DUA İLƏ ŞƏFA MÜMKÜNDÜRMÜ?


Çox çətinliklə də olsa, bu sənədi imzaladı hər ikisi də. Ananın gözünün yaşı imza atdığı vərəqə süzülürdü. Həkimin sözləri təkrar-təkrar qulağında səslənirdi: \"Artıq çox gecdir. Metastaz bütün ağ ciyərinə yayılıb. Ancaq Allaha təvəkkül edib son şansını sınayacağıq. Bu əməliyyatdan sağ çıxmaya bilər. Bunu bilməniz lazımdır. Özünüzü hər vəziyyətə hazır edin. Və dilinizdən bu əməliyyatı keçirtmək üçün razılıq ərizəsini imzalamağınız labüddür. Biz həkimlər bacardığımızı edirik, gerisi qalır O böyük olan Allahın ümidinə. Allahdan ümid kəsilməz. Biz əməliyyat edəcəyik, siz də öz növbənizdə dua edin!”.

Artıq uşaq əməliyyat otağına aparıldı. Tibb işçiləri əməliyyatın uzun keçəcəyini söylədilər. Xəstəxanada dua etmək üçün bir otaq ayrıldığını bildirib, əməliyyat müddəti ərzində orada olub, dua etməyi məsləhət gördülər.

Onlar belə də etdilər. Aşağı mərtəbədə dua və ibadət üçün ayrılan otağa endilər. Otağın qapısının girəcəyində qutunun içində yaylıqlar var idi. Nəzarətçi qadınlara bu yaylıqlarla başlarını örtüb içəri girmələrini rica edirdi. Xristian dini ayinlərinə müvafiq qurulmuş bu otaq kiçik bir kilsəyə bənzəyirdi. İçəridə bir neçə nəfər oturub dua edirdilər.

Ana ilə ata çaşqın halda ətrafa boylanırdılar. İlk dəfə idi belə bir mühitdə idilər. Onlar müsəlman idi. Burada nə edəcəklərini, necə edəcəklərini, üstəlik bir müsəlman olaraq da necə dua edəcəklərini bilmirdilər. Buz heykəl kimi donub durmuşdular. Birdən qəfil səslənən \"Salam” onları sanki donlarını əritdi. Doğma dildə səslənən bu salam onlara bir məlhəm oldu o an.

Onlarla salamlaşan əməliyyatda olan uşağın əmisi idi. Qardaşına və gəlinlərinə mənəvi dəstək olmaq üçün ilk reyslə Bakıdan gəlmişdi.

Bir müddət salam-kəlamdan və vəziyyətdən danışdıqdan sonra əmidən necə dua edəcəklərini soruşdular. O, bir neçə müddət idi ki, ibadətə başlamışdı. Və duanın necə etməyi də bilməli idi.

Əmi: \"Elə mən özüm də sizlə bu haqda danışacaqdım. Dərd varsa, dərmanı da var. Bütün dərdlərin dərmanı Allahdadır. Hər müşkülün açarı Onun əlindədir. Nə olsun ki, bura kilsə kimidir. Hər yer Allahındır. Allah ona uzadılan əlli harada olmasından asılı olmayaraq, geri qaytarmaz”.

Cibindən kiçik kompası çıxarıb, qibləni müəyyən etdi. Çantasından namaz dəstini çıxardıb, qiblə istiqamətində yerə sərdi.

\"Mən namaz qılıb, dua edəcəyəm. Siz də üzü qibləyə oturub əllərinizi açıb dua edin. Baxın, qarşıdan Məhərrəm ayı gəlir. İstəyin Allahdan İmam Hüseynə (ə) və yetmiş iki şühədaya xatir balamızın şəfasını versin. And verin Allaha nə olacağından asılı olmayaraq Onun yolunu tutacağınıza. And verin Allahı İmam Hüseynin (ə) balalarının axıdılan nahaq qanına ki, bizim 13 yaşlı balamızın şəfasını versin. Gəlin bacı, sən anasan, and ver Rəbbimizi analar anası olan Xanım Zəhranın (s.ə) şəfa əlini balanın üzərinə çəkməsinə. Nəzir et, sağalsın, evində İmam Hüseyn (ə) məclisi quracağına. 40 gün əyninə qara köynək geyindirəcəyinə”.

Onlar belə də etdilər. Üçü birlikdə sidq ürəklə əllərini açıb dua etdilər.

Ana həyatında ilk dəfə dua edirdi. O, kifayət qədər təhsilli idi. Amma universitetdə oxuduğu zaman daim Allahı inkar etməyi və ona inanmamağı təbliğ edirdilər. Düzdür, Sovet rejimi artıq bir neçə il idi ki, süqut etmişdi. Amma insanların, həmçinin onun özünün də zehnində inamsızlıq dumanı fikirlərini bulandırırdı. Amma o, dua etdikcə bu duman get-gedə çəkilməyə başladı. Tam şəkildə varlıqlarının Onun əlində olduğunu hiss etdi.

Tam səmimi halda Allahına pənah apardı. İnandı... İnandı onun dualarının eşidildiyinə. Və mütləq cavabsız qalmayacağına.

Onlar o qədər duaya dalmışdılar ki, zamanın necə keçdiyini hiss etmədilər. Tibb bacısı yaxınlaşaraq əməliyyatın bitdiyini və həkimin onları gözlədiyini söylədi. Beş saatı arxada qoymuşdular. İti addımlarla həkimin otağına tərəf getdilər.

Həkim: \"Əməliyyat çox uğurlu keçdi. Xəstəliyin bu qədər irəliləməyinə baxmayaraq, bütün metastazları və əsas şişi götürdük. Üzərində aparılan əməliyyata rəğmən, durumu pis deyil. Bundan sonra özünə gəlsin, bir neçə kurs kimya və şüa terapiyası almalı olacaq. Hər zaman dediyim kimi, Allahdan ümid kəsilməz”.

Müəyyən müddət müalicələrdən sonra uşaq tam şəfasına qovuşdu. Ana-atası da verdikləri vədi tutaraq, hər Məhərrəm ayı əza məclisi qurur, 40 gün əyninə qara köynək geyindirdilər.

Vətənə qayıdan kimi ata da, ana da ibadətə başladılar. Nəinki onlar, əksər yaxın qohumlar Allahın bu açıq möcüzəsinə şükür etmək üçün dərgahına üz tutdular.

Bu hadisədən 18 il ötür. O uşaq artıq özü ailə sahibidir. Vaxtilə valideynlərinin verdiyi vədi o, öz ailəsində ənənəyə çevirib. Hər il evində heç olmasa bir gün İmam (ə) məclisi qurur, 40 gün ardıcıl geydiyi qara köynəyini İmamın (ə) ərbəinindən sonra Bibi-Heybət pirinə qoyur. Baş verən çətinliklərinin nəticəsində Allahı tanıdıqlarına görə yorulmadan şükürlər edir.

\"Və sizin Rəbbiniz dedi: \"Məni çağırın, sizə cavab verim...” (\"Ğafir” surəsi, ayə 60 )

İmam Sadiq (ə) buyurub: \"Dua et və demə ki, iş işdən keçibdir (yəni, nə yazılıbsa o da olacaqdır). Həqiqətən, Allaha dərgahında elə bir məqam və dərəcə var ki, ona duadan başqa heç bir vasitə ilə çatmaq olmaz”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter