Bütün İslam tarixi boyu onun ehkamlarını sual altına qoymaq və ya ən azından tədqiq etmək cəhdi dərhal amansız repressiyalara səbəb olurdu...
- İRAD: K.Hitçens: “Bütün İslam tarixi boyu onun ehkamlarını sual altına qoymaq və ya ən azından tədqiq etmək cəhdi dərhal amansız repressiyalara səbəb olurdu... Qanlı münaqişələr hər zaman İslamın müxtəlif cərəyanları arasında baş qaldırırdı və bu, İslamdaxili bidət və küfr ittihamlarına, həmçinin dəhşətli zorakılığa gətirib çıxarırdı”.
CAVAB: Ümumiyyətlə, İslamda hansısa bir məsələ ilə maraqlanmağa, etiqadi, tarixi və digər məsələləri araşdırmağa qadağa qoyulmamışdır. Əksinə, İslam dini təfriqə və münaqişələri qadağan edir. Ona görə ki, tarixdə baş vermiş bəzi hadisələr təfriqə və qan tökülməsinə səbəb olmuşdur və onları cəmiyyət içərisinə gətirib ondan təfriqə kimi istifadə etmək qadağandır. Çünki İslam dini vəhdətə dəvət edir və qan tökülməsinin əleyhinədir. “Ali İmran” surəsinin 105-ci ayəsində buyrulur:
وَلاَ تَكُونُواْ كَالَّذِينَ تَفَرَّقُواْ وَاخْتَلَفُواْ مِن بَعْدِ مَا جَاءهُمُ الْبَيِّنَاتُ وَأُوْلَـئِكَ لَهُمْ عَذَابٌ عَظِيمٌ.
“(Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar”.
İslam dini əsla insanların qanının tökülməsinə razı deyil. Allah-taala yəhudilərə “Bəqərə” surəsinin 85-ci ayəsində buyurur:
ثُمَّ أَنتُمْ هَـؤُلاء تَقْتُلُونَ أَنفُسَكُمْ وَتُخْرِجُونَ فَرِيقاً مِّنكُم مِّن دِيَارِهِمْ تَظَاهَرُونَ عَلَيْهِم بِالإِثْمِ وَالْعُدْوَانِ وَإِن يَأتُوكُمْ أُسَارَى تُفَادُوهُمْ وَهُوَ مُحَرَّمٌ عَلَيْكُمْ إِخْرَاجُهُمْ أَفَتُؤْمِنُونَ بِبَعْضِ الْكِتَابِ وَتَكْفُرُونَ بِبَعْضٍ فَمَا جَزَاء مَن يَفْعَلُ ذَلِكَ مِنكُمْ إِلاَّ خِزْيٌ فِي الْحَيَاةِ الدُّنْيَا وَيَوْمَ الْقِيَامَةِ يُرَدُّونَ إِلَى أَشَدِّ الْعَذَابِ وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ.
“Amma yenə bir-birinizi öldürən, özünüzdən olan bir dəstəni öz yurdundan çıxaran, onlara qarşı bu günah və təcavüzdə köməkləşən sizsiniz. (Bunlar hamısı Allahla bağladığınız əhdi pozmaqdır.) Onlar əsir düşüb yanınıza gəlsələr, fidyə verib azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Məgər, siz səmavi kitabın bir hissəsinə inanıb digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin (ilahi hökmlər və qanunlar arasında fərq qoyanların) cəzası dünyada yalnız rüsvayçılıq, Qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah gördüyünüz işlərdən qafil deyil”.
Hətta sadalanan şeylərə və qan tökülməsinə səbəb olan suallar verilərsə, bəli, bu zaman İslam dini onu qadağan edir və pisləyir. İslam insanları daima sülh və əmin-amanlığa, vəhdətə dəvət etmişdir.
Tanrı böyükdür Kitabı 132-133 səhifələr. İlahiyyatçı: Camir Ağayev.