SUAL: İslam dini keçmiş yəhudi və xristian dininin mətnlərindən toplanmışdırmı ?!


SUAL: K.Hitçens: “İslam monoteist dinlər arasında həm ən maraqlısı, həm də ən maraqsızıdır. O, ibtidai yəhudi, məsihi sələflərinin parçalarından toplanıb. Ona görə onlara qarşı hər hansı bir dəlil, İslam əleyhinə də dəlil hesab olunur. Onun əsas mətni son dərəcə darıxdırıcı didişmələrlə qələmə alınmış kiçik dün­ya­dan bəhs edir”.

CAVAB:    Hitçens bu iradının əvvəlində ziddiyyətli bir ifadə işlədir, deyir: “İslam monoteist dinlər arasında həm ən maraqlısı, həm də ən maraqsızıdır”. Hitçensin cümləsi məchuldur. Əgər bir cəhətdən maraqsız, digər cəhətdən maraqlı olduğunu bildirirsə, yenə də ifadə naməlumdur.

Bundan başqa, İslamın yəhudi və məsihi sələflərindən toplandığını iddia edir. Əgər belədirsə, nə üçün indiyə qədər məsihi və yəhudilər əllərinə bayraq edərək deməyiblər ki, ey müsəlmanlar, siz Quranı bizdən götürmüsünüz?! Nə üçün onlar Quranı mənimsəməyiblər. Əgər onlardan götürülübsə, deyərdilər ki, bu bizimdir, çünki ayələri də eynilə Tövrat və İncilin ifadələri kimidir. Əgər eyniliyini iddia edirsinizsə, bu, yalandır. Quran tamamilə İncil və Tövratdan fərqlənir. Quran fəsahət və bəlağətli kitabdır. Əgər onun fərqli bir şey olduğunu desəniz, bu da onun Tövrat və İncildən fərqli olduğunu göstərəcək və iddianız yenə də batil olacaq. Quran özü ilə bağlı mübarizə tələb edərək digər dinlərə meydan oxuyur və onun çağırışına hələ də cavab veril­məmişdir.

“Bəqərə ” surəsinin 24-cü ayəsində buyrulur:

وَإِن كُنتُمْ فِي رَيْبٍ مِّمَّا نَزَّلْنَا عَلَى عَبْدِنَا فَأْتُواْ بِسُورَةٍ مِّن مِّثْلِهِ وَادْعُواْ شُهَدَاءكُم مِّن دُونِ اللّهِ إِنْ كُنْتُمْ صَادِقِينَ.

“Əgər bəndəmizə (Peyğəmbərə) nazil etdiyimizə şəkkiniz varsa, ona bənzər (ən azı) bir surə gətirin və əgər doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bu işdə köməyə) çağırın”.

İraddakı “Əsas mətn” ifadəsi hədisləri nəzərdə tutursa, onda bu, bütün hədislərə şamil olunur, yoxsa bir qisminə?

Əgər hamısına şamil olduğunu desəniz, bu, yalandır, çünki belə bir şey yoxdur, bu, dəlilə əsaslanmayan bir iddiadır.

Əgər onların bir qisminə şamil olduğunu desəniz, bəli, onların arasında uydurma hədislər vardır və belə bir şey mümkündür, düşmənlər belə hədisləri İslama daxil etmişlər. “Onun əsas mətni son dərəcə darıxdırıcı didişmələrlə qələmə alınmış kiçik dünyadan bəhs edir” ifadəsi Hitçensin şəxsi nəzəridir, bu məsələyə dair dəlillər ortaya qoyulmalıdır ki, ateistlərin də heç bir sübutu yoxdur.

Biz oxuculara Hitçens kimi bir ateistin qələmə aldığı “Tanrı böyük deyildir” kitabını oxumamağı tövsiyə edirik. Orada yer alan iradlar müəllifin subyektiv fikirləridir. Hitçens bu fikirlərinə görə təzyiqlərə məruz qaldığını özü də etiraf edir. Hətta o, yazır: “İyirmi beş il sürən müzakirələr ərzində Vaşinqtonda sadəcə bir dəfə fiziki zorakılığa məruz qalmağıma təhlükə yarandı. Bu, Klinton administrasiyasının üzvləri ilə nahar zamanı baş vermişdi. Onların arasında ictimai rəy və seçki kampaniyalarının maliyyələşdirilməsi üzrə məşhur ekspert var idi. O, Yaxın Şərqə son səfərim barədə məni sorğu-suala tutdu və müsəlmanların niyə “şüursuz fundamentalistlər” olduqları sualına cavabımı öyrənmək istədi. Mən standart izahat üsulumu seçdim, lakin əlavə etdim ki, İslamın nisbətən gənc din olduğunu və öz doğruluğunu “gənclik coşğusuyla” sübut etdiyini çoxları unudur. Qərb xristianlığını bürüyən böhran və şübhə İslam dininə aid deyil. Həmçinin dedim ki, haqqında, demək olar ki, heç bir tarixi dəlil olmayan İsadan fərqli olaraq, Məhəmməd tam tarixi bir fiqurdur. Həmsöhbətimin siması bir anda dəyişdi. O, yüksək səslə bağırdı ki, İsa Məsih bəşəriyyət üçün təsəvvür edə biləcəyimdən daha çox şeylər edib və mənim çərənləməyim son dərəcə çirkindir. Sonra ayağı ilə mənə zərbə vurmağa cəhd etdi...”.

Bu, Hitçensin həzrət Peyğəmbər (s) və İslam dini haq­qın­da söylədiyi etirafı olmaqla yanaşı, həm də onun öz şəxsi fikirlərinə görə zorakılığa məruz qaldığını göstərir..

Tanrı böyükdür Kitabı  134-138 səhifələr. İlahiyyatçı: Camir Ağayev.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter