CİNLƏR KİMDİR VƏ ONLARIN İNSANLARA ZƏRƏRİ TOXUNA BİLƏRMİ?
Günümüzdə toplumda ən çox qabardılan və məlumatsız insanları qorxudan, nəticədə kimlərinsə biznes marağına qulluq edən mövzulardan biri də cin mövzusudur. Və Cinlər elə təqdim olunur ki, insanlara toxuna bilərlər, gözlərinə görünə bilərlər, ay filankəsi cin vurdu və sair. Bu cür məlumatları falçı tayfası yayır ki, sonrasında da TV-yə çıxıb bir verilişdə özlərini insanları cinlərdən təmizləyən kimi təqdim edib, xeyli müştəri əldə etsinlər. Birində qarabasmalar və sair olanda, bunu cin vurmaq kimi qiymətləndirir, dərhal falçının yanına gedir və falçı da güyamış ki, onu cinlərdən təmizləyir.
Cinlər haqqında əsrlərlə bir çox iddia irəli sürülmüşdür. Ancaq hər sahədə olduğu kimi, cinlər haqqında da doğru məlumat alacağımız mənbə müqəddəs kitabımız Qurani-Kərimdir.
Quranda cinlərin yaradılışı, insanlarla münasibətləri, həyat tərzi haqqında bir çox məlumat verilmişdir.
Quranda cinlərin oddan yaradıldığı bildirilir. Mövzu ilə əlaqədar ayələr belədir:
\"Və cini (yaxud cinlərin əcdadını) odun ağ, qırmızı, qara şöləsindən yaratdı”. (\"Rəhman” surəsi, 15)
\"Cini daha öncə qızmar oddan xəlq etmişdik”. (\"Hicr” surəsi, 27)
Quran ayələrinə nəzər saldıqda, cinlərin də eynilə insanlar kimi həyatı olduğu məlum olur. Ayələrdən cinlərin də gəlib-getmiş ümmətlərindən bəhs edilir. Onların da nəsilləri, əcdadları var (\"Əraf” surəsi, 38; \"Kəhf” surəsi, 50). Ancaq cinlər insanlardan fərqli məkan ölçüsündə yaşayır, insanları görür, söhbətlərini dinləyirlər.
Allah cinlərin yaradılış məqsədini: \"Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (\"Zəriyət” surəsi, 56) ayəsi ilə bildirmişdir. Onlar da elçilər və elçilərə nazil edilən kitablar vasitəsilə xəbərdar edilib qorxudulur, dünya həyatındakı əməlləri ilə sınanır, ibadət və itaət edir, nəticədə Allahdan qarşılıq alırlar. Allah Təala Quranda belə buyurur: \"Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi?” Onlar deyəcəklər: \"Biz öz əleyhimizə şahidik!” Dünya həyatı onları aldatdı və onlar kafir olduqları barədə öz əleyhlərinə şəhadət verdilər”. (\"Ənam” surəsi, 130)
Ayədə də bildirildiyi kimi, cinlərlə insanların imtahanları bir-birinə çox bənzəyir. Onların da bəziləri dünya həyatının müvəqqəti bər-bəzəyinə aldanır, xəbərdar edildikləri halda, doğru yoldan uzaqlaşırlar. Ayələrdən cinlərin peyğəmbərlərin təbliğini dinlədikləri, Quran oxunarkən eşidib öyrəndiklərini öz tayfalarına danışdıqları məlum olur. Allah Təala \"Əhqaf” surəsində cinlərin Həzrət Peyğəmbərin (s) təbliğini dinlədiklərini belə bildirir: \"Onu da xatırla ki, bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin yanına göndərmişdik. Onlar onu dinləməyə hazır olduqda: \"Qulaq asın!” – dedilər və (Quran oxunub) qurtardıqdan sonra qorxudanlar sifətilə öz qövmlərinin yanına qayıtdılar. Onlar dedilər: \"Ey qövmümüz! Biz Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri təsdiq edən, haqqa və düz yola yönəldən bir Kitab dinlədik!” (\"Əhqaf” surəsi, 29-30)
Allah Təala bir çox Quran ayələrində cinlərə və insanlara birlikdə müraciət edir, müxtəlif öyüd-nəsihətlər verir və onları cəhənnəm əzabı ilə qorxudur. \"Əraf” surəsinin 38-ci ayəsində Allah Təala: \"Sizdən əvvəl gəlib-getmiş cin və insan tayfaları ilə birlikdə Cəhənnəmə girin!..” - buyurur. Hidayət rəhbəri kimi nazil edilən Quranı təkzib edən cin və insanların vəziyyəti isə \"İsra” surəsində belə bildirilir: \"De: \"Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər”. (\"İsra” surəsi, 88)
Allahın cin və insanlara birlikdə müraciət etdiyi ayələrdən bəziləri belədir: \"Belələri özlərindən əvvəl gəlib getmiş və insanlardan ibarət ümmətlərlə birlikdə haqlarında əzab sözünün gerçəkləşdiyi kimsələrdir. Onlar, doğrudan da, ziyana uğrayanlardır!” (\"Əhqaf” surəsi, 18)
\"Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!” (\"Əraf surəsi”, 179).
İman gətirən cinlər
Ayələrdə cinlərdən bir qisminin Allaha iman gətirib doğru yola tabe olduqlarından, bir qisminin də iman gətirmədiyindən bəhs edilir. Müsəlman cinlər Quran oxunarkən onu dinləyirlər: \"De: \"Mənə vəhy olundu ki, bir dəstə cin dedi: \"Biz çox heyrətamiz bir Quran eşitdik. O, doğru yola yönəldir. Biz ona iman gətirdik və biz bir daha heç kəsi Rəbbimizə şərik qoşmayacağıq. Həqiqətən, Rəbbimizin cəlalı çox ucadır. O, Özünə nə bir zövcə götürmüşdür, nə də bir uşaq!” (\"Cinn” surəsi, 1-3)
Cinlərin bəziləri Allahı təqdis edib şənini ucaldan, Ona heç kimi şərik qoşmayan müsəlman varlıqlardır. Qurana heyrandırlar, Allahın əmr və tövsiyələrini yerinə yetirirlər. Onlar öz aralarında iman gətirməyən cinlərin olduğunu bilir və bunu belə ifadə edirlər: \"Doğrusu, bizim səfehlərimiz Allah barəsində tamamilə yalan söyləyirmiş. Biz elə güman edirdik ki, insanlar da, cinlər də Allaha iftira atmazlar”. (\"Cinn” surəsi, 4-5)
Cinlər öz aralarında müxtəlif qruplardan təşkil olunublar. Bəziləri səmimi müsəlman, bəziləri müşrik, bəziləri Allaha iftira atanlardır. \"Cinn” surəsinin ardında cinlərdən iman gətirən cinlər haqqında bu ümumi məlumatları verirlər: \"Şübhəsiz ki, aramızda əməlisaleh olanlar da var, olmayanlar da. Biz müxtəlif firqələrə ayrılmışıq. Biz anladıq ki, yerdə də olsaq, (göyə də) qaçsaq, Allahdan (Allahın əzabından) canımızı qurtara bilmərik. Doğrusu, biz hidayət yolunu göstərəni (Quranı) dinlədiyimiz zaman ona iman gətirdik…” (\"Cinn” surəsi, 11-13).
Cinlər də eynilə insanlar kimi Allahın kitabından məsuldurlar. Onları da bütün əməllərinə görə Allah Təala sorğu-sual edəcək və heç bir haqsızlığa məruz qalmadan əməllərinin əvəzini alacaqlar. İman gətirən cinləri Allah gözəl mükafatla müjdəmişdir: ... Kim Rəbbinə iman gətirsə, nə (yaxşı əməllərinin mükafatını) əskilməsindən, nə də haqsızlığa məruz qalmaqdan qorxar. Şübhəsiz ki, aramızda müsəlmanlar da var, (haqq yoldan) çıxanlar da. Müsəlman olanlar haqq yolu axtarıb tapanlardır”. (Cinn surəsi, 13-14)
Allaha iman gətirməyib zülm edənlərin sonunu Allah ayələrdə belə bildirir: \"(Haqq yoldan) çıxanlar isə Cəhənnəm üçün odun olacaqlar”. (\"Cinn” surəsi, 15)
\"... Mən Cəhənnəmi bütün (kafir) cinlər və insanlarla dolduracağam!..” (\"Hud” surəsi, 119)
Həzrət Süleymana (ə) xidmət edən cinlər
Ayələrdən Allahın iznilə cinlərlə insanların görüşməsi, hətta cinlərin insanların əmrinə tabe olduqları məlum olur. Allah cinləri Həzrət Süleymanın (ə) əmrinə tabe etmiş, Həzrət Süleyman onlardan müxtəlif işlərdə istifadə etmişdir: \"... O, yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzab içində qalmazdılar”. (\"Səb” surəsi, 14)
Quranda cinlərin gələcəyə dair xəbərləri bilmədiyi açıqlanmışdır. Buna görə, cinlərin Allahın izni olmadan insanlara qeybdən xəbər verməsi mümkün deyil. Belə ki, \"Səba” surəsinin 14-cü ayəsində xəbər verildiyi kimi, Həzrət Süleymanın ölümündən sonradan xəbərdar olmaları buna dəlildir. Habelə, \"Nəml” surəsinin 65-ci ayəsində bildirildiyi kimi: \"Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz!..”.
Bundan əlavə, Quranda cinlərdən İfrit Həzrət Süleymana o hələ yerindən qalxmadan Səba məlikəsinin taxtını gətirə biləcəyini söyləmiş və: \"Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!” (\"Nəml” surəsi, 39) - deyə bildirmişdir. Bu, onun bir yerdən başqa yerə böyük sürətlə hərəkət etdiyinə, bir maddəni başqa yerə apara bildiyinə işarə edə bilər.
Cinləri Allaha şərik qoşanlar
Bəzi insanlar cinlərin özlərinə aid gücü olduğuna inanırlar. Halbuki, bu, çox böyük səhvdir. Çünki cinləri yaradan Allahdır və onların özlərinə aid heç bir gücü yoxdur. Allah istəməsə, onlar hər hansı insana zərər və ya fayda verə bilməzlər. Ancaq buna baxmayaraq, insanların bir qismi cinlərə pənah aparırlar:
\"Cinləri (Allah) yaratdığı halda, onları Allaha şərik qoşdular, bilmədən Onun üçün oğullar və qızlar uydurub düzəltdilər. Allah isə onların Ona aid etdikləri sifətlərdən uzaqdır (pakdır) və ucadır”. (\"Ənam” surəsi, 100)
Allah Quranda insanların cinlərlə əlaqə quraraq azdıqlarını belə bildirir: \"Həqiqətən, insanlardan bəziləri cinlərin bəzilərinə sığınırdılar. (Bu isə) onların azğınlığını artırırdı”. (\"Cinn” surəsi, 6)
Bir ayədə mələklərin də bəzi insanların cinlərə ibadət etdiklərini bildirdikləri belə xəbər verilir: \"(Mələklər) deyirlər: \"Sən paksan, müqəddəssən! Onlar deyil, Sənsən bizim Hamimiz! Xeyr, onlar cinlərə ibadət edirdilər. Əksəriyyəti də məhz onlara iman gətirmişdi”. (\"Səba” surəsi, 41)
İnsanların cinləri Allaha şərik qoşmalarının və onlardan yardım gözləmələrinin ən mühüm səbəblərindən biri, yuxarıda da bildirdiyimiz kimi, onların qeybi bildiklərini düşünmələridir. Halbuki, bu, səhvdir. Çünki Allah Quranda cinlərin qeybi bilmədiklərini bildirir (\"Səba” surəsi, 14). Ayələrdə cinlərin insanlar üçün yolgöstərici olmadığı, hətta insanları doğru yoldan azdırmaq üçün onlara cəlbedici sözlər pıçıldadığı bildirilir. Ancaq unutmaq olmaz ki, Allah istəməsə, cinlərin insanlar üzərində təsiri olmaz. Onları Allah yaratmışdır və onlar da kainatdakı bütün canlılar kimi, Allahın əmri ilə hərəkət edirlər: \"Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar aldatmaq məqsədilə bir-birinə təmtəraqlı sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə tərk et!” (\"Ənam” surəsi, 112)
Həm insanları doğru yoldan azdıran cinlər, həm də cinlərdən Allaha şərik qoşanları Allah sonsuz cəhənnəm əzabı ilə cəzalandıracaq. Dünya həyatında cinlərin təmtəraqlı sözlərinə aldananlar axirətdə çox böyük səhv etdiklərini anlayacaqlar. Çünki o gün bütün şirk qoşduqları şeylər onlardan uzaqlaşacaq, Allahın hüzurunda tək olduqlarını dərk edəcəklər. Cəhənnəm əzabı ilə cəzalandırılacaqlarını anladıqda isə belə yalvaracaqlar: \"Kafir olanlar dedilər: \"Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi azdıranları bizə göstər ki, onları ayaqlarımızın altına salaq, yerlə yeksan olsunlar!” (\"Fussilət” surəsi, 29)
Başqa bir ayədə onların odda əbədi qalacağını Rəbbimiz belə bildirir: \"Onların hamısını toplayacağı gün (deyəcəkdir): \"Ey cin tayfası! Artıq siz insanlardan bir çoxunu özünüzə tabe etdiniz”. Onların insanlardan olan dostları isə deyəcəklər: \"Ey Rəbbimiz! Biz bir-birimizdən faydalandıq və bizim üçün müəyyən etdiyin əcəlimizə yetişdik”. (Allah) deyəcək: \"Sizin qalacağınız yer Oddur. Orada əbədi qalacaqsınız. Allahın istədikləri isə istisnadır”. Həqiqətən, Rəbbin Müdrikdir, Biləndir. (\"Ənam” surəsi, 128)
Cinlər insanlara müsəllət olmazlar
Bəziləri elə düşünürlər ki, cinlər insanlara zərər verə bilər. Bu elə deyil, yuxarıdakı Quran ayələrindəndə məlum oldu ki, onların öz aləmləri və həyat tərzləri var, və ayrıca Allah izn verməz ki, cinlər insanlara toxunsunlar. Çünkü cinlərin həqiqi görünüşünü görməyə insan ruhu hazır deyil, bayıla, özündən gedə və dəhşət qorxa bilər. Onların öz aləmi, həyatda öz funksiyaları var. Onların da Allaha ibadət edəni və şeytana uyanı var, lakin şeytana uyanı o demək deyil ki, insanları qorxuda bilərlər və sair. Şeytana uyanları Allahın yolundan sapırlar anlamınadı, necə ki, insanlar şeytanın vəsvəsələrinə uyub azırlar. Amma istəyəndə bir heyvan görünüşünə də girə bilirlər. Məsələn, əqrəb, pişik, ilan şəklinə də girə bilirlər. Yəni cinlər çox qabiliyyətlidirlər. Cin əşya şəklinə də girə bilər. Amma insanları qorxutmalarını Allah qadağan etmişdir. Cinlər istəyəndə çox gözəl insan şəklinə girə bilərlər. Məsələn, çox gözəl bir qadın görünüşünə, gözəl bir insan görünüşünə girə bilərlər. Yəni o qabiliyyətləri də var, lakin olduğu kimi insana görünə bilməzlər. İnsanların cinləri görə bilməməsi üçün Allah pərdələr yaratmışdır.
Bəzi insanlar cinlərdən zərər gördüklərini söyləyirlər. Yəni cin insana müsəllət oldu və sair. Amma qarabasma dedikləri hadisələrdə ya təzyiqləri yüksəlir, ya da narahatlıqları olur. Həkimə müraciət etsinlər ki, onların orqanik, tibbi narahatlıqlarını aradan aparsın. Yəni belə şeylərdə özlərini zərərçəkmiş kimi göstərmələri həm komik olur, həm də xəcalətverici bir şeydir. Allaha dua etsinlər, \"Ayətül-kürsi” oxusunlar, \"Nas”, \"Fələq” surələrini oxusunlar və şeytanın vəsvəsələrindən xilas olsunlar. Şeytan insana yalnız vəsvəsələr edə bilər, yəni pis, qorxunc, günah iş görmək tərkibli və bu müstəvidə informasiyaları insan nəfsinə və beyninə yalnız ötürə bilir, fiziki insana nə özü, nə də ona tabe olan cinlər toxuna bilməz. Özünü tanıyan insan da avtomatik bilməlidir ki, onun beyninə gələn bütün yaxşı informasiyalar Allah tərəfindən, bütün pis informasiyalar isə şeytan tərəfindən gəlir. Və Allah da insana ağıl verib, k itab göndərib, Peyğəmbərlər (ə) və İmamlar(ə) göndərib, nəyin pis, nəyin yaxşı olduğunu onlar vasitəsilə anladıb. İnsan da ağlını işə salsa, pis informasiyaları kənara qoyar, onlara etina etməz və Allaha sığınar, görsə ki, başına çox pis fikirlər gəlir, Quran ayələrindən oxusun, bununla da pis fikirlər də çıxıb gedər.
Şeytan insan ölənə kimi ondan əl çəkməyəcək, yəni ona vəsvəsələr edəcək və hərəni bir yolla azdırmağa çalışacaq. Elə insanlar da var ki, onları qorxutmaqla Allah yolundan azdırmaq istəyir, yəni insanlar şeytandan və cindən qorxsunlar, Allaha şərik qoşsunlar. İnsan bilməlidir ki, hamımızın sahibi Allahdır, yalnız Ondan qorxmaq lazımdır.
Bundan məlumatsız insanlar isə başına pis fikirlər gələn kimi, misal üçün, şeytan insanı qorxutmaq istəyirsə, beyninə qorxunc məlumatları göndərir, insan da bir az qorxulu kinolardan görüntüləri beynində canlandırır, bir az cinlər haqda məlumatları və qabiliyyətlərini yada salır: onlar sürətlə hərəkət edir, insanların yanında da dolaşa bilir, görünüşləri qorxuncdur. Lakin cinlərin insanlara toxuna bilmədiyini ya bilmir, yaxud da unudaraq vahiməyə düşür, elə gözləyir ki, indi gələr, bu saat gələr, otaqda da bir şey təsadüfən yerə düşsə, yaxud nəsə tərpənsə - lap vəlvələyə düşür və dəhşət qorxur, şeytanda istəyinə nail olur, qorxan insan da dərhal falçının yanına gedir və sair.
Cin insana nə vaxt zərər verə bilər
Məlum olduğu kimi, ibadət edən cinlrlə yanaşı, şeytana uyan cinlər də var. Allah Təala Quranda insanları cadudan və faldan çəkindirir: \"(Yəhudilər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablara) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): \"Biz (Allah tərəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!” – deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə yəhudilər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar (yəhudilər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar (yəhudilər) belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər! (\"Bəqərə” surəsi 102-ci ayə)
Digər surədə: \"Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!” (\"Maidə” surəsi 90-cı ayə)
Belə ki, sehrin və falın növlərindən biri də cinləri çağırmaqdır, sehr - küfr sayıldığından çağırılan cinlər də kafir və şeytana uyan cinlərdir. Belə ki, bu işlə məşğul olanlar həm bu işə baş qoşduqları üçün böyük günaha girirlər - axı Quranda bildirilib bu işin şeytan əməli olması, həm də cinləri çağırdaqları zaman ondan qorxub onun dediklərini yerinə yetirdiklərinə görə böyük günaha batırlar. Allah bizimlə cinlər arasında pərdə yaratmışdır, lakin insan şeytan əməli ilə məşğul olsa və Allahın əmrindən boyun qaçırsa, mümkündür ki, çağırdığı cini görsün və gördüyü cini görməyə ruhu hazır olmadığı üçün məlum məsələdir ki, qorxsun, vahiməyə düşsün və qarşılığında ondan nə isə öyrəndiyini zənn etsin. Kafir cin isə öz növbəsində qorxunc görkəmindən və digər qabiliyyətlərindən istifadə edərək şeytan vəsvəsələrini insana oxuyur və insan da onu yerinə yetirir və beləliklə də şeytana xidmət etmiş olur və bundan sonra da beyninə gələn şeytani vəsvəsələri yerinə yetirir ki, amandı, cin gələr, halım pis olar və sair. Lakin bu işlə məşğul olana da çarə var, tövbə etsin, Allaha sığınsın, Quran ayələrindən oxusun və heç bir cin və sairə onu narahat etməz, əgər o, özü onları çağırmasa.
Cinləri yaradan Allahdır
Unutmaq olmaz ki, cinlər də eynilə insanlar kimi Allaha qulluq etmək üçün Allahın yaratdığı varlıqlardır. Özlərinə aid heç bir gücləri yoxdur, Allahın izni olmadan heç kimə zərər və ya fayda verə bilməzlər. Onlar da bütün insanlar kimi dünya həyatında imtahan olunurlar və axirətdə əməllərinin qarşılığını alacaqlar. Onlara verilən qabiliyyətlərin hansı yolda istıfadə etdiklərinə görə sorğu-sual olunacaqlar. Aləmlərin, göylərin, yerin və bu ikisi arasındakıların Rəbbi, aləmlərə möhtac olmayan uca Allah cinləri başqa bir aləmdə yaratmışdır. (Mənbə: Dini saytlara istinadən)
Azər Cabbarlı,
\"Dəyərlər”in oxucusu