Əhli Sünnə qaynaqları əsasında - Kərbəla tarixində Müslim ibn Əqilin əhvalatında nələr baş vermişdir?!


✅ Hüseyn (Allah ondan razı olsun) Muslim ibn Aqili (Allah ondan razı olsun) Kufəyə göndərir.

➖ Əlbəttə ki, İmam Hüseyn (Allah ondan razı olsun) qeybi bilmədiyinə görə onların dediklərində doğru olub-olmadıqlarını yoxlamaq və onun gəlişindən qabaq orada hazırlıq işləri aparmaq üçün əmisi Aqil ibn Əbi Talibin (Allah ondan razı olsun) oğlu olan Muslimi (Allah ondan razı olsun) Kufəyə göndərir. Kufəyə çatan Muslim araşdırmalardan sonra görür ki, həqiqətən insanlar Yəzidi yox,  Hüseyni (Allah ondan razı olsun) istəyirlər. Muslim Hani ibn Urvanın evində qalır və insanlar camaat halında Muslimin yanına gələrək İmam Hüseyn (Allah ondan razı olsun) üçün ona beyət edirlər. Həmin dövrdə Kufənin əmiri Nöman ibn Bəşir idi. O, Muslimin Kufədə olduğunu və insanların Hüseyn üçün ona beyət etdiklərini bilməsinə baxmayaraq özünü bilməməzliyə vurur. Lakin, Nömanın ətrafında olanlardan bəziləri Yəzidin yanına gedərək Kufəlilərin Muslimə beyət etməsini və Nömanın da bu işə məhəl qoymamasını çatdırırlar.

 

✅ Kufə əhlinin Muslimi köməksiz buraxması.

➖ Bu xəbər (Übeydulların Yezid tərəfindən Kufəyə təyin olunması)  Muslim ibn Aqilə çatır və o, dörd min nəfərlə Ubeydullah ibn Ziyadın sarayına gedərək onu mühasirəyə alır. Bu zaman digər Kufəlilər də onlara qoşulur. Lakin, Ubeydullah yanında olan qəbilə başçılarını və nüfuzlu şəxsləri mal-dövlətlə həvəsləndirərək və Şam ordusu ilə qorxudaraq insanları Muslimi köməksiz buraxmalarına çağırmaqlarını tələb edir. Çox keçmir ki, Muslimin ətrafında olan dörd min nəfərdən yalnız otuz nəfər qalır. Axşam olmamış isə Muslim ibn Aqil artıq Kufə küçələrində tək-tənha olaraq hara sığınacağını belə bilmir. Nəhayət yaşlı bir qadının qapısını döyərək ondan su istəyir. Qadın təəccüblənərək onun kim olduğunu soruşur. O, “mən Muslim ibn Aqiləm” deyərək insanların onu tək buraxdıqlarını və Hüseynin (Allah ondan razı olsun) də gələcəyini deyir. Qadın onu qonşu evə daxil edərək su və yemək gətirir. Lakin, qadının oğlu Muslimin yerini Ubeydullaha çatdırır və Ubeydullahın göndərdiyi yetmiş kişi Muslimi mühasirəyə alır. Muslim onlarla döyüşür. Sonda isə ona toxunulmazlıq qərarı verdiklərinə görə Muslim onlara təslim olur və Ubeydullah ibn Ziyadın sarayına aparılır. Ubeydullah Muslimdən etdiklərinin səbəbini soruşur və o da “boynumuzda Hüseynə olan beyətə görədir” deyir. Ubeydullah deyir: Boynunda Yəzidə beyət yoxdurmu? Sonra deyir: “Mən səni öldürəcəyəm!” Muslim deyir: “Onda qoy vəsiyyət edim”. O, da “et” deyir. Muslim çevrilərək Ömər ibn Saad ibn Əbi Vaqqası görür və “sən mənə insanlardan qohumluğa görə daha yaxını olansan. Gəl sənə vəsiyyət edim” deyərək onu otağın bir küncünə aparır. Ona Hüseynin (Allah ondan razı olsun) yanına adam göndərərək qayıtmasını deməsini vəsiyyət edərək deyir: “Ailənlə geri qayıt. Kufə əhli səni aldatmasın. Həqiqətən Kufəlilər səni də yalanla aldatdılar, məni də. Yalançı sözünün üstündə durmaz”. Ömər ibn Saad da Hüseynin (Allah ondan razı olsun) yanına bunları deməsi üçün bir kişi göndərir. Təəssüflər olsun ki, nəhayət İmam Hüseynin sadiq əmisi oğlu olan Muslim ibn Aqil Arafat günü öldürülür. Lakin, artıq İmam Hüseyn (Allah ondan razı olsun) Muslimin ölümündən bir gün qabaq Məkkədən çıxmışdı./https://islamevi.az/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter