Dinlərdə qurban anlayışı: Savab, yoxsa günah? - ARAŞDIRMA


Müxtəlif dinlərdə qurbanın mahiyyəti, ritualların formaları, qədimdən bu günə çatan ənənələr

Qurban mərasimi tarix boyunca müxtəlif mədəniyyətlərdə lap qədimlərdən tətbiq olunan bir ibadət formasıdır. Qurban mərasimləri haqda ən qədim mənbələrdə- şumer yazılarında çox maraqlı məlumatlar var. Qurbanvermə mərasimi Tanrının birliyini söyləyən bütün dinlərdə (iudaizm, xristianlıq, vaişnavizm, zərdüştlük, islam və s.) vacib prinsiplərdən biridir. Bu səbəbdən bütün dinlərdə qurban mərasimləri var. Amma bir-birindən fərqli formalarda.

 

Bəzi dinlərdə Tanrıya canlılar da qurban edilir. Bu, həm satanizmdə olduğu kimi insan, həm də islam və iudaizmdə olduğu kimi heyvan qurbanı ola bilər. Amma digər Şərq dinlərində, əsasən zərdüştlük, induizm, vaişnavizm, buddizm, çaynizmdə Tanrıya qansız qurbanlar verilir. Bu qurbanların əsasını təbiətin nemətləri- meyvə-tərəvəz, süd məhsulları, gül-çiçək, ətirli çubuqların tüstüsü təşkil edir.

 

Yəhudilikdə Tanrıya qurban nələr qurban edilir?

Yəhudilikdə qurban insanın günahının təmizlənməsi üçün vacib hesab edilir. Onlara görə, bütün qurbanlar günahların bağışlanmasını təmin etmək üçün lazımdır. Yəhudilərin müqəddəs kitabı sayılan “Tövrat”da ənənəvi ibadətlər əsasən qurbanlara həsr edilib.

Yəhudilər həm qanlı, həm qansız qurban verirlər. Qanlı qurban dedikdə heyvan qurbanı nəzərdə tutulur, yəhudilər müsəlmanlardan fərqli olaraq xırda heyvanları- quş, toyuq kimi qurbanlar da verirlər. Amma daha cox qurbanı qansız verməyə üslünlük verirlər. Bu kimi qurbanlar əsasən şirniyyatlardan, tərəvəz və meyvələrdən verilir.

 

Xristianlıqda Tanrıya hər şeyi qurban vermək olar

Xristianların qurban anlayışı yəhudilərinkindən qaynaqlandığından onunla bir çox ortaq istiqamətləri var. Lakin xristianlar, yəhudilərin “Fısıh” kimi tanınan qurban bayramındakı ruhi məqsədin İsa Məsihin gəlişi ilə tamamlandığına inanırlar.

“İncil”də qurban qanının axıdılması ilə günahların bağışlanılmasının işarələndiyi deyilir. Amma heyvan qanı ancaq simvol xüsusiyyətini daşıdığından günahların bağışlanmasını təmin edə bilməz. Tanrının İbrahimin oğlunun yerinə göndərdiyi qoç qurbanın bir simvolu kimi qəbul olunur.

“Müqəddəs təkliflərinizi və qurbanlarınızı götürüb Rəbbin seçəcəyi yerə gedəcəksiniz. Yeməli nemətlərinizi, əti və qanı Rəbbin hüzurunda təqdim edəcəksiniz. Qurbanınızın qanı Tanrınızın sunağına axacaq. Amma əti yeyə də bilərsiniz (Qanunun Təkrarı 12:23-27).

“Bibliya”da Tanrıya hər şeyin qurban verilə biləcəyi vurğulanır, ən böyük qurban isə İsa peyğəmbərin bütün insanların günahlarının bağışlanılması üçün özünün fəda etməsi hesab olunur.

 

İslam dinində qurban anlayışı nəyi ehtiva edir?

İslam dininə görə, qurbankəsmə İbrahim peyğəmbərin adı ilə bağlıdır. Dini rəvayətə görə, İbrahim bir oğlu olacağı təqdirdə onu münnətdarlıq üçün Tanrıya qurban etməyi niyyət edib. Oğlu İsmayıl dünyaya gəlir və bəlli bir yaşa çatanda Tanrı öz peyğəmbərini sınamaq üçün yuxusunda İbrahimdən sözündə durmasını və oğlunu qurban etməsini tələb edir.

İbrahim Tanrının bu əmrini tərəddüdsüz yerinə yetirməyə gedir. Amma Tanrı öz bəndəsinin sədaqətinə inandığı və onun övlad qanı axıtmaması üçün qeybdən qoç peyda edir və oğlunun əvəzində onun qurban edilməsi istənilir.

İslama görə qurban edilən heyvan Allah üçün kəsilir. “Onların nə ətləri, nə də qanları Allaha çatır. Ona sadəcə sizin düşüncə və niyyətiniz çatır”. (Həcc 22/37)

İslamda “pulla qurban payını pulla almaq və qurban əti satmaq” kimi bir anlayış yoxdur. Yəni, qurban kəsilən heyvanın əti ehtiyacı çox olanlara paylanmalıdır.

Qurban bayramında adətən qoyun qurbanı kəsilir. Amma bundan başqa, inək, dəvə, keçi də kəsilməsi mümkündür. Bəzi islamşünaslar deyir ki, toyuq, xoruz və digər bu kimi quşların qurban kəsilməsi düzgün deyil.

 

Lakin dinşünas-alim Nəriman Qasımoğlu isə bu sözlərlə tam olaraq razılaşmir. İlahiyyatçı deyir ki, qurban kəsmək kütləvilikdən uzaqdır: “Qurban kəsmək əmri yalnız və yalnız Həzrəti peyğəmbərə xitab edilən bir xüsusdur. Başqa müsəlmanların qurban kəsmələri bir fərz deyil, amma peyğəmbərin bir sünnətini, yəni onun qoyduğu qayda-qanunu icra etmək mütləqdir. Bu, İlahidən gələn bir əmr olub, zamana və hadisəyə görə. Tanrı indi hamıya əmr etmir ki, kəsməlisən. Ey müsəlmanlar, qurban kəsin! - deyə bir əmr yoxdur”.

Bir neçə il əvvəl haqqın dərgahına qovuşmuş nüfuzlu türk ilahiyyatçı alimi, Quranın ən güclü tədqiqatçılarından biri Yaşar Nuri Öztürk də hesab edirdi ki, Quranda heyvan kəsmək deyə bir ibadət yoxdur: “Çünki Qurban Allaha yaxınlaşmaqdır, Ona isə qan tökərək yaxınlaşmaq olmaz”. Alimin fikrincə, bu sadəcə adətdir və Həccə gələnlərə yemək təqdim etmək üçün edilib: “Peyğəmbərin səhabələri də heyvan kəsməyib və bunun dini əmr yox, sadəcə adət olduğunu deyiblər. Peyğəmbər özü isə yalnız Həcc vaxtı qonaqlarına yemək vermək üçün heyvan kəsdirib”.

Alim islam dininin qurban kəsmək adlı bir ibadəti olmadığını bu çıxışında Qurana əsasən izah edib- https://www.youtube.com/watch?v=_K-vuwXn4fY

 

Vaişnavizmdə və induizmin digər qollarında qurban

Bəşəriyyətin ən qədim dinlərindən biri olan vaişnavizmə görə, Tanrının müqəddəs adlarının tərənnümü (zikr)- qurbanların ən böyüyü hesab edilir. Krişnaçılar deyirlər ki, Tanrı öz adlarına bütun transendental enerjilərini hopdurub. Bu dövrdə qurtuluş ancaq və ancaq Tanrının müqəddəs adlarının zikri ilə əldə edilə bilər.

Bakı Krişna Şüuru Cəmiyyətinin üzvü, tədqiqatçı ilahiyyatşünas Ramil Əliyev deyir ki, Qurban- insanın pis keyfiyyətlərinin Zikr odunda yandırılması anlamındadır: “Krişna şüurunda qurban əsasən meyvə-tərəvəzdən, süd məhsullarından, eyni zamanda təzə-tər çiçəklərdən və ətirli çubuqlardan (buxur) verilir. Qurban mərasimi əsasən böyük bir ocağın kənarında həyata keçirilir. Tanrını öyən, vəsf edən nəğmələr söylənir və ocağın kənarına Tanrıya təklif edilən bütün qidalar düzülür. Daha sonra Tanrının bu qidaları qəbul etməsi üçün müvafiq dualar-mantralar oxunur. Vaişnavlar inanırlar ki, Tanrı ona təklif edilən qidalara öz enerjisini hopdurur”.

 

R.Əliyev deyir ki, belə qurban Allahın verdiyi bütün nemətlərə görə Ona bir növ minnətdarlıqdır: “Vaişnavların müqəddəs kitablarında- 5 min il əvvəl göndərilmiş “Baqavad-Qita”da və bütün Veda külliyyatında qurban anlayışı digər dinlərdən kifayət qədər fərqlənir. İnsanın Tanrıya öz sevgisini, vaxtını sərf etməsi, pis vərdişlərdən uzaq olması, xeyirli əməllərlə məşğul olması da bir növ qurban hesab olunur.

“Baqavad-Qita”da qurbanla bağlı belə deyilir:

“Əgər insan Mənə sevgi və sədaqətlə yarpaq, gül, meyvə və ya su təklif edərsə, Mən bunu qəbul edərəm” (9/26).

“Tanrı fədailəri yalnız qurban edilmiş qida yediklərinə görə, hər cür günahdan azad olurlar. Qidanı hissi həzz üçün hazırlayanlar isə, əslində haram qida yeyirlər”- (3/13).

Krişna Şüurunun açaryası (böyük ustadı) Baktivedanta Svami Prabhupada “Baqavad-Qitaya” yazdığı şərhlərində bu cümlələri belə izah edir: “Uca Tanrıya fədaisinin Ona sevgi ilə xidmətindən başqa heç nə lazım deyil. Əgər fədai Ona təmiz və sadə bir qida təklif edərsə, Tanrı bunu qəbul edəcək. Əsl fədai bütün həyat fəaliyyətini Tanrıya həsr etməli, hər şeyini Ona qurban verməli, daim Onu düşünməli, Onun müqəddəs adlarını zikr etməlidir”.

.

Buddizmdə və Caynizmdə qurban necədir?

Buddizmdə Buddaya səcdə edilir. Bu­ddist məbədə daxil olanda əvvəlcə Buddanın murtisinə (heykəlinə) təzim edir və Buddaya çiçək, ətirli ağacların tüstüsünu (buxur yandırmaq), meyvə, tərəvəz təklif edir. Hər bir buddistin evində Buddanın kiçik heykəli- murtisi var. Buddistlərə görə qurban qansız olmalıdır. Qurban heç bir canlıya zərər vermədən həyata keçirilməlidir.

Qurbanlar bir qayda olaraq təmiz və saf tərəvəzlər, eləcə də meyvələrdən olur. Buddanın murtisinin qarşısına qoyulan qurbanların qəbul edilməsi üçün təyin edilmiş dualar oxunur. İnanca görə təklif olunmuş qidaların sonra insanlar tərəfindən yeyilməsi xoşbəxtlikdir. Çünki o qidalara Buddanın ölməz enerjisi hopub.

 

Əvvəllər sərbəst şəkildə dərvişlik- zahidlik edən çaynist rahiblər, daha sonralar monastırlarda məskən saldılar. Rahib və rahibələr hər gün müqəddəs duaları oxuyaraq, ruh və bədənlərini tərbiyə edirlər. Caynistlərin ən birinci prinsipi (ahimsa prinsipi) heç bir canlını incitməməkdir, bunun üçün də onlar qəti şəkildə ət yemirlər. Elə bu səbəbdən də çaynizmdə qurban anlayışı qansız qurban deməkdir. Yəni, onlar Tanrıya meyvə-tərəvəz qurbanı, ətirli ağaclardan hazırlanmış buxurları təklif edirlər.

Qurban mərasimi hər gün yerinə yetirilir. Tanrının murtiləri önündə ilahilər, yəni ruhi nəğmələr söylənir, Ona mahnılar qoşulur. Daha sonra murtilərin qabağına qansız qurbanlar düzülür. Bu qurbanların əsasını təmiz yuyulmuş təzə meyvələr, tərəvəzlər və buxurlar təşkil edir. Daha sonra isə Tanrıya ətirli yağlar və təzə çiçəklər təklif olunur.

 

Zərdüştülükdə Tanrıya nələr qurban verilir?

Bəşər tarixinin ilk təktanrıçılıq dinlərindən hesab olunan Zərdüştlükdə (Mazd-Yasna) qurban mərasimi hər zaman ən vacib rituallardan biri olub. Qurban Tanrının ən güclü maddi enerjisi sayılan Od vasitəsilə verilirdi. Novruz, Xvarna kimi bayramlarda böyük tonqallar yandırılır, muğlar (maqlar) meyvə-tərəvəz, dənli bitkilər, gül-çiçək kimi təbiət nemətlərindən Oda atmaqla Tanrıya qansız qurbanlar verərdi. Bu mərasimi 2005-ci ildə çəkdiyimiz qısametrajlı filmdə səhnələşdirmişik- bu linkdən baxa bilərsiniz.

 

Tanrıçılıq, şamançılıq kimi ən qədim din olan Zərdüştlükdə də qurban mərasimi humanizmə, sülhə əsaslanıb. Zərdüştlüyün müqəddəs kitabı olan “Avesta”da insan və heyvanların qurban verilməsi qətiyyətlə pislənir. Tanrıya yalnız bar verən bitkilərin məhsulları qurban edilir. Belə ki, hətta canlı olan bitkinin özünün yox, barının qurban edilməsi canlının öldürülməsinin qəbul edilmədiyini göstərir.

Nəsir Rzayevin “Möcüzəli qərinələr” kitabından bir çıxarış (Azərnəşr, 1984, səh. 35): “Avesta qanunlarına əsasən kahinlər mehrabda yanan müqəddəs odun işığında qurban (nəzir) vermə ayini keçirərkən əllərində müqəddəs “baresma çubuqlar”ı tutduqları halda, Tanrının dünyanı yaratması haqqında himn, mahnı və dualar oxuyurmuşlar”.

 

“Mazd-Yasna”da və sonralar onun ilkin ehkamlarının bərpası məqsədilə yaranmış maniçilik, məzdəkilik, hürrəmilik, sufilik kimi dini təlimlərdə qurban mərasimləri demək olar ki, tamamilə eyni olub. Bu mərasimlərin bəzi elementləri bu gün Novruz bayramı vasitəsilə yaşamaqdadır, amma bir çoxu unudulub.

Zərdüştlük ilkin vaxtlarda qansız qurban mərasimlərinin davamlı keçirildiyi din olub, lakin sonradan ideoloji deqradasiya gedib və heyvanların da (xüsusilə atın) qurban edilməsi də rituallara daxil edilib.

 

Afrika dinlərində qurbanvermə anlayışı

Afrika mənşəli dinlərdə də qurban mərasimləri müxtəlif formalarda həyata keçirilir. Nüfuzlu ilahiyyatşünas, tədqiqatçı alim Con Feyvors özünün “Ruhi döyüşçü” adlı məşhur elmi-fəlsəfi əsərində qeyd edir ki, dünyada Afrika dini ayinləri kimi təqdim edilənlərin demək olar ki, hamısı əsl Afrika ənənələrinin təhrif olunmasından başqa bir şey deyil.

İlahiyyatçı alimin fikrinə görə, hazırda planetdə mövcud olan şüur səviyyəsi ilə icra olunan canlı varlıqların qurban gətirilməsi ayinləri ilahi gəlişə səbəb ola və ilahi şüuru oyada bilməz. İncə maddi enerjiyə həssas olan adamlar elə mərasimlərdən kənar durmalıdır. Çünki, onları əhatə edən sahə mənfi enerji ilə doludur. Bu enerji insan şüurunun dərinliyinə keçə bilir.

Qurbanvermə ayinləri qədim Misirdə də əsas dini rituallardan biri olub. Con Feyvors qeyd edir ki, o zamanlar piramidalar məbəd rolunu oynayıb, onlarda od qurban gətirmələri və ayinlər icra edilib.

“Piramidalar kiçik formada olan kainata bənzəyir, onun tikintisi yerdən aşağı planetlərdən tutmuş yüksək planetlərə və sonra da ruhi aləmə kimi bütün kainatın quruluşunu ifadə edir. Piramidanın zirvəsi ruhi aləmi ifadə edirdi. Zirvənin üstündə qara amanit daşı qoyulub. Bu daş isə Uca Tanrının rəmzi idi”.

 

Alim yazır ki, qədim inanclarda qurbanvermə mərasimi təyin edilmiş çərçivəyə salınmış şəkildə idi və müəyyən şərtlərə riayət etməklə, bilikli, elmli və eyni zamanda mömin adamlar tərəfindən keçirilirdi: “Kahin heyvanın bu həyatını əlindən alaraq, onu ya “yuxarı səltənət”ə yollayır, ya da növbəti həyatda onun daha yüksək səviyyəli bədən almasını təmin edirdi.

Beləliklə, qurbankəsmə nəticədə heyvanı azad edirdi. Bizim dövrdə isə adamlar heç bir müvafiq biliyi və şüur səviyyələri olmadan heyvanları qurban verirlər. Bu isə həm onların özləri, həm də onun əhatəsində olanlar üçün arzuolunmaz mənfi nəticələrə səbəb olur”.

 

Satanizmdə qurban- bu əsl dəhşətdir!

Satanistlər ayinlərində əsasən pişiyi qurban edirlər və kəsilmiş pişiyin ətini qovurub yedikdən sonra həmin pişiyin qanını da içirlər. Onlar qurbanlıq arasında fərq qoymurlar, yalnız pişik deyil, xoruz, dovşan kimi heyvanları da qurban verirlər. Çünki satanist ayinində əsas olan hər hansı bir heyvanın qurban edilməsidir, fərq etməz bu hansı heyvandır.

Lakin əksər satanistlər daha çox pişiyə üstünlük verirlər. Bunun da olduqca fərqli səbəbləri var. Bəzilərinə görə, pişik “nankor heyvan” olduğu üçün məhz onu seçmək lazımdır. Başqa bir səbəb isə asan əldə edildiyi üçündür. Üçüncü səbəb: insanlar pişiyi sevir və dəyər verirlər, insanları incitmək və dəyərləri heçə saymaq üçün pişiyi qurban kəsmək satanistlərə daha çox həzz verir.

Satanistlər pişiyin qanının içənə “ölümsüzlük” veriləcəyini hesab edirlər. Əsas səbəb isə, satanist inancında şeytanın “qaniçən” kimi təsvir edilməsidir. Yəni, satanist pişiyin qanını içirsə, şeytanlaşmış olur.

 

Qısası, satanistlərə görə, şeytana daim canlı qurban verilməlidir. İldə bir dəfə isə gənc qızın qurban edilib qanının içildiyi barədə məlumatlar var. Çünki satanizmin əsas xüsusiyyətlərindən biri də daim şər tərəfdə qərar tutmaq və həmişə dinin qadağan etdiklərini etməkdir.

Bakıda da satanistlərin gizli icmasının olduğu barədə mediada məlumatlar yayılır. Sosial şəbəkələrdə bəzi gizli profillər açmış şəxslər özlərini satanist adlandırır.

Ümumiyyətlə, ən nüfuzlu ilahiyyatşünasların fikrincə, qurban anlayışı yalnız Tanrıya xidməti özündə ehtiva edir, bu səbəbdən də hər bir insan Tanrıya nəyisə qurban verə bilər. Buraya cox sey daxil ola bilər- həm maddi, həm mənəvi cəhətdən. Bu, maddi sərvətinin bir hissəsindən əl çəkmək və onu imkansızlarla paylaşmaq da ola bilər ki, ən böyük qurban bu sayılar. Ya da zərərli vərdişlərindən, həzzverici adətlərindən, haqsız və haram sərvət əldə etməkdən, başqalarına zərər vurmaqdan və digər mənfi xüsusiyyətlərindən əl çəkmək. Bütün dinlərin ümumi fikrinə görə, qurban yalnız saf qəlbdən, təmənnasız, sevgi və səmimiliklə təklif edildikdə Tanrı tərəfindən qəbul olunur.

Elçin Bayramlı Sağlam Cəmiyyət Hərəkatının rəhbəri


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter