ƏHLİ SÜNNƏ qaynaqlarında ✅ İraq və Kufə əhli kimlər idi?!


➖ İmami alimi olan Şeyx Cavad Muhəddisi demişdir: “Kufə əhli tarixdə xəyanət və əhdi pozmaqla məşhur olmuşdur… Ümumən İslam tarixi Kufə əhlinin əhdinə sadiq olması barədə yaxşı fikir daşımır… Kufə əhlinin sifətləndiyi nəfsi və əxlaqi xüsusiyyətlərinə belə işarə etmək olar: Hiyləgərlik, cürbəcür rəngə girmək, pis əxlaq, hərislik, şayiələri təsdiqləmək, qəbilə təəssübkeşliyi. Üstəlik də onlar müxtəlif qəbilələrdən təşkil idilər. Bütün bu səbəblərə görə imam Əli (Allah ondan razı olsun) onların əli ilə iki acını daddı. İmam Həsən (Allah ondan razı olsun) onların xəyanəti ilə üzləşdi. Muslim ibn Aqil məzlum olaraq onların arasında öldürüldü. Hüseyn Kərbəlada susuz olaraq Kufə yaxınlığında və Kufə ordusunun əli ilə öldürüldü” (Muhəddisi, “Movsuatu Aşura” səh. 59).

Digər  müasir imami alimlərindən olan Şeyx Hüseyn əl-Kurani həmçinin demişdir: “Kufə imanının mühüm xüsusiyyətləri nədir? Onu aşağıdakılarla qeyd etmək olar: Birinci: İslama köməkdən geri çəkilmək. İkinci: Var-dövləti sevmək. Üçüncü: Hadisələrdə cürbəcür rənglərə girmək.” (Kurani, “Fi Rihəbi Kərbəla” səh. 53)

 

Möminlərin əmiri İmam Əli (Allah ondan razı olsun) qorxaq  və xəyanətkar Kufə əhlinə qarşı olan öz məşhur xütbəsində demişdir:

➖ “Ümmətlər başçılarının zülmündən qorxduğu halda mən isə rəiyyətimin zülmündən qorxmağa başlamışam. Sizi döyüşə çağırdım getmədiniz. Eşitdirdim eşitmədiniz. Gizlində və aşkarda sizi dəvət etdim cavab vermədiniz. Sizə nəsihət etdim qəbul etmədiniz. Burada olsanız da yox kimisinizmi?! Qul olsanız da ağa kimisinizmi?! Sizə hikmətlər deyirəm ondan ürkürsünüz. Gözəl öyüd-nəsihətlər verirəm ondan qaçırsınız. Sizləri həddi aşmışlara qarşı cihada həvəsləndirirəm, sözüm sona çatmamış Səba övladları kimi dağınıq görürəm… And olsun Allaha, istəyirəm ki, Muaviyə (bir qızıl) dinar (on gümüş) dirhəmə dəyişdirilən kimi məndən sizlərin onunuzu götürsün və öz ordusundan birini versin. Ey Kufə əhli, sizdə olan üç şeyə və iki şeyə görə qəm-kədərə batmışam. Qulağınız olsa da, karsınız. Danışığınız olsa da, lalsınız. Gözləriniz olsa da, korsunuz. Döyüşdə həqiqi azad insanlar kimi deyilsiniz. Çətin anlarda isə etibar ediləsi qardaşlar deyilsiniz. Əlləriniz qurusun. Peyğəmbərinizin Əhli-Beytinə baxın. Onların yolundan çıxmayaraq əməllərinin ardınca gedin. Onlar sizi heç vaxt doğru yoldan çıxarmaz və azğınlığa aparmazlar… Mən artıq Məhəmmədin səhabələrini gördüm. Sizlərdən heç bir kəsin onlara oxşadığını görmürəm. (Çoxlu gecə namazı qıldıqlarına görə) saçları dağınıq və toz içində sabahlayar, gecəni səcdə və qiyam halında keçirərdilər. Axirəti xatırlayarkən elə bil ki, köz üzərində durardılar. Səcdələrinin uzunluğundan elə bil ki, gözlərinin ortasında keçinin dizləri var idi. Allah xatırlanan zaman yaxaları islanana qədər gözləri yaş tökərdi. Allahın əzabından qorxduqlarına və savabından istədiklərinə görə şiddətli küləkli gündə ağacların əsdiyi kimi əsərdilər” (Nəhcul-Bələğa, xütbə 97)

 

İmam Əli (Allah ondan razı olsun) həmçinin İraq camaatını məzəmmət edərək demişdir :

➖ “Ey İraq əhli…, Artıq mənə çatmışdır ki, siz (nifaqa və ikiüzlülüyə görə) deyirsiniz: “Əli yalan danışır”. Allah sizi öldürsün! Kimə yalan danışıram?!…” (Nəhcul-Bələğa, xütbə 70)

 

İmam Əli (Allah ondan razı olsun) həmçinin onun tərəfdarları olduqlarını iddia edənlərə qarşı digər bir xütbəsində demişdir :

“Ey kişiyə oxşayıb kişi olmayanlar…! Allah sizi öldürsün! Ürəyimi irinlə, sinəmi qəzəblə doldurdunuz…” (Nəhcul-Bələğa, xütbə 2)

 

Bu xainlər tək imam Əliyə (Allah ondan razı olsun) yox, həmçinin də İmam Həsən (Allah ondan razı olsun) və İmam Hüseynə (Allah ondan razı olsun) qarşı da xainlik edərək gözəl Peyğəmbər balalarını və böyük Əhli-Beyt imamlarını köməksiz buraxmış, hətta onlara qarşı vuruşmuşdular./ https://islamevi.az/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter