaxşı şey istənilərsə o da Allahın bəyəndiyi şey olarsa, o şeyin həqiqi və mütləq sahibi Pərvərdigarın özüdür. Həya və ismət də gözəllik və yaxşılıq olduğu üçün bunun əslini öz sahibindən istəyirik. Necə ki, əzəmətli \"Cövşən Kəbir” duasında qeyd olunub: \"Ey həya (ismət) istəyənə, həyanı (isməti) bəxş edən...” Hər bir şeyin qoyduğu təsir nəticəsində onun yaxşılığı, gözəlliyi və ya pislik və çirkinliyi məlum olur. Biz həyalı və həyasız kəslərin əmməllərinə ibrət gözü ilə nəzər salmalıyıq.

\"Həyalı şəxs”

1. Özü ilə yanaşı bütün varlıqların Allahdan olmasını dərk edən kəs;

2. Yaradılışda özünün zəif və aciz olduğunu dərk edən kəs;

3. Vəzifəsinin bəndəçilikdə olduğunu dərk edən kəs;

4. İlahinin onun üzərinə qoyduğu vacib əməlləri icra edən kəs;

5. Günahlardan və haramlardan uzaq qaçan kəs;

6. İlahi qanunların ictimaiyyətdə icra olunması üçün zəminə (şərait) yaradan kəs;

7. Xalqı haqqa və doğru yola dəvət edən kəs;

8. Özünün qüdrəti olduğu halda digərlərinə, xalqa hakim olduğu halda isə xalqa zülm etməyən kəs;

9. Bir kəsin ona göstərdiyi etimadı doğruldan, xalqa hakim olduğu zaman xalqın etimadını doğruldan kəs; yəni hər iki halda xəyanətkar olmayan kəs;

10. Nəhayət, hər vaxt günah ilə, haram işlərlə üzləşdikdə özünü Allahın hüzurunda görən kəs.


\"Həyasız şəxs”

1. Özünün və digər varlıqların Allahdan olmamasını düşünən kəs;

2. Yaradılışda özünün güclü olmasını bilən kəs;

3. Özünü bəndə ünvanında görməyən kəs;

4. Allahın onun üçün təyin etdiyi vacib əməlləri yerinə yetirməyən və bilərəkdən bu əməlləri tərk edən kəs;

5. Hər növ günah ilə üzləşdikdə günahı bilərəkdən həyata keçirən kəs;

6. İlahi qanunların ictimaiyyətdə icra olunmasının qarşısını alan, ona qadağa qoyan kəs; buna nümunə kimi orta məktəblərdə və bir çox ictimai yerlərdə tətbiq olunan hicab qadağası;

7. Xalqın haqqdan uzaq düşməsi və insanların mənəviyyatının korlanması üçün plan hazırlayan kəs;

8. Qüdrət və fiziki gücə malik olduqda başqalarına və xalqa hakim olduğu halda xalqına zülm edən kəs;

9. Bir kəsin ona göstərdiyi etimadı doğrultmayan, ona xəyanət edən, hakim olduğu halda isə xalqın etimadını doğrultmayıb xalqa xəyanət edən kəs;

10. Nəhayət, hər vaxt günah işlərlə, haramlarla üzləşdikdə özünü Allah hüzurunda görməyərək həqiqətdən qafil olan kəslər.

Əziz oxucular bu mövzunu mütaliə etdikdən sonra \"həyanın” insan üçün nə dərəcədə vacib olmasını özünüz dəyərləndirin. Bu yazı Müqəddəs İlahi Kitab və Əhli-beyt (ə) maarifinə əsaslanaraq aciz və zəlil bəndə tərəfindən qələmə alınıb.

İlahi! Bizləri hər iki dünyada ismətlilərlə birgə məhşur et!

Amin Ya Rəbbəl-aləmin!
Hacı Elçin


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter