Qurbanlıq kəsilən heyvanların şərtləri vardırmı? Şəri hökmlərini izah edirik.


Qurbanlıq heyvanla və onun kəsilməsi ilə əlaqədar bəzi şərtlər vardır:

1. Dinimizə görə qurbanlıq heyvan növləri bunlardır:
qoyun, keçi, inək və camış və dəvə.
Ancaq bu heyvanlardan qurban kəsilə bilər. Toyuq, xoruz, ördək, qaz, dəvə quşu, ceyran kimi heyvanlardan qurban kəsmək olmaz. Qurbanlıq heyvanın erkək və ya dişi olmasının fərqi yoxdur, lakin qoyunun erkəyinin, digərlərinin isə dişisinin kəsilməsi daha üstündür.
Qoyun və keçini ancaq bir nəfər, dəvə, inək və camış cinsindən olan heyvanı isə ən çox yeddi nəfər birləşib qurban olaraq kəsə bilər.

2. Qoyun və keçi cinsindən olan heyvanlar bir yaşında qurban kəsilə bilərlər. Amma fəqihlərin bir çoxunun fikrinə görə, qoyun alti ayliq olub bir yaşındaki qoyuna bənzər olduqda qurban olaraq kəsilə bilər.
İnək və camış cinsindən olan heyvanlar iki yaşını, dəvə isə beş yaşını tamamladıqdan sonra qurban olaraq kəsilə bilər.

3. Kəsiləcək heyvanın sağlam və bütün üzvləri yerində olmalıdır. Xəstə, zəif, gözü kor, qulaqları və buynuzları kökündən kəsilmiş, dili kəsik, dişləri tökülmüş və s. heyvanlardan qurban kəsilməz. Ancaq heyvanın doğuşdan topal, buynuzsuz, bir qulağı yırtılmış və s. olması qurban olaraq kəsilməsinə maneə deyil.

4. Qurbanın səhih( doğru) olması üçün heyvanı ancaq təyin olunmuş günlərdə kəsmək lazımdır. Qurban, qurban bayramının ilk iki gününündə 12, 13 günlərində, bayram namazından sonra, bayramın 2-cü gününün axşamına qədər kəsilə bilər. Bəzi fəqihlərə görə bu müddət bayramın 3 gününün axşamına qədərdir. Bayram namazı qılınmayan yerlərdə isə qurban sabah namazı vaxtından etibarən kəsilə bilər. Qurbanın bayramın 1-ci günü kəsilməsi daha fəzilətli sayılır. Qurbanların gündüz kəsilməsi daha üstündür, amma təhlükə yaradan bir maneə olmadıqda gecə də kəsilə bilər.

5. Qurban ibadət niyyəti ilə kəsilməsi şərtdir. Quranda kəsilən heyvanların ət və qanları deyil, kəsən müsəlmanın niyyət, təqvasının Allaha çatacagı bildirilir(əl-Həc 37).
Qurbanlıq niyyəti ilə alınan heyvan ölərsə, imkanı olan təkrar heyvan ala bilər. İmkanı olmayanın alması şərt deyildir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter