Allah Taalanın (c.c) İslam Peyğəmbərinə (s) birbaşa vəhy etməsini və xüsusiyyətlərini necə doğru hesab etmək olar?!
SUAL: “Tanrı böyük deyildir” kitabında yazılıb: “Bəzən də vəhyin Peyğəmbərə camaat içində açıq bir şəkildə nazil olunduğu zaman ağrı və qulaqlarında güclü uğultu eşitdiyi də deyilir. Hətta ən soyuq hava şəraitində belə, onun bədəni tərlə örtülürdü... Allahla birbaşa ünsiyyətin rahatlıq, gözəllik və aydınlıq hissi ilə müşayiət olunmamasından sadəcə təəssüflənmək etmək olar”.
CAVAB: Hitçens həzrət Peyğəmbərə (s) vəhy nazil olunan zaman baş verən hadisələrə irad tutur və soyuq havada Peyğəmbərin (s) tərləməsini, ağrı hiss etməsini və digər məsələləri şübhə altına alır; bildirir ki, vəhy nazil olan zaman rahatlıq və s.-nin yerinə Peyğəmbər (s) başqa hisslər keçirirmiş.
Bunun cavabında, əvvəla, bu məsələnin Allahla bəndəsi olan Peyğəmbər (s) arasındakı münasibəti göstərdiyini bildirmək istərdik. Belə ki, vəhyi nazil edənin əzəmət sahibi, uca məqamlı Allah, onu qəbul edənin isə Allahın bəndəsi olan bir Peyğəmbər olmasına işarədir.
Digər tərəfdən, Allahın Rəsulu (s) hər vəhy nazil olanda bu cür hisslər keçirmirdi. Nə zaman böyük bir hadisə haqqında xəbər verilsəydi, həmin hadisədən və ya xəbərdən, əzab ayələri nazil olduqda və Allah-taala birbaşa Peyğəmbərlə (s) danışdıqda, həzrət narahatlıq keçirərdi. Yəni bəzi hallarda belə idi.
Bundan başqa, burada nə problem var axı, guya məsələ ateistlərin söylədiyinin əksinə olsaydı, onlar vəhyi qəbul edəcək və ona irad tutmayacaqlardı?
Onlar belə bir irad da tuta bilərlər: Nəyə görə möminlər namaz qılır və onlarda belə bir hal baş vermir? Yəni namaz halında Allahla rabitədə belə bir şey olmursa, onda nə üçün Peyğəmbərdə (s) bunun əksinə idi?
Cavabında deyirik ki, insanların Allahla namaz halındakı rabitəsi birtərəfli rabitədir və insan Allahla rabitə yaratmağa və Ona yaxın olmağa, Allahın rəhmətini qazanmağa çalışır. Amma Allahla Peyğəmbər (s) arasındakı rabitə ikitərəfli rabitədir. Böyük və məsuliyyətli işlər həmişə zəhmət istəyir. Qurani-Kərimdə rəhmət, sevindirici ayələr də vardır. Həmin ayələr nazil olduqda həm Peyğəmbər (s), həm də onun ətrafındakılar sevinər və şad olar, həmçinin İlahi rəhməti hiss edərdilər.
Tövsiyə edirik ki, ateistlər din haqqında daha çox məlumat əldə etsinlər. Allaha irad tutan kəslər, təbii ki, vəhyə də irad tutacaqlar.
Tanrı böyükdür Kitabı 114-116 səhifələr. İlahiyyatçı: Camir Ağayev.