Quranda bir çox ayələr bir-birini inkar edir. Belə ki, bəziləri Hz Musanın (ə), Məhəmməd peyğəmbərin (s), digərləri isə Hz İbrahimin (ə) ilk müsəlman olduğunu bəyan edir ?!


Ateistlərin qənaətinə görə, Quranda bir çox ayələr bir-birini inkar edir. Belə ki, bəziləri həzrət Musanın (ə), bəziləri Məhəmməd peyğəmbərin (s), digərləri isə həzrət İbrahimin (ə) ilk müsəlman olduğunu bəyan edir. Hitçens bu haqda ayrı-ayrı ayələrin yer aldığını və bir-birilə ziddiyyət təşkil etdiyini iddia edir.

CAVAB:     Cavabımızda öncə Qurani-Kərimin ayələrinə nəzər salaq. Allah-taala “Əraf” surəsinin 143-cü ayəsində buyu­rur:

قَالَ سُبْحَانَكَ تُبْتُ إِلَيْكَ وَأَنَاْ أَوَّلُ الْمُؤْمِنِينَ.

(Musa): “Sən paksan, müqəddəssən! (Sən gözə görünməzsən!) Sənə doğru qayıtdım. Mən iman gətirən­lərin birincisiyəm!” – dedi”.

“Zumər” surəsinin 12-ci ayəsində Allah-taala buyu­rur:

وَأُمِرْتُ لِأَنْ أَكُونَ أَوَّلَ الْمُسْلِمِينَ.

Mənə həm də müsəlmanların birincisi olmaq əmr olunmuşdur”.

Bu ayə Məhəmməd Peyğəmbər (s) barəsindədir.

“Ənam” surəsinin 14-cü ayəsində buyrulur:

قُلْ إِنِّيَ أُمِرْتُ أَنْ أَكُونَ أَوَّلَ مَنْ أَسْلَمَ وَلاَ تَكُونَنَّ مِنَ الْمُشْرِكَينَ

De: “Mənə ilk müsəlman olmaq əmr edildi və (Allah mənə) müşriklərdən olma!” (deyə əmr etdi)”.

“Ənam” surəsinin 163-cü ayəsində isə belə buyurur:

وَبِذَلِكَ أُمِرْتُ وَأَنَاْ أَوَّلُ الْمُسْلِمِينَ.

Mənə belə əmr edilmişdir və mən ilk müsəl­manam!

Həmçinin, “Şuəra” surəsinin 51-ci ayəsində və Quranın digər ayələrində də bu məzmunlu ifadələr vardır. Ayələrin həzrət Musa (ə), İbrahim (ə) və İslam peyğəmbəri (s) haqqında olmasında heç bir ziddiyyət yoxdur. Ona görə ki, həmin peyğəmbərlər eyni zamanda yaşamamışlar. Hər bir peyğəmbər yaşadığı dövrdə insanları tövhidə dəvət edir və onların özləri həmin əhali arasında Allaha iman gətirən ilk şəxslərdir. Yəni Allah qarşısında təslim olan (müsəlman olan) ilk şəxs elə onların özləridir. Məsələn, həzrət Musanın (ə) “Mən iman gətirən­lərin birincisiyəm!” deməsi bir həqiqətdir, çünki onun zamanında iman gətirməyənlərin arasında o, ilk iman gətirən şəxs idi. Yaxud peyğəmbərimiz olan həzrət Məhəmməd (s) buyurur ki, “Mənə ilk müsəlman olmaq əmr edilmişdir”. Yəni həzrət İslam dininə dəvət etdiyi müşrik və kafirlərə deyirdi ki, mən sizin aranızda Allaha iman gətirən ilk şəxsəm və sizi azğınlığa deyil, nicat və səadətə səsləyirəm, mən bu yolda sizdən öndəyəm və Allaha təslim olanlardanam. Beləliklə, hər bir peyğəmbərin öz zəmanəsində Allaha təslim və müsəlman olan birinci şəxs olması aydın olur. Bu məsələdə heç bir ziddiyyət yoxdur, ayələr də bir-birinin əksinə olan mənaları ifadə etmir.

Quran İlahi elm və maarifdən ibarətdir, sadəcə onu düzgün şəkildə anlayıb dərk etmək lazımdır. Şübhəsiz, Quranı daha yaxşı anlamaq üçün Quran elmlərindən xəbərdar olmaq və ona yiyələnmək zəruridir.

Tanrı böyükdür Kitabı  148-150 ci səhifələr. İlahiyyatçı: Camir Ağayev.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter