K.Hitçens: Məhəmməd adlı bir şəxs olmuşdur amma onun həyat tərzi zaman keçdikdə hər şeyi qarşısıalınmaz şəkildə qarışdırmışdı ?!
İRAD: K.Hitçens: “Bizə məlumdur ki, Məhəmməd adlı şəxs bildirilən zaman və məkanda, çox ehtimal ki, mövcud olub. Buna baxmayaraq, qalan məsələlərdə, öncəki hallarda olduğu kimi, eyni problemlə üzləşirik. Məhəmmədin əməlləri və sözləri barədə olan rəvayətlər bir çox il keçdikdən sonra toplanmışdır ki, həmin zaman şəxsi maraqlar, şayiələr və yazılı dəlillərin olmaması hər şeyi qarşısıalınmaz şəkildə qarışdırmışdı”.
CAVAB: Ateistlər həzrət Məhəmməd (s) kimi bir şəxsin olduğunu etiraf edir və demək istəyir ki, bu toplanan sözlər, hədislər şəxsi maraqlarını güdən insanlar tərəfindən toplandığından, bunlar düzgün deyil və heç bir dəyəri yoxdur.
Birincisi, belə sual vermək istərdik: Siz Peyğəmbərin (s) tarixini necə sübut edirsiniz? Əgər bunu etiraf edirsinizsə, deməli, tarixi faktlar və metodlarla olması sübuta yetirilə bilirsə, onda onun sözlərini də sübuta yetirmək mümkündür. Allah Rəsulunun (s) sözlərinin şəxsi mənafelərini güdən insanlar tərəfindən və müxtəlif maraqlarla yazıldığını iddia edirlər. Əgər bütün sözlərinin belə olduğunu deyirsinizsə, bu, yalandır və iddianız dəlilə əsaslanmalıdır. Əgər sözlərindən bəzisinin yalan və yalançı insanların uydurması olduğunu bildirirsinizsə, bəli, Peyğəmbər (s) doğru danışan bir kəs olmuş, lakin zamanla yalançı insanların özlərindən hədislər uyduraraq həzrətə nisbət verməsi yer almışdır. Burada heç bir qəbahət yoxdur və hazırda Peyğəmbərin (s) sözlərini yalançı kəslərin sözlərindən ayırd edən mütəxəssis şəxslər və ekspertlər vardır ki, bu da Peyğəmbərin (s) canişinləri olan Əhli-beytdir (ə). Həzrət Məhəmmədin (s) doğru danışan səhabələri olmuş, buna dair şahidlər də mövcuddur. Şübhəsiz, ateistlər və Hitçens kimiləri bunu ayırd edə bilməz. Lakin mütəxəssislər bunu edə bilər və edirlər də. On dörd əsr sonra Peyğəmbərin (s) özünün varlığını sübut etməyin mümkün olduğu kimi, sözlərini də sübut etmək olar.
Tanrı böyükdür Kitabı 134-135 səhifələr. İlahiyyatçı: Camir Ağayev.