Loğmanın (ə) hikmət qazanmasının sirri nədİR?
Loğmanın (ə) yaşayışındakı ən maraqlı mövzu onun necə hikmət qazanması olubdur. Başqa sözlə desək, \"Loğmanın (ə) hansı əməlinə görə, Allah-taala ona hikmət nemətini bəxş etdi?”-sualına cavab tapmalıyıq. Əgər bu sirr açılsa, başqaları da öz zəhmət və istedadları ilə hikmət nurunu əldə edə bilərlər.
Yuxarıdakı sualın qısa cavabı budur ki, hikmət nurunun İlahi qanunlarına görə, özünəməxsus müqəddimələrə ehtiyacı var. Onlardan ən əsası iman, ixlas, saleh əməl, zöhd və halal yeməkdir. Hikmətin müqəddiməsi haqqında ən kamil söz, həkimlərin ağası olan İmam Əliyə (ə) mənsubdur ki, buyurub:
\"Hər kəs qırx gün ixlaslı olsa, halal yesə, gündüzləri oruc tutub, gecələri ibadət etsə, Sübhan Allah hikmət bulaqlarını onun qəlbinə və dilinə axıdar”.
Amma yuxarıdakı sualın təfsilatı ilə cavabı:
Loğman (ə) haqqında müxtəlif rəvayətlərdə hikmətin şərtlərindən bir sırasına işarə olunmuşdur. Necə ki, Peyğəmbərdən (s) nəql olunur:
\"Həqiqətən, bildirirəm ki, Loğman (ə) peyğəmbər deyildi. O, mütəfəkkir bir qul idi. Gözəl yəqinə (imana) malik idi. O, Allahı sevir, Allah da onu sevirdi. Allah ona hikmət əta etməklə, onun boynuna minnət qoydu”.
Başqa bir rəvayətdə gəlib:
Bir kişi Həkim Loğmanın (ə) qarşısında durub ona dedi: Sən Loğmansan? Sən Bəni-Nuhasın qulusan?
Loğman (ə) cavab verdi: \"Bəli”.
Kişi dedi: Sən həmin qara çobansan?
Loğman (ə) cavab verdi: \"Qaralığım ki məlumdur! Nə üçün mənim haqqımda heyrətdəsən?”
O kişi dedi: Camaatın sənin evindəki izdihamı, evinin qapısına yığılmaları və sənin sözlərini qəbul etmələri.
Loğman (ə) dedi: \"Qardaşoğlu, əgər sənə dediklərimi yerinə yetirsən, sən də belə olarsan”.
Soruşdu: Nəyi?
Loğman (ə) dedi: \"Gözlərimi (günahdan) bağlamağım, di-limi qorumağım, yeməyimin paklığı, ətəyimin paklığı (haram şəhvətdən uzaq olmağım), əhdimə vəfa etməyim və peymana bağlılığım, qonaqpərvərliyim, qonşumu qorumağım və xoşagəlməz işlərdən uzaq qalmağım. Bu işlərin nəticəsindədir ki, sənin gördüyün bu həddə çatmışam”.
Başqa bir rəvayətdə oxuyuruq:
\"Loğmana (ə) belə dedilər: Sən filan qəbilənin qulu deyilsənmi?
- Bəli.
- Bu məqama necə çatdın?
- Əmanətdarlığım, mənə yaraşmayan işlərdən uzaq qalmağım, gözlərimi (günahdan) bağlamağım, dilimi qorumağım və yeməyimin paklığı ilə. Hər kəs bu işlərdən az görürsə, məndən aşağı, çox görürsə, məndən yuxarı, eyni bu işləri görürsə, mənimlə bərabərdir”.
Başqa bir rəvayətdə gəlib:
\"Bir kişi Loğmanın (ə) yanından keçərkən camaatın onun yanında durduğunu gördü. Loğmana (ə) dedi: Sən Bəni-filanın qulu deyilsənmi?
- Bəli.
- Filan yerdə, filan dağda çobansan?
- Bəli.
- Bəs bu məqama necə çatdın?
- Doğru danışmaq və mənə aid olmayan söhbətə qarışmamağımla”.
* * *
Qütbüddin Ravəndi \"Lübbül-əlbab” kitabında yazır: \"Loğman (ə) bir parça kağız görür ki, orada \"Bismillah” yazılmışdı. Onu götürüb yeyir. Buna görə Allah ona hikmət əta edir”.
Loğmanın (ə) hikmət qazanmasının sirri haqqında ən kamil söz, İmam Sadiqdən (ə) rəvayət olunmuş hədisdir: \"Agah olun! And olsun Allaha ki, Loğman (ə) nəslinə, malına, ailəsinə, cismi qüdrətinə və gözəlliyinə görə hikmət qazanmadı. O, Allah yolunda güclü və təqvalı idi. Aram, sakit, dərin düşünən, mütəfəkkir, dəqiq görən və ibrət (dərslərinin) ustadı idi. Heç vaxt gündüz yatmazdı. O qədər iffətinə riayət edirdi ki, heç kim onu ayaqyolunda olan halda və özünü təmizlədiyi vəziyyətdə görmədi. O dərin baxışlara malik idi və ehtiyatla iş görürdü. Günah etmək qorxusundan, heç vaxt bir şey üçün (rişxəndlə) gülmədi, əsəbləşmədi, bir kəslə zarafat etmədi, dünya malı əlinə gələndə sevinmədi, əlindən çıxanda da kədərlənmədi. Bir neçə qadınla evləndi. Onlardan bir çox övladlar nəsibi oldu. Özündən əvvəl onların ölümü ürəyinə dağ çəksə də, heç birinin ölümünə ağlamadı. Hər vaxt iki küsülü, yaxud davalı adamlarla rastlaşsaydı, onların arasında dostluq və saziş yaradırdı. Hər vaxt bir kəsdən xoşuna gələn bir söz eşitsəydi, o sözün şərhini və qaynağını soruşurdu. Fəqih və həkimlərlə çox oturub-durardı. Hakimlərə, sərkərdələrə və padşahlara baş çəkirdi. Hakimlərə ürək yandırır, sərkərdə və padşahlara isə Allahı unutduqları və Ondan uzaq olduqları üçün, hidayət olsunlar deyə, qarşı çıxardı. İbrət öyrəndi. Nəfsani istəklərə qarşı çıxa biləcək bütün amilləri öyrənib, onların vasitəsilə (haram şəhvani istəklərinə qarşı) mübarizə etdi. O amillərin köməyi ilə şeytandan uzaqlaşdı. Fikirlə qəlbini, ibrətlə ruhunu dərman etdi. Faydasız bir yerə köç etməzdi. Bu cəhətlərə görə, ona hikmət verildi və ismət bağışlandı”.
Xatırladaq ki, bu rəvayətlər bir-biriləri ilə zidd deyillər. Çünki onlardan hər biri Loğmanın (ə) həqiqi-hikməti kəsb etmə səbəblərindən bir qismidir. Başqa sözlə desək, bu səbəblərin hər birinin hikmət nurunun Allah-taala tərəfindən Loğmana (ə) əta olunmasında rolu olmuşdur.