Əhli sünnə qaynaqlarına əsasən ✅ İmam Hüseynin (Allah ondan razı olsun) ölümünə sevinən varmı? Sualaın cavab


➖ Əhməd b. Teymiyyə (Allah ona rəhmət etsin) (ö.h. 728) İmam Hüseyni (Allah ondan razı olsun) öldürən lənətə gəlmişlər barəsində demişdir: “Hüseyni (Allah ondan razı olsun) öldürənə, öldürülməsinə kömək edənə və öldürülməsinə razı olana Allahın mələklərin və bütün insanların lənəti olsun…” (Məcmuul-Fətəva, 4/488).

Digər bir kitabında alim demişdir: “Şübhə yoxdur ki, Hüseyni (Allah ondan razı olsun) öldürmək günahların ən böyüklərindəndir. Onu öldürən, ölümünə razı olan və kömək edən Allahın cəzasına layiqdir” (Minhəcus-Sunnətin-Nəbəviyyə” 4/337).

O, həmçinin demişdir: “Allah Hüseyndən razı olsun, onu öldürənə isə lənət etsin. O, məzlum və şəhid olaraq (Yəzidin) xilafətində öldürülüb” (“Minhəcus-Sunnətin-Nəbəviyyə” 8/95).

 “Artıq Allah-Təala Hüseynə (Allah ondan razı olsun) şəhidlik nəsib etmiş, onu öldürəni, öldürməyə kömək edəni və öldürülməsinə razı olanı isə alçaltmışdır. Hüseyn (Allah ondan razı olsun) üçün özündən əvvəl olan şəhidlərdə gözəl nümunə vardır. Həqiqətən o, və qardaşı (Həsən (Allah ondan razı olsun)) Cənnət cavanlarının ağasıdırlar. Onların ikisi də İslamın ən güclü vaxtlarında yaşadıqları üçün Əhli-Beytin nail olduğu kimi nə hicrətə, nə cihada və nə də Allah yolunda əziyyətə səbir etməyə nail olmadıqlarına görə Allah-Təala da onlara olan nemətini tamamlaması və dərəcələrini qaldırması üçün şəhidliyi ikram etmişdir. Həqiqətən də onun öldürülməsi böyük müsibətdir. Allah-Təala müsibət anında bizim üçün bu sözü ilə istircanı öyrədərək buyurmuşdur: 

“Səbir edənlərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq və Ona da qayıdacağıq deyərlər”. Onlara Rəbbi tərəfindən bağışlanmaq və rəhmət vardır. Onlar doğru yolda olanlardır” (“Bəqərə” surəsi, 156-157-ci ayələr) (Məcmuul-Fətəva, 4/511).

 

Məşhur təfsir alimi İbn Kəsir (Allah ondan razı olsun) (ö.h. 774) demişdir: “İmam Hüseynin (Allah ondan razı olsun) ölümü hər bir müsəlmanı kədərləndirməlidir. O, müsəlmanların ağalarından, səhabələrin alimlərindən və Rəsulullahın (ona və ailəsinə salam olsun) qızlarının ən üstünü olan Fatimənin (Allah ondan razı olsun) oğlu idi. Çox ibadət edən, şücaətli və əliaçıq olmuşdur. Lakin bəzi insanların etdiyi (ağlaşma, zəncir vurma və s. kimi) əməllər bəyənilən deyildir. Ola bilsin ki, o əməllərin çoxu özünü göstərmək və riyakarlıqdan da irəli gəlir… belə müsibətləri xatırlayan zaman deyiləsi ən gözəl söz Əli ibn Hüseynin (Allah ondan razı olsun) (Zeynəl-Abidin) babası Rəsulullahdan rəvayət etdiyi hədisdir. O buyurmuşdur: 

“Müsəlmanın başına bir müsibət gələrsə və üstündən çox keçsə belə o müsibətini xatırlayar və “innə lilləhi va innə ileyhi raciun – biz Allahınıq və Ona da qayıdacağıq” deyərsə, Allah-Təala ona başına gələn müsibət anında verdiyi savabın mislini mütləq verər” (Əhməd 1751, İbn Macə 1598)” (İbn Kəsir, “əl-Bidəyə” 8/221)

 

➖ Bəli, əlbəttə ki, böyük şəxsiyyət olan İmam Hüseynin (Allah ondan razı olsun) öldürülməsi hər bir müsəlmana hər bir insanlıq hissi duyana ağır bir müsibətdir. Necə də müsibət olmasın ki, Peyğəmbər (ona və ailəsinə salam olsun) kimi babanın, Əli (Allah ondan razı olsun) kimi atanın və Fatimə (Allah ondan razı olsun) kimi ananın nəvazişində böyümüş Hüseyn (Allah ondan razı olsun) biz müsəlmanlara da doğma və sevimli sayılır. Kərbəla hadisəsini xatırlayanda gözümüzdən öncə qəlbimiz ağlayır. Əhli-Beytin başına gətirilən bu faciəli müsibəti eşidəndə, yaxud danışanda göz yaşları insandan ixtiyarsız tökülməyə başlayır._

* Hər bir kəs zaman və məkan fərqi olmadan bu hadisəni və digərlərini xatırlayarkən təbii ki, kədərlənə bilər. Lakin hər ilin eyni gününü matəm edib ağlaşma, zəncir vurma, baş yarma və qan tökmə məclisləri qurub mərsiyələr deyərək yalan-gerçəkdən olan ağlaşmaları isə nə Peyğəmbərimiz (ona salam olsun), nə də onun mübarək Əhli-Beyti etməmişdir.

Hz. Həmzə Şəvval ayında Uhud döyüşündə ağır şəkildə şəhid edildi. Peyğəmbərimizə dayaq olan, canı, Əhli-Beyt’dən olan (!), üstün fəzilətli (!), çox sevdiyi əmisi olan Həmzə.. Amma O (ona salam olsun), sonralar Şəvval orucunu dayandırmadı, hər il əzadarlıq etməyə, habelə bunun (Həmzə üçün əzadarlığın) – orucdan daha fəzilətli olduğunu demədi və ‘bu ayda oruc tutanlar Həmzəni sevmirlər’ – də demədi../https://islamevi.az/ 


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter