SƏQƏLEYN HƏDİSİ bİZƏ NƏ DEYİR?
Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
Əziz müsəlmanlar! Görəsən həqiqət nədən ibarətdir? Haqq yolunu necə tapaq və bütün bu ixtilafları necə həll edək? Cavabı ancaq Qurani - Kərimdə və Peyğəmbərimizin (s.a.a.) sünnəsində (hədislərində) tapmaq olar. Hansı ki, müsəlmanlar gərək bütün vəziyyətlərdə bu ikisinə əsaslansınlar və bu ikisini əldə rəhbər tutsunlar. Xüsusilə fikir ayrılıqları yaranan zaman.
1) Quran deyir: \"Ey iman gətirənlər! Allaha, onun Peyğəmbərinə və sizlərdən olan əmr sahiblərinə itaət edin! Əgər bir şey barəsində mücadilə etsəniz , Allaha və axirət gününə iman gətirmisinizsə onu Allaha (Qurana) və Peyğəmbərə həvalə edin. Bu daha xeyirli və nəticə baxımından daha yaxşıdır” (Nisə, ayə 59).
2) \"Allah və onun Rəsulu bir işə hökm etdikləri zaman mömin kişiyə və möminə qadına öz işlərində ayrı bir yol seçmək yaraşmaz (olmaz). Kim Allah və onun Rəsuluna qarşı üsyan etsə artıq açıq-aşkar azğınlığa düşmüşdür” (Əhzab, ayə 36).
3) \"Peyğəmbər sizə hər nə gətirsə onu alın və hər nəyi qadağan etsə ondan çəkinin, təqvalı olun, çünki Allahın əzabı çox şiddətlidir” (Həşr, ayə 7).
Deməli əziz müsəlmanlar! Burdan belə çıxır ki, fikir ayrılıqları zamanı hamı gərək Quran ayələrinə və Peyğəmbərimizdən (s.a.a.) nəql edilən səhih hədislərə əsaslansın. Ona görə ki, Quran və Peyğəmbər (s.a.a.) bir-birlərinə zidd olmamışlar və həmişə bir-birlərini təsdiq və təyin etmişlər: \"O öz istəyinə görə danışmır. Həqiqətən (onun danışdığı) ona vəhy edilən vəhydən başqa bir şey deyildir (Nəcm, ayə 3-4 ).
Peyğəmbər (s.a.a.) tərəfindən ümmətinin nicat tapıb qurtulan dəstəsi təyin edilmişdir. Peyğəmbərimiz (s.a.a.) kimi dahi bir insan 23 il müddətində insanları Allah yoluna səsləmişdi, özündən sonra ümmətinin taleyinin nə cür olacağı barədə laqeyd qala bilməzdi. Ona görə də dəfələrlə müsəlmanlara vəsiyyət etmişdir ki, ümməti ondan sonra azğınlığa düçar olmasınlar. Mümkün ola bilməz ki, Peyğəmbər (s.a.a.) özündən sonra baş verəcək hərc-mərclikdən və qarışılıqdan - hər cür anarxiyadan xəbərdar olsun, amma ümmətini öz başına buraxıb dünyadan köçsün. Quranda deyilir: \"Artıq sizin içinizdən bir Peyğəmbər gəldi ki, sizin məşəqqətə düşməyiniz onun üçün ağırdır. Sizin hidayət olmağınız üçün çox hərisdir, möminlərə şəfqətli və mehribandır” (Tövbə, ayə 128 ).
Buna əsasən , Peyğəmbər (s.a.a.) özü nicat tapan dəstənin məhz hansı dəstə olması haqqında olan həqiqəti öz ümmətinə bildirmiş və onların nələri əldə rəhbər tutacaqları barədə göstəriş vermişdir. Peyğəmbər (s.a.a.) özü buyurmuşdur: \"Mən sizin aranızda 2 ağır əmanət qoyub gedirəm: Allahın kitabı olan Quranı və itrətim olan Ev-əhlimi (Əhli-beytimi ). Nə qədər ki, siz bu ikisindən yapışıb onları əlinizdə rəhbər tutacaqsınızsa heç vaxt məndən sonra azğınlığa düşməyəcəksiniz. Bu ikisi heç vaxt bir-birindən ayrılmazlar. Sonda \"Kövsər hovuzunun” kənarında mənə qovuşacaqlar (mənə tərəf qaytarılacaqlar).
1) Müslim \"Səhih” c. 7, səh.122, hədis 2408-2409
2) Tirmizi \"Sünən” c. 2, səh. 307
3) Darəmi \"Sünən” c. 2, səh. 432
4) Müttəqi Hindi \"Kənzul –ummal” c. 1, səh. 44
5) Əhməd ibni Hənbəl \"Müsnəd” c. 3, səh. 14, 17, 26, 59; c. 4, səh. 59, 366, 371; c. 5, səh. 182, 189
6) Nəsai \"Əl-Xəsais” səh. 20
7) Hakim \"Müstərəkus-səhiheyn” c. 3, səh. 109, 148
Baxaq görək bu hədis bizə nəyi açıqlayır:
Brincisi: Bu hədis bizə deyir ki, gərək Quranın və Peyğəmbərin (s.a.a.) sevimli Əhli-beytinin (ə) arxasınca gedəsən və onlardan möhkəm yapışasan və onları heç vaxt bir-birindən ayırmayasan.
İkincisi: Bu hədis bizə deyir ki, xilas olmaq ancaq və ancaq Quran və Peyğəmbərimizin (s.a.a.) sevimli Əhli-Beyti (ə) vasitəsilədir.
Üçüncüsü: Bu hədis bizə deyir ki , Peyğəmbərin (s.a.a.) Əhli-Beyti (ə) qüsursuz, nöqsansızdır və hər bir işdə onların dediklərini əsas götürməliyik. Çünki peyğəmbər (s.a.a.) öz Əhli-Beytini (ə) Quranla tutuşdurub müqayisə edir. Quran isə özü barədə deyir: \"Nə qabaqdan (öndən), nə də ki arxadan batil (yalan, qüsur) ona yol tapa bilməz. O hikmət sahibi və həmd edilməyə layiq olan Allah tərəfindən nazil edilmişdir” (Fussilət surəsi, ayə 42).
Dördüncüsü: Bu hədis bizə deyir ki , Peyğəmbərimizin (s.a.a.) sevimli Əhli-Beyti (ə) insanların ən biliklisi və iş bacaranıdır, çünki Peyğəmbər (s.a.a.) onların adını Quranla yanaşı çəkir və onları bir-birilə müqayisə edir. Eyni zamanda Quran da elə bir kitabdır ki, əvvəlin və axırın elmi həmin bu müqəddəs kitabda cəm olmuşdur.
Beşincisi: Bu hədis bizə deyir ki, Quran və Peyğəmbərimizin (s.a.a.) sevimli Əhli-Beyti (ə) Allahla insanlar arasında olan bir vasitəçidir və bu vasitəçilik Qiyamət gününə qədər davam edəcəkdir. Necə ki hədis özü belə deyir: \"bu ikisi heç vaxt bir-birindən ayrılmazlar, sonda \"Kövsər hovuzunun” kənarında mənə qovuşacaqlar ”.
Altıncısı: Bu hədis bizə deyir ki, əgər Peyğəmbərimizin (s.a.a.) Əhli-Beyti (ə) hər bir nöqsandan qüsursuzdurlarsa və hər kəsdən də biliklidirlərsə, onda Peyğəmbərdən (s.a.a.) sonra müsəlmanların rəhbərliyinə ən ləyaqətli namizədlərdir.
http://islamadogru.biz