Azad şair Dəbəl Əhli Beytin (ə) məzlumiyyəti haqqında şeir oxuduqda İmam Rza (ə) onun qəsidəsinə bir beyt əlavə etdi?!


Dəbəl deyir: Әli (ə) xanədanı haqqında məşhur qəsidəmi Həzrətə (ə) oxumaq üçün Xorasana getmək qərarına gəlmişdim. Nəhayət Xorasana gəldim və İmamın (ə) hüzurunda qəsidəmi oxudum. Həzrət Rza (ə) da, Tusda şəhid olması ilə əlaqədar bir neçə beyti mənim şerimə əlavə etdikdən sonra belə buyurdu: «Şerini gizlət və daha heç kəsə oxuma».
Məmun mənim oraya gəlməyimdən və İmama (ə) qəsidə oxumağımdan xəbərdar olmuşdu. Məni çağırtdırıb qəsidəni ona da oxumağımı istədi. Mən belə bir qəsidəni oxuduğumu inkar etdim, amma Məmun İmamı (ə) da. məclisə çağırtdırıb dedi: İmamın hüzurunda Әli (ə) xanədanının dəyəri haqqında oxuduğun məşhur qəsidəni mənim hüzurumda da oxu. Mən də məcbur qalıb oxudum. Məmun zahirdə sevinərək məni mükafatlandırdı, onun vəziri Fəzl də, mənə yorğa bir at hədiyyə etdi. Həzrət Rza (ə) da, Mə᾽munun o həzrətin adına kəsdirdiyi sikkələrdən yüz dinar mənə verib «bunu saxla; bir gün karına gələr» - deyə buyurdu.


Mən İmama (ə) belə dedim: Sizdən geymiş olduğunuz bir köynək istəyirəm ki, öləndən sonra kəfənim olsun. Həzrət (ə) qəbul edib köynəklərindən birini mənə verərək buyurdu: «Bu köynək səninlə olduğu müddətdə təhlükələrdən qorunacaqsan».
Mən həzrətlə xudahafizləşib Fəzlin verdiyi atla karvana qoşulub Tusdan çıxdım. Yolda oğrular karvanımıza həmlə edib var-yoxumuzu apardılar. Çox keməmişdi ki, mənim atıma minən oğrubaşçısını gördüm. Atın üstündə mənim şerimi oxuyurdu. Ona yaxınlaşıb «bu şeri yazan şairin kim olduğunu bilirsənmi» - deyə soruşdum. Dedi: Bəli. Dəbəl Xüzaidir. Dedim: Mənmi şair Dəbəl olduğumu bilirsənmi? O, təəccüblənib sözümə inanmadı. Dedim: Karvandakılardan soruş. Mənim Dəbəl olduğumu soruşub öyrəndikdən sonra karvandan oğurlayıb öz aralarında paylaşdırdıqları malları, mənim hörmətimə yiyələrinə qaytardı və İmamın (ə) buyurduğu kimi bu köynək mənim və dostlarımın azad buraxılmasına, əldən getmiş malların qaytarılmasına səbəb oldu.


Dəbəl bu hadisədən sonra Qum şəhərinə gəldi. Camaat onu sevinclə qarşılayıb imamın hüzurunda oxuduğu şeri onlar üçün də oxumasını istədilər. Dəbəl qəbul edib Qum məscidinə getdi və şerini onlar üçün də oxudu. Camaat ona çoxlu pul və hədiyyələr verdilər və həzrətin köynəyinin əhvalatını öyrəndikdən sonra ona yalvarıb köynəyin müqabilində istədiyi pulu alıb köynəyi onlara verməsini istədilər. Dəbəl qəbul etmədi. Onlar köynəyin bir tikəsini istədilər. Dəbəl yenə qəbul etmədi.


Dəbəl Qumdan çıxdıqdan sonra cavanlardan ibarət bir dəstə yolunu kəsib köynəyi ondan aldılar və Quma qayıtdılar. Dəbəl də Quma qayıdıb köynəyinin geri verilməsini xahiş etdi. Lakin qəbul etmədilər. Dəbəl köynəyin bir tikəsinin ona qaytarılmasını xahiş etdikdə, qəbul edib köynəkdən bir hissəsini min dirhəmlə birlikdə ona verdilər. Dəbəl vətəninə qayıtdıqdan sonra öz evinə tərəf getdi, lakin gördü ki, oğrular onun evini qarət edib hər şeyini aparıblar. Dəbəl İmam (ə) yüz dinarı ona verəndə «bunu saxla; bir gün karına gələr» - deyə buyurduğunu xatırladı. Pulları bazara aparıb hər bir dinarını yüz dinara satıb on min dinara sahib oldu. Bu arada çox sevdiyi arvadı da xəstələnmişdi. Həkimlər isə onu sağalda bilməmişdilər.


Dəbəl imamın köynəyindən ona yadigar qalan parçanı arvadının gözünə bağladı. Sabahısı gün parçanı açanda artıq arvadının gözləri sağalmışdı. Dəbəl cəsarətlə yazdığı məşhur qəsidə və şerlərinə görə həm var-dövlət, həm də hörmət sahibi oldu. Ondan sonra bütün şiələr ona ehtiram edərdi və özü də tarixdə cəsarətli və azad bir şair kimi tanındı.


Onun dəyərli şerlərindən olan bəzi misraların tərcüməsi belədir.
Peyğəmbər övladının yıxılmış evini görüncə ağladım;
Yiyələrinin qovulub münafiqlərin onların yerində oturduğu evlər;
Quran təfsiri söylənib vəhyin nazil olduğu evlər
İndi cinayətkarların zülmləri ucbatından,
Quran səsindən məhrum qalıb.
Evin yiyələri Peyğəmbərin (s) mirası və ümmətin ən yaxşı adamları sayılırdılar;
Yoxsullara yardım edən kişilər.
Onların sərvətini zülmkarlar əlində olduğunu, onların bərəktli əllərinin boş qaldığını gördüm.
Kufə, Mədinə, Kərbəla və Fəxdə yatan imamlıq səmasının ulduzlarına, islam yolunda öz canından keçən ulduzlara salam göndərirəm.
Bağdadda bir qəbir vardır, orada pak və mübariz bir can yatıbdır;
O qəbir cənnətin otaqlarından biridir.


Dəbəl deyir: Bura çatanda həzrət Rza (ə) belə buyurdu: «Mən də, sənin qəsidənə bir beyt əlavə edirəm ki, kamil olsun:
Tus şəhərində də bir qəbir vardır. Bu qəbir böyük bir müsibətə sahibidir və qiyamətə qədər ürəkləri yandırıb, nalələri yüksəldər.
(İmamın (ə) özünün şəhid olmacağını və Tusda dəfn olunacağını xəbər verməsi o həzrətin böyük möcüzələrindən biri sayılır). sibtayn.com/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter