Keçmiş ümmətlərə ölülərin dirilməsi baş vermişdir bəs bizim zəmanəmizdə nə üçün baş vermir?! yoxsa nağıllaramı inanmışıq!
SUAL: K.Hitçens: “Güya Harun Fironun sehrbazlarına açıq mübarizədə qalib gəlir, amma eyni zamanda, onların da sehr gücünü inkar etmir. Bu arada ölülərin dirildilməsi haqda söhbət uzun zamandır edilmir. Yəni özümüzə sual verməliyik: Doğurdanmı diriltmə sənəti yox olub, yoxsa biz sadəcə əsassız mənbələrə inanırıq”.
CAVAB: Burada Harunun (ə) Fironun sehrbazlarına qalib gəlməsi, lakin onların da sehr gücünün inkar edilməməsi bildirilir. Quranda həzrət Musa (ə) ilə Harunun (ə) sehrbazlara qalib gəlməsindən söhbət açılır. “Əraf” surəsinin 116-cı ayəsində belə buyurulur:
قَالَ أَلْقُوْاْ فَلَمَّا أَلْقَوْاْ سَحَرُواْ أَعْيُنَ النَّاسِ وَاسْتَرْهَبُوهُمْ وَجَاءوا بِسِحْرٍ عَظِيمٍ.
“Siz atın” – dedi. Onlar (sehr alətlərini) atdıqda, adamların gözlərini bağlayıb onları qorxutdular və böyük bir sehr göstərdilər”.
Hitçens buna irad tutur, axı burada irad tutulası məsələ nədir?
Digər bir tərəfdən, bu cümlə məntiqli bir cümlədir, Allah-taala buyurur ki, onlar, bu qədər əzəmətli sehr göstərmələrinə baxmayaraq, Bizim qüdrətimiz qarşısında aciz qaldı və məğlubiyyətə uğradılar.
Bundan əlavə, əgər bunun kiçik bir sehr olduğu deyilsəydi belə, ateistlər yenə də irad tutacaq və deyəcəkdilər ki, bu o qədər də böyük və önəmli bir möcüzə deyil, çünki sehr də çox kiçik bir sehr idi. Həmin qələbənin də mənası yox idi, Harunla (ə) Musanın (ə) qələbəsi önəmli deyildi.
Dirilmə məsələsini ateistlər diriltmə sənəti hesab edir. Ölüləri diriltmək Allahın işidir və bu, bir sənət deyil. Ölünü diriltmək, insanın dünyaya gəlməsi kimi deyildir ki, iki nəfər evlənsin və bir nəfərin dünyaya gəlməsində vasitəçilik etsinlər. Bu, yalnız Allaha məxsus olan bir işdir. Həzrət İsa (ə) Allahın iznilə ölüləri dirildirdi və bunun nümunəsi bəşəriyyət tarixində çox nadir halalrda nəzərə çarpmışdır. Ölülərin dirilməsinin özü də bir möcüzədir. Lakin möcüzə hər zaman baş vermir, yalnız Allahın höccəti və nümayəndəsinin vasitəsilə həyata keçir. Bizim ateistlərə belə bir sualımız var: Əgər kimsə gəlib dini iddialarla yanaşı ölüləri diriltsəydi, siz onun haqlı olduğunu qəbul edəcəkdiniz, yoxsa deyəcəkdiniz ki, 21-ci əsrdir və bu, elmi nailiyyətlər sayəsində baş vermişdir? Əlbəttə, siz ikinci cavabı seçəcək və həmin məsələni dinlə əlaqələndirməyəcəkdiniz.
Beləliklə, biz hamını İslama və dinə dəvət edir, onları azad düşüncəyə səsləyirik. Əgər kimsə dindən qaçıb ateistliyi qəbul edirsə, başa düşməlidir ki, heç də azad şəkildə düşünmür, əksinə, ateizmin təsiri altına düşür və azad düşüncəsi əlindən alınmış olur.
Tanrı böyükdür Kitabı 119-120 səhifələr. İlahiyyatçı: Camir Ağayev.