Təcavüz və zorakılığın qarşısını almaq insani və ilahi vəzifədirmi ?! Hacı Şahinin xütbəsi


Neçə gündür davam edən Vətən müharibəsi milliyətindən və dinindən asılı olmayaraq Azərbaycanda yaşayan hər bir kəsin həyatına bu və ya digər formada təsir edib. Bu gün savaşa can atanlar arasında dini inanclı gənclərimiz də çoxluq təşkil edir. Onlar vətən uğrunda savaşıb, şəhid olmağı özlərinin haqq işi sayaraq cani dildən, könüllü olaraq ordu sıralarına yazılırlar. Belə bir şərəfli gündə Azərbaycanda fəailiyyət göstərin dini qurumların rəhbərləri, din alimləri, məsciddə, kilsədə, sinaqoqda dini ayinlər həyata keçirən din xadimləri ordumuz, əsgərimiz, qələbəmiz üçün dualar edirlər. Belə bir həssas dönəmdə din xadimlərinin fikirləri, apardığımız müqəddəs savaşa münasibəti cəmiyyətimizin dini inanclı təbəqəsi o cümlədən sıravi vətəndaşlar üçün çox önəmlidir. Bu baxımdan biz mütəmadi olaraq Azərbaycanda fəailiyyət göstərən bütün dini konfesiyaların nümayəndələrinin fikirlərini sizin diqqətinizə çatdıracağıq.

 

İlk olaraq “Məşədi Dadaş” məscidinə axundu, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Şahinin fikirlərini təqdim edirik. Qeyd edim ki, yaxın günlərdə Azərbaycan-Ermənistan savaşı, müharibə və din, ölüm və şəhidlik, qorxu və qəhrəmanlıq mövzusunda Hacı Şahinlə geniş müsahibə təqdim edəcəyəik. Bizi izləməyə davam edin. İndisə Hacı Şahinin fikirlərini diqqətinizə çatdırırıq.

 

“Bu günlərdə əsgərlərimiz vətənin ərazi bütövlüyü uğrunda savaşırlar. Xalqımız böyük coşqu və yüksək mənəvi ruhiyyə ilə misilsiz birlik nümayiş etdirir, ordunu dəstəkləyir. Anbaan ordudan xoş xəbərlər, torpaqlarımızın işğalçılardan azad olunduğunu eşidirik. Müasir tariximizin ən böyük hadisəsini yaşayırıq. Bütün dinlər sülhə çağırış edir, təcavüzü pisləyir. Qurani-Kərim də bir günahsız insanın qətlini bütün bəşəriyyətin qətlinə bərabər tutur. Lakin, müdafiə olunmaq ilahi bir vəzifədir. Tarixi Azərbaycan ərazilərində bir dəfə erməni dövləti quruldu, lakin ikinci dəfə buna imkan vermək, təcavüzə dözmək olmaz. Düşmənin dənizdən dənizə dövlət qurmaq işatahası, qonşu ölkələrin torpaqlarına tamah salması və ətraf xalqlara nifrəti heç bir hüdud tanımır. Ənənələrinə sadiq olaraq dini siyasi alətə çevirib baş verənləri dini qarşıdurma kimi qələmə verir, böhtan və hiylə ilə dünya ictimaiyyəti gözündə "yazıq" imici formalaşdırmağa çalışırlar. Hərçənd insaniyyətə qarşı ən amansız cinayətlərə bulaşıblar. Bu gün onlara dur deməsək, həm özümüzə, həm regiondakı qonşularımıza xəyanət etmiş olarıq. Dünyanın harasında olursa olsun işğalçılara layiqli cavab verilməsə, təcavüz və zorakılığın qarşısını almaq mümkün olmayacaq. Ona görə də, bu bir insani və ilahi vəzifədir həm də. Azərbaycan əsgəri tək öz torpağını və haqqını qorumur, o cəngəllik qanunları ilə idarə olunan dünyaya meydan oxuyur. Azərbaycan xalqı həmişə haqqa bağlı, haqq olduğu üçün də özünə inamlı olub. 

 

Bu günlərdə xalqımız böyük şövqlə qələbə gözləyir, qələbəyə inanır, ona görə də mütləq zəfər çalacayıq. Gənclərimizlə yanaşı onların anaları, ataları qəhrəmanlıq göstərir, Vətən uğrunda ən böyük qurbanlarını verməyə hazırlıq nümayiş etdirir. Bu ilahi sevgidən qaynaqlanan qəhrəmanlıq ruhiyyəsi bizə əcdadımızdan qalan mirasdır ki, biz də gələcək nəsillərə onu ötütməliyik.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter