Qurban kəsərkən hansı dua oxunar və necə paylanılar ?


Qurban kəsərkən hansı duaları oxumaq tələb edilir?

Qurban kəsərkən yalnız Allahın adını çəkmək (məsələn, «bismillah» demək) vacibdir. Hər hansı başqa duanı oxumaq vacib deyil, müstəhəbdir. Qurban kəsərkən oxunan geniş yayılmış müstəhəb dua belədir: «Vəccəhtü vəchiyə lilləzi fətərəs-səmavati vəl-ərzə hənifən müslimən və ma əna minəl-müşrikin. İnnə səlati və nüsüki və məhyayə və məmati lillahi rəbbil-aləmin. La şərikə ləhü və bizalikə ümirtü və əna minəl-müslimin. Allahümmə minkə və lək. Bismillahi vəllahü əkbər». Tərcüməsi: «Tək tanrıya inanan müsəlman şəxs kimi göyləri və yeri yaradana (Allaha) üzümü tuturam. Mən müşriklərdən deyiləm. Mənim namazım, qurbanlığım, həyatım və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür. Onun şəriki yoxdur. Mən buna (yəni iman gətirməyə) əmr olunmuşam və mən müsəlmanlardanam. Allahım, bu qurbanlıq Səndəndir və Sənə görədir. Allahın adı ilə kəsirəm, Allah hər şeydən ucadır». Qurbanı kəsəndən sonra deyilir: «Allahümmə təqəbbəl minni». Tərcüməsi: «Allahım, (bu qurbanı) məndən qəbul et».  

Qurbanlıq ətini necə bölüşdürmək lazımdır?

Qurbanlıq sahibi əti üç hissəyə bölüb birini özü və ailəsi üçün götürə bilər. Yerdə qalan iki hissədən birini də öz qonşularına və dostlarına (ehtiyaclı olmasalar belə) verə bilər. Bir hissəni isə mütləq ehtiyacı olanlara (özü də qohum olmayan yad adamlara) paylamalıdır. Hədislərdən məlum olur ki, İmam Zeynül-abidin (ə) və İmam Mühəmməd Baqir (ə) qurbanlıq ətini məhz bu şəkildə bölüşdürürmüşlər (Əllamə Məclisi. Biharül-ənvar, 99-cu cild, səh. 296, 16-cı hədis). Lakin qurban sahibi istəsə, ətdən özünə pay götürmədən, hamısını ehtiyaclılara yaxud yaxın adamlara paylaya bilər. Həzrət Mühəmməd Peyğəmbər (s) vida həcci zamanı kəsdiyi dəvələrin ətini bütünlükdə paylamış, hətta dərisini və yəhər-ovsarını da sədəqə vermişdi. Özü isə həmin ətdən bişirilmiş xörəkdən bir az dadmaqla kifayətlənmişdi.

Mənbə: https://islam.az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter