İnsan nə etməlİdİr kİ, mələklərlə bİrgə olsun?
Hər bir insanın həyatında müxtəlif arzuları vardır. Bu arzular içərisində mələkləri görmək və onlarla birgə yaşamaq arzusu da az deyildir. Bu mövzunu təsəvvür etməyin özü belə şirindir. Ancaq bəziləri üçün mələk dedikdə ölüm mələyi yada düşər və onlar ölümü xatırlayarlar. Başqa mələklərin varlığı onların heç zehninə də gəlməz. Ancaq bunu bilməliyik ki, hal-hazırda hər birimizi əhatə edən bir neçə mələk vardır.
Mələklərin ən çox əhatə etdiyi insanlar sabirlərdir, yəni səbir edənlər. Yəni, bu insanlar səbir edərək, sabir məqamına ucalmışdılar.
Bu zaman Allah onlara kömək etmək üçün mələklər göndərər və onlar bu mələkləri hiss edərlər. \"Şübhəsiz, (səmimi qəlbdən) «bizim Rəbbimiz Allahdır!» deyən, sonra (əməldə) möhkəm duran kəslərə (dünyada qeyb köməyi şəklində, yaxud ölüm zamanı, ya da qəbirdən qaldırılan zaman) mələklər nazil olarlar (və deyərlər): «Əsla qorxmayın və qəmgin olmayın; (dünyada) sizə vəd olunmuş Cənnətlə müjdə olsun sizə!». (\"Fussilət” 30).
Səbir etməyin növləri vardır. İmam Əlinin (ə) buyurduğuna görə səbrin 3 növü vardır: müsibətə səbir etmək, Allaha itaətə səbir etmək və günaha səbir etmək. Ancaq sabir üçün fərqi yoxdur ki, hansına səbir etmişdir. Hansı olursa-olsun, nəticəsi mələklərin yardımı ilə sonuclanar.
Müsibətə səbir etməyə aid çox sayda əhvalatlar vardır. Həzrət Eyyubun (ə), İmam Əlinin (ə), Həzrət Zeynəbin (s.ə) səbri bu səbirlərdəndir. Ancaq deyə bilərsiniz ki, bunlar xüsusi insanlardır və bizə aid deyildir.
Onda adi insan olanlar haqqındakı əhvalatlardan nümunə gətirə bilərik.
Şəhərimizdə bir qoca çəkməçi yaşayırdı. Alimlər yuxularını yozmaq üçün ona müraciət edərdilər. Bu təəcüblüdür ki, əgər kimsə elm oxumayıbsa, yuxunu necə yoza bilər? Bir gün bir çətinliyim var idi və onun yanına getdim. Bunun səbəbini ondan soruşdum. Buyurdu: 15 ildir ki, həyat yoldaşım xəstə yatağındadır. Mən onun üçün bütün işləri görürəm. Paltar yuyuram, alış-veriş edirəm. Bayır işlərini də mən görürəm. Məsələn, yemək pis olanda üstümə qışqırır və evi başıma yıxır. Deyir: Bu nə yeməkdir, bişirmisən? Mən onun bu vəziyyətinə səbir etmişəm və Allah da mənə bu inayəti bəxş edib.
Başqa bir nümunə kimi Buşəhrin İmam-cüməsi Ayətullah Səfayi Buşəhrini göstərmək olar. O, 12 il 15 kv. metr sahəsi olan bir evdə yaşamışdır.
Yaxşı diqqət edin – 15 kvadrat metrlik bir ev. Bu müddət ərzində təhsil almış, ibadət etmiş və tədris etmişdir. O qədər səbir edir ki, bir gün bir nəfər qapısına gəlir və deyir: \"Filan küçədə bir ev var və bu onun açarıdır. O ev sizindir”. Bu zaman Ayətullah Quran ayəsi deyib, göz yaşı tökür.
Bu gün mühüm olan səbir günaha səbir etməkdir. Bu qədər fəsad, bu qədər dinsizlik və əxlaqsızlıq qarşısında səbir etmək doğurdan da çətindir.
Alimlərin bəziləri deyirlər ki, bu o günlərdir ki, Peyğəmbər (s) və Məsum İmamlar (ə) onun vədəsini vermişdilər. Bu günün cəmiyyətində imanı hifz etmək çox çətindir. Çünki hər tərəfdən fəsad yağır. Allah buyurur: \"Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir”. (\"Ənkəbut”, 69).
«(Mənə vəhy olundu ki): «Şübhəsiz, əgər (ins və cin) yolda (əqidə və əməlin düz yolunda) sabitqədəm olsalar, mütləq onları bol su (maddi və mənəvi bərəkətlər) ilə sirab edərdik”. (\"Cinn” 16).
\"Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq”. (\"Əraf” 96).
Ona görə də deyə bilərik ki, səbir edənlər Allahın ərşinə yaxın insanlardır. Bu ərş isə mələklərlə əhatə edilmişdir. Bu insanlarda xüsusi nur vardır və mələklər də bu nurani insanları qoruyur və onlara yardım edirlər. Bu yolla da insanın mələklə bir yerdə yaşamaq arzusu da həyata keçmiş olur.
(Tebyan/ Deyerler.org)