Belə görsənir: Bütün dinlər ya şübhələrin ağzını bağlamağa, ya da onları ciddi şəkildə məşğul etməyə çalışır ?!


İRAD : K.Hitçens: “Bütün dinlər ya şübhələrin ağzını bağlamağa, ya da onları ciddi şəkildə məşğul etməyə çalışır”.

CAVAB:    Bütün dinlərin maarifinin təfərrüatından xəbəriniz varmı? Əlbəttə ki, yoxdur. Belə olduğu halda, necə iddia edirsiniz ki, bütün dinlər buna çalışır? Müqəddəs İslam dini öz ardıcıllarını elmə, maarifə və düşüncəyə dəvət edir. Quranın “Ali İmran” surəsinin 137-ci ayəsində buyrulur:

قَدْ خَلَتْ مِن قَبْلِكُمْ سُنَنٌ فَسِيرُواْ فِي الأَرْضِ فَانْظُرُواْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذَّبِينَ.

Sizdən əvvəl ənənələr olmuşdur. (Hər bir xalqın taleyi onun gördüyü işlərə və adət-ənənələrinə uyğun olmuşdur. Siz də onlar kimisiniz.) İndi yer üzünü gəzin və (Allahın ayələrini) təkzib edənlərin aqibətinin necə olduğunu görün!

Quran insanları şəkk-şübhədən uzaq tutmağa çalışır. “Ənbiya” surəsinin 7-ci ayəsində buyrulur:

وَمَا أَرْسَلْنَا قَبْلَكَ إِلاَّ رِجَالاً نُّوحِي إِلَيْهِمْ فَاسْأَلُواْ أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لاَ تَعْلَمُونَ.

“Biz səndən əvvəl də yalnız vəhy nazil etdiyimiz kişilər göndərmişdik. Əgər bilmirsinizsə, bilənlərdən soruşun”.

“Duxan” surəsinin 8 və 9-cu ayəsində buyurulur:

لَا إِلَهَ إِلَّا هُوَ يُحْيِي وَيُمِيتُ رَبُّكُمْ وَرَبُّ آبَائِكُمُ الْأَوَّلِينَ بَلْ هُمْ فِي شَكٍّ يَلْعَبُونَ.

“Ondan başqa, heç bir məbud yoxdur, dirildir və öldürür, sizin və əcdadlarınızın Rəbbidir. Lakin onlar şəkk-şübhə içindədirlər, (həqiqətlərlə) əylənirlər”.

Allahın Rəsulu (s) buyurur:

قَالَ رَسُولُ اللَّهِ (ص):‏ حُسْنُ السُّؤَالِ نِصْفُ‏ الْعِلْم‏

“Gözəl şəkildə sual vermək, öyrənmək elmin yarısı­dır”.[1]

Başqa bir hədisdə buyurur:

وَ مَنْ خَرَجَ‏ مِنْ‏ بَيْتِهِ‏ لِيَلْتَمِسَ بَاباً مِنَ الْعِلْمِ كَتَبَ اللَّهُ عَزَّ وَ جَلَّ لَهُ بِكُلِّ قَدَمٍ ثَوَابَ نَبِيٍّ مِنَ الْأَنْبِيَاء

“Kim elm tələb edərək öz evindən çıxarsa, Allah-taala onun hər addımına bir pey­ğəmbərin savabını verər”.[2]

Bütün bunlar onu göstərir ki, İslam dini daima elmə və təfəkkürə dəvət edir, şübhəyə düşənlərin şübhəsini aradan qaldırmaq üçün soruşub öyrənməsinə təkid edir. Buradan belə nəticə əldə olunur ki, İslam dini, ateistlərin iddiasının əksinə olaraq, elm qapısını bağlamır. Yalnız Quranın bir yerində insana, bildiyi zaman onu kədərlən­dirəcək və narahat edəcək şeyləri soruşması qadağan edilir.

Quranın “Maidə” surəsinin 101-ci ayəsində buy­rulur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَسْأَلُواْ عَنْ أَشْيَاء إِن تُبْدَ لَكُمْ تَسُؤْكُمْ وَإِن تَسْأَلُواْ عَنْهَا حِينَ يُنَزَّلُ الْقُرْآنُ تُبْدَ لَكُمْ عَفَا اللّهُ عَنْهَا وَاللّهُ غَفُورٌ حَلِيمٌ.

Ey iman gətirənlər! Sizə bəlli olunca qanınızı qaraldacaq şeylər barəsində soruşmayın. Əgər onlar haqqında Quran nazil edildikdə soruşsanız, onlar sizə aydın olar. Allah onları bağışlamış (və göz yummuşdur). Allah bağışlayandır, həlimdir!

Bu ayədə də Allah-taala buyurmur ki, ümumiyyətlə, soruşub öyrənməyin, buyurur ki, qabağa qaçmayın, Quran nazil olduqda həmin məsələlər sizə aydın olacaq.

Ateistlərin bu iddiasının dəlili yoxdur. Dəliliniz varsa, onu dinlə bağlı gətirin, dindən kənar dəlillərin heç bir önəmi yoxdur.

 


[1] “Bihavul-Ənvar”, c.101, s.73

[2] “Camiul-əxbar”, s.38


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter