Dini ayinləri öz dilində yerinə yetirmək olarmı sualına Mərhum Hacı Şahinin cavabı nə olmuşdur?


    Avqustun 4-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyi radikal-dini qrup tərəfindən hücuma məruz qaldı.  Bir sıra dövlətlər və təşkilatların mənfi  münasibət bildirdiyi bu hücuma cavab olaraq dindarlar  Aşura günü dini bayraqlar  əvəzinə, Azərbaycan bayrağını qaldırdılar. Ardınca bəzi ictimaiyyət nümayəndələri daha da irəli gedərək  təklif etdilər ki, namaz da Azərbaycan dilində qılınmalı, dualar Azərbaycan dilində oxunmalıdır. Bu isə dindarların etirazına səbəb oldu. Dində bu qədər güzəştə getmək olarmı? Bu mümkündürmü?

 

Məsələ ilə bağlı Sitat.info-ya açıqlama verən ilahiyyatçı Hacı Şahin Həsənli qeyd etdi ki, namazda dualar Peyğəmbərimizə(s.v.s) hansı şəkildə nazil olubsa, o şəkildə də oxunmalıdır:” Bu məsələ digər müsəlman ölkələrində də tarixin müəyyən dövrlərində müzakirə olunub, təklif irəli sürənlər olub. Amma bu fikir özünə tərəfdar toplamayıb, çünki dini mətnlərlə ziddiyyət təşkil edir. Qurani-Kərim ərəb dilində nazil olub. Namazın sözləri Quran surələrindən ibarətdir və onları orijinalda oxumaq lazımdır. Bu fikirlə razıyam ki, insanlar namazda  ərəbcə dediyi sözlərin mənasını  anlamalıdır. Ərəbcə Quran oxuyanlar həmin sözlərin mənasına baxmalıdır”.

 

Din xadiminin sözlərinə görə, namazın azərbaycanca qılınması təklifi  yalnışdır:” Çünki İslam ümmətini birləşdirən Quran dili-ərəb dili var və Quran da bu dildə nazil olub. Onun orijinalda oxunmasının  da insan ruhuna özünəməxsus təsiri var. Ona görə ki,  vəhy məhz ərəb dilində nazil olub. Namazda həmin sözləri deyərkən onların tərcürməsini də nəzərdən keçirmək lazımdır. İnsanlar Allahla danışan zaman nə  dediyini  anlamalıdır. Dualara gəldikdə isə insan həm ərəbcə, həm öz dilində dua edə bilər. Yəni istədiyini öz dilində ifadə edə bilər. Burda heç bir qəbahət yoxdur”.

 

Hacı Şahin Həsənli bildirdi ki, namazın milliləşdirilməsi mövzusu artıq köhnəlib: "Dinlə bağlı  fikirləri mütəxəssislər bildirməlidir. İstənilən sahədə necədirsə, dində də elə olmalıdır. Hər sahənin öz mütəxəssisi var və bu məsələlərlə bağlı onların rəy bildirməsi məqsədəuyğundur. Dini mövzularla bağlı hamı öz mövqeyini, fikirini dini fikir kimi irəli sürsə, bu müəyyən narahatlıqlar yaradar. Din həssas mövzudur və dinlə bağlı fikirləri ilahiyyatçılar, din xadimləri dini mətnlərə istinadən bildirməlidirlər. Hər bir ölkənin, xalqın dinə özünəməxsus yanaşması ola bilər. Din mədəni özəllikləri, fərqlilikləri nəzərə alır. Amma namazın milliləşdirilməsi mövzusu artıq köhnəlib. Bir çox ölkələrdə olan uğursuz eksperimentdir. Çünki bu dinin qəbul etmədiyi məsələdir". 

 

İlahiyyatçı bununla bağlı dəlillərin çox olduğunu vurğuladı: "Peyğəmbərimiz( s.v.s) buyurub ki, "namazı mənim qıldığım şəkildə, mənim kimi qılın" . Bütün müsəlmanları birləşdirən orijinal  dilin qorunması namazda olduqca önəmlidir. Məsələn, Həccə gedirik, digər ictimai ibadətlər zamanı müxtəlif xalqların nümayəndələri namazları eyni şəkildə qılırlar. Ona görə də namazlar eyni şəkildə qılınmalıdır. Necə ki, bütün müsəlmanlar qibləyə doğru, eyni istiqamətə namaz qılır, namazın qaydası da eyni olmalıdır. Burda fərqliliklər parçalanmaya gətirib çıxara bilər, bu baxımdan yolverilməzdir”. Nigar Abuzər,


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter