Hacı Şahin (rəh) Qurban bayramı və bayram ayinləri haqda müsahibəsində nələri qeyd etdi ?


Şuşada şəhidlərin xatirəsinə namaz qılındı - FOTOLAR » BAKU.NEWS Qurban bayramına sayılı günlər qalır.  “Məşədi Dadaş” məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Teleqraf.com-un Qurban bayramı ilə bağlı suallarını cavablandırıb.        Müsahibəni təqdim edirik.

- Hacı, Qurban bayramının yardımlaşma üçün vəsilə olduğu haqqında çox danışılır. Mənəvi tərəfdən baxdığımız zaman Həzrəti İbrahim və Həzrəti İsmayıl vasitəsilə insanlara verilən mesaj nədir?

- İnsanın öz istəkləri ilə mübarizəsi onun kamilliyinin əsas şərtidir. Həzrəti İbrahimin övladına olan sevgisi təbii sevgidir. Allah övliyalarının öz yaxınlarına sevgisi daha güclü olur. Sadəcə olaraq burada söhbət daha ali məqsədlər, uca hədəflər üçün insanın öz sevdiklərini qurban verməyə hazır olmasından gedir. İnsan hər an ömrü boyu qurban verməklə məşğul olur. Biz gün ərzində fəaliyyətimizdə mütləq nəyisə nəyəsə qurban veririk.

 

Qurban bayramı bizə öyrədir ki, daha ali hədəflər üçün nisbətən aşağı dərəcəli istəkləri fəda etməyə hazır olmalıyıq. Bu, insanın kamilliyinin əsas şərtidir. Ona görə də Qurban bayramı məhz bu fədakarlığı simvolizə edir.

Bu, xalqımıza da aiddir, torpaqlarımız işğal altında olduğu zaman qurban verməyə hazır olmalıyıq. Əlbəttə, məqsəd ölmək deyil, düşmənlə döyüşüb, onu məğlub etməkdir. Amma bu yolda xalq fədakarlığa da hazır olmalıdır. Bu, istənilən zamanda aktual mövzudur. Ona görə də Qurani-Kərimdə bu haqda danışılır, Qurban bayramı fədakarlıq, ali hədəflər uğrunda candan və yaxınlarından keçmək mənasını ifadə edir.

 

- Pandemiya şəraitində Qurban bayramı necə qeyd olunmalıdır?

- Pandemiya dövründə mütləq qaydalara riayət eləmək gərəkdir. Bu il dövlət tərəfindən qurban kəsilməsi üçün xüsusi yerlər ayrılacaq. Bu barədə yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcək. QMİ-nin tövsiyələrində də qeyd olunur ki, qurbanlar məhz həmin ayrılmış yerlərdə kəsilməlidir. Orada insanlar bir-biri ilə təmasda olmayacaq. Məxsusi təşkil olunmuş qaydada bu ayinlər icra ediləcək. Ona görə də bayramda insanlara qurban kəsən zaman bir yerə toplaşması, harada gəldi bu işi görməsi yolverilməzdir.

İnsanlar sosial məsafəni saxlayıb, kütləvi toplaşmaqdan ciddi şəkildə çəkinməlidirlər.

Bayram namazı hər il məscidlərdə qılınırdı. Bu il virusun yayılmasının qarşısını almaq məqsədilə məscidlərdə Qurban bayramı namazı qılınmayacaq. İnsanlar fərdi qaydada öz evində bayram namazını qıla bilər.

 

- Qurban kəsərkən nələrə diqqət edilməlidir? Qurbanlıq necə seçilməlidir?

- Qurbanlıq sağlam heyvan olmalıdır. Üzü qibləyə, kəsici alətlə kəsilməlidir. Kəsən şəxs müsəlman olmalı və qurbanı kəsən zaman Allahın adını çəkməlidir. Bunlar şəriət nöqteyi-nəzərindən əsas şərtlərdir. Heyvanın ciddi qüsuru olmamalıdır. Sağlamlığında nəzərə çarpacaq qüsur yoxdursa, qurban kəsmək olar.

 

- Kimlər mütləq qurban kəsməlidir?

- Qurban kəsmək Həcc ziyarəti zamanı vacibdir. Həccdə olmayan insanlara digər yerlərdə qurban kəsmək vacib deyil, amma müstəhəbdir. Bu il isə Həcc ziyarəti Səudiyyə Ərəbistanı vətəndaşı olmayan şəxslər üçün təxirə salınıb. Qurban kəsmək vacib deyil, amma bəyənilən əməldir. İnsanlar bu şəraitdə də qaydalara ciddi riayət edərək, qurban kəsdirib, onu ehtiyaclı insanlara yardım kimi göndərə bilərlər.

 

- Kimsə qurban kəsmir, əvəzində qurbanın pulu ilə yardım edir, bu, düzgündürmü?

- Qurban kəsmək Həcc ziyarətində olmayanlara vacib olmadığı üçün onlar həmin vəsaiti yardım məqsədilə yönəldə bilərlər. Həcc ziyarəti zamanı Həcc ayinlərindən biri də qurban kəsməkdir. Orada hökmlər fərqlidir. Amma digər yerlərdə həmin vəsait xeyriyyə məqsədilə də yönləndirilə bilər.

 

- Bəziləri heyvan kəsmir, ət alır. Bunun qurbana aidiyyəti varmı?

- Azərbaycanda Qurban kəsmək üçün vacib hökm yoxdur. Buna görə də ət ala bilərlər. Sadəcə qurbanın kəsilməsinin insana özünəməxsus təsiri var. Bu nəfsin kəsilməsini simvolizə edir. İnsanın öz nəfsani istəkləri, maddi istəklərindən qopmasını əks etdirir. Buna görə də bu ayinin icra olunması daha məqsədəuyğundur.

 

- Qurban əti necə paylanmalıdır? Bir-birinin evinə qarşılıqlı olaraq qurban əti verilməsi düzgündürmü?

- Elə bir qayda yoxdur ki, mütləq bu sayda qurban payı olmalıdır. Amma insanlara yetəcək qədər qurban əti verilməlir. Bunu da insanlar özləri müəyyən edə bilər ki, ailədə nə qədər ət istifadə edəcəklər. Qurbanın fəlsəfəsinə uyğun olaraq yoxsul insanlara qurban əti göndərilməlidir.

Burada qarşılıqlı bir-birinə ət göndərilməsindən çox yoxsul, imkansız insanları tapıb, onlara qurban ətinin verilməsi daha xeyirxah əməl olar. Ona görə də qurban ətinin paylanmasında diqqət etmək lazımdır ki, bəzən ehtiyaclı insanlar kənarda qalır, insanlar bir-birinə ət göndərir. Bu o qədər də yaxşı əməl deyil.

 

- Bəziləri Qurban bayramında heyvan haqları haqqında danışır, bu bayramı heyvan qətliamı adlandırır. İslamda bu barədə nə deyilir?

- Bütün varlıq aləmi bir-birini tamamlayır. Bitkilər heyvanlar üçün yaranıb, insanlar da heyvanlardan istifadə edə bilərlər. Hər bir varlığın kamilliyi özündən üstünə fəda olmasındadır. İnsan da yüksək amallar uğrunda həyatını fəda edə bilər. Digər canlılar da daha üstün olanlara özünü fəda etməklə əslində həqiqətdə bu yaradılış aləmində öz layiqli yerini tapır.

Ona görə də insanların ət yeməsində, heyvanların ətindən istifadə etməsində qəbahət axtarmağa dəyməz. Bəzən yüzlərlə insanı qətlə yetirən dövlətin vətəndaşı guya qoyunların kəsilməsinə etiraz edir, hansısa humanizmdən danışırlar.

Qurban kəsilməsi müəyyən qaydalara riayət edilməklə icra olunsa, yaxşıdır. Uşaqların gözü önündə heyvan kəsmək məqsədəuyğun deyil. Xüsusi yerlərdə sanitariya qaydalarına əməl olunsa, heç bir qəbahəti yoxdur. Çünki onsuz da bütün dünyada insanlar ət yeyir. Bu, Allah tərəfindən insanlara verilən haqdır. Bunu zorakılıq kimi təqdim etməyi yanlış hesab edirəm.

 

- Qurban kəsilmiş heyvanın dərisi ilə necə rəftar olunmaldır?

- Hər bir halda maksimum israfçılığa yol verməmək şərtilə istifadə olunacaq qədər qurban ətinin bütün əzalarından istifadə etmək məqsədəuyğundur. Bununla bağlı xüsusi qayda yoxdur. Amma əgər istifadə edilə bilərsə, dərisində də istifadə etmək lazımdır.

 

- Qurban kəsilən heyvanı bəzən kəsməzdən öncə bəzəyir, boynuna lent dolayır, xına qoyurlar, bu düzgündürmü?

- Dinimizdə qurbanlıq heyvanın bəzədilməsi ilə bağlı hökm yoxdur. Bu, illərlə formalaşmış adətdir. Məsələn, qurbanlıq heyvanın qanının alına çəkilməsi adəti... Bunlar dinlə əlaqəli deyil. Adət-ənəndir, din bu barədə nə müsbət, nə də mənfi fikir söyləyir. Kimsə bunu edirsə, öz şəxsi işidir. Amma bunu dini ayin kimi icra edirsə, yanlışdır. hacishahin.az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter