Yalanın neçə forması vardır


Yalan əxlaqi rəzil xüsusiyyətdir ki, günahı çox böyükdür. Yalanın yeddi forması vardır: 1. Allaha töhmət vurmaq, 2. Allahın xəlq etdiyinə töhmət vurmaq, 3. Allahın xəlqini aldatmaq, 4. riya, 5. fəsadtörədən yalan, 6. intriqa yaradan yalan, 7. zarafatla deyilən yalan.

Peyğəmbəri-Əkrəm (s) buyurur: \"Vay olsun o kəsə ki, başqaları gülsün deyə zarafatla yalan deyər”. Bəli, bu, şeytanın bir tələsidir. Şeytan azdan başlayır, ancaq nəfsi-əmmarə azla qane olmur.

Bəli, yalan söyləyən insan bu işə o qədər adət edir ki, Allaha da yalan söyləyir. Allaha deyər ki, \"Allahım! Sənin haqqına and olsun, mən yaxşı insanam. Sən yersiz yerə məni cəhənnəmə göndərmək istəyirsən”. Quran buyurur: \"Necə qəribə yalançıdır”. Bu, necə ola bilər ki, o qədər hesab arasında, Qiyamətin o qədər heybəti qarşısında bu cür insanlar hələ də yalan söyləyə biləcəklər?! Ancaq iki yaşlı uşaq yalan söyləmək istəyəndə rəngi qaçar. Yəni uşağın fitrəti dərk edir ki, yalan pis işdir. Ancaq həddi-büluğa çatmış bu insanlar rahat yalan danışa bilirlər.

Yalanın səkkizinci forması da vardır ki, ona şayiə deyirlər. Yəni insan bir şey nəql edir və bilmir ki, bu xəbər doğrudur, yoxsa yalandır. Şayiə adətən rəzil insanların ixtirasıdır. Daha çox düşmənlərin işidir. Məsələn bir neçə düşmən toplaşıb, bir şayiə düzəldirlər və sonra deyirlər ki, bunu verin insanların əlinə. Bir nəfər iki nəfərə, o iki nəfər üç nəfərə danışır və bu yolla da həmin xəbər yayılır. On günün içində həmin şayiə bütün ölkəni bürüyür.

Düşmənlərə işləyən mətbuatın işi də elə budur. Qurani-Kərim bu haqda buyurur: \"Ölüm olsun yalançılara!”(\"Zariyat” 10). Bu insanlar düşünməmiş danışarlar. Bilmirlər ki, düzgündür, yoxsa yalandır? Fəsad vardır, yoxsa yox? Fikirsiz xəbəri verər və bu da şayiə olar. Quran buyurur: \"O zaman siz (o sözləri) bir-birinizin dilinizdən alırdınız və bilmədiyiniz bir şeyi ağızdan-ağıza deyirdiniz və bu işin Allahın yanında böyük olduğuna baxmayaraq, kiçik hesab edirdiniz. Nə üçün onu eşitdiyiniz zaman: \"Bizə bunu danışmaq yaraşmaz. Pərvərdigara, sən müqəddəssən. Bu, çox böyük bir böhtandır” – demədiniz? Allah sizə nəsihət edir ki, əgər möminsinizsə, əsla bunun kimi bir işə bir daha dönməyin!”. (\"Nur” 15-17).

Bu, çox böyük bir günahdır. Diqqət etsəniz, görərsiniz ki, bu günah Quranı çox əsəbləşdirmişdir. Ona görə də şayiəni az bir şey kimi qəbul etməyin.

Şayiə möminlərin arasında da yarana bilir. Belə ki, bir nəfər mərcəyi-təqlid haqqında bir yalan deyir və həmin yalan tələbələr arasında yayılır. Bəli, bununla da şayiə yayılır. Quran deyir ki, sən səhv iş gördün ki, onu nəql etdin və sən də səhv iş gördün ki, ona qulaq asdın.

Şayiə qarşısında nə etməliyik?

Bir nəfər Şeyx Əbdülkərim Hairinin yanına gəlib deyir: \"Filankəs sənin haqqında filan sözü deyir”. Mərhum Hacı da buyurur: \"Bunu bilmirəm ki, o, deyib, yoxsa yox. İslam deyir ki, deməyibdir. Ancaq sənin haqqında Quran deyir ki, xəbəri yayansan. Belə ki, buyurar: \"Əgər fasiq şəxs sizə bir xəbər gətirsə, onu araşdırın!” (\"Hucərat” 6). Sənin sözün qəbul olmadı, ona görə cəhənnəm ol”.

Bundan sonra şayiə yaranarmı? Bəli, Hacının bu hərəkəti hamımız üçün bir nümunədir. Şayiə eşitdin, gərək fikirləşəsən. Hətta bizim tələbələr belə. Quran boş yerə heç bir zaman təhlükə zəngini vurmaz. Quran buyurur ki, ölüm olsun sənə və bunu boş yerə demir. Bir qədər fikirləşsək, görərik ki, şayiə həm yalandır, həm riyadır, həm fırıldaqdır, həm fəsad yaradandır. Ona görə də bəzən insan fikirləşmədən elə bir söz deyir ki, qəflətən yeddi və ya səkkiz günaha batmış olur.

Bir tələbə gərək dəlillə danışıb, dəlillə fikirləşsin. Dəlillə iş görüb, hətta dəlillə yatsın. Dəlillə oturub, dəlillə dursun. Şayiə eşidən zaman sual versin ki, hansı dəlilə görə?

Beləliklə, şayiə böyük bir günahdır və bu günahı hər birimiz işləyə bilərik. Ona görə də şayiənin nə olduğunu tanıyaq və onun qarşısını alaq. Səbəbini araşdıraq ki, Quran demişkən, sonra peşman olmayaq. (Həvzəh)

(Ayətullah Həsən Məzahirinin əxlaq dərsindən bir bəhs)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter