Əhli Sünnə qaynaqlarında ✅ İmam Hüseynin (Allah ondan razı olsun) Übeydullah ibn Ziyad və Kufə ordusuna Allahı xatırladacaq xütbəsi ?!
➖ İmam Hüseynlə (Allah ondan razı olsun) olanların sayı yetmiş iki atlı, Kufə ordusunun sayı isə beş min nəfərdən ibarət idi. İki tərəf də üz-üzə durduqda İmam Hüseyn (Allah ondan razı olsun) Kufə ordusuna deyir: “Bir dayanın və özünüzü hesaba çəkin! Mənim kimisi ilə sizin döyüş etməniz düzgündürmü?! Axı mən sizin Peyğəmbərinizinﷺ qızının oğluyam. Yer üzündə məndən başqa Peyğəmbər qızının oğlu yoxdur. Artıq Allahın Rəsulu mənim və qardaşım üçün demişdir: “Bu ikisi Cənnət cavanlarının ağasıdır””. Sonra onları Ubeydullahın əmrinə tabe olmayaraq özünə qoşulmağa səsləyir. Təəssüflər olsun ki, dağları daşları titrədəcək İmam Hüseynin (Allah ondan razı olsun) bu sözləri onların xain qəlblərini titrətmədi. Nəhayət Ubeydullahın ilk göndərdiyi ordusunun başında olan Hurr ibn Yəzid də daxil olmaqla otuz nəfər İmam Hüseyn (Allah ondan razı olsun) tərəfə keçir.
Hurr ibn Yəzidə “sən bizə başçı olaraq gəlmişdin indi isə Hüseynin (Allah ondan razı olsun) yanına gedirsən?!” deyirlər. O, deyir: “Vay olsun sizə! And olsun Allaha ki, mən özümə Cənnət və Cəhənnəm arasında seçim verirəm. Vallahi doğranıb yandırılsam belə Cənnətdən qeyrisini seçmərəm”. Sonra isə İmam Hüseyn (Allah ondan razı olsun) onlara əks tərəf də daxil olmaqla imam duraraq müsafir olduqları üçün Zöhr və Əsr namazlarını qıldırır. O vaxt ki, Məğrib namazının vaxtı çatır İmam Hüseyn (Allah ondan razı olsun) yuxudan oyanır və atlıların onlara tərəf gəldiyini görəndə “bu nədir?” deyir. Deyirlər: “Onlar bizə tərəf gəlirlər”.
İmam Hüseyn (Allah ondan razı olsun) deyir: “Gedin onlara deyin ki, nə istəyirlər?” İmam Hüseynin (Allah ondan razı olsun) qardaşı olan Abbas ibn Əli ibn Əbi Talib (Allah ondan razı olsun) də daxil olmaqla iyirmi atlı gedərək onlardan soruşur və onlar da “ya Ubeydullah ibn Ziyadın hökmünə tabe olmalıdır, ya da döyüşməlidir” deyirlər. Hüseynin (Allah ondan razı olsun) adamları deyirlər: “Gedək Əbu Abdullaha (Allah ondan razı olsun) xəbər verək”. Hüseynin (Allah ondan razı olsun) yanına gələrək xəbər verirlər və o, deyir: “Onlara deyin ki, bu gecə bizə möhlət verin, mən Rəbbim üçün namaz qılım. Çünki mən Rəbbim üçün namaz qılmağı çox sevirəm və sabah sizə xəbər verərik”. Beləliklə İmam Hüseyn (Allah ondan razı olsun) və onunla olanlar o gecəni namazla, istiğfarla (bağışlanma diləməklə) və dua ilə keçirirlər./https://islamevi.az/