“Etika və əxlaqın Allaha imanla əlaqəsi yoxdur və ona əsaslana bilməz. Quran yəhudi və xristian (məsihi) əfsanələrinin təqlididir!
“Tanrı böyük deyildir” kitabında K.Hitçens dinlə bağlı danışdıqdan sonra belə bir iradı irəli sürür: “din və kilsə insanlar tərəfindən icad edilmiş və bu açıq-aşkar şəkildə ortada olan həqiqət gözardı edilə bilməz. ”
O sonra yazır: “Etika və əxlaqın Allaha imanla əlaqəsi yoxdur və ona əsaslana bilməz. Quran yəhudi və xristian (məsihi) əfsanələrinin təqlididir. Burada işin başında Cəbrayıl adlı mələk var. O, surələri, ayələri az təhsilli və ya tamamilə təhsilsiz şəxsə çatdırır. Burada ilk vəhyin yəhudilərə gəlməsi və onu ilk inkar edənlərin də yəhudilər olması yazılıb”.
CAVAB: Ateistlərin birinci əsas iddiası dinin və kilsənin insanlar tərəfindən meydana çıxarılmasıdır. Əgər onlar “din” dedikdə məsihiliyi nəzərdə tutursa, bu təbiidir və orada insanaların öz qayda-qanunları əks edilib və hədsiz təhriflər var. Allahın buyurduqları ilə onun heç bir əlaqəsi yoxdur və həmin səbəbdən də tarix boyu çoxsaylı problemlərlə qarşılaşmışlar ki, onları təhlil etmək hazırda bir müsəlman kimi bizim vəzifəmiz deyil. Yəni bu məsələ onların problemidir. Əgər “din” dedikdə bütün dinlərdən danışırlarsa, hansı insanların: müasir dövrdə, yoxsa keçmişdə yaşamış insanların dini yaratdığını iddia edirlər?
Əgər biz dinin, məsələn, İslam dininin ümumi möhtəvasını nəzərə alsaq, istər bu gün, istərsə də keçmişdə yaşayan insanlar onun ali məzmunlu maarifini və dini məsələləri, elmin inkişafına baxmayaraq, hələ də tamamilə izah edə bilməmişlər.
Digər bir tərəfdən, bəşər həmişə azadlıq axtarışında olmuşdur. Dində isə bəzi məhdudiyyətlər vardır ki, insanın nəfsi istəklərini və azadlığını məhdudlaşdırır. Əgər iddia doğru olsaydı, insanlar özlərinin əleyhinə olan belə bir dini formalaşdırmazdılar. Dinin mənşəyi və kökü barədə bir neçə nəzəriyyə var və deyilir ki, bunun bir səbəbi də qorxudur. Məsələn, təbiətdəki hadisələr insanların qorxmasına səbəb olmuş və onlar hadisələri izah edə bilmədiklərindən fövqəltəbii bir varlığı qəbul etmiş və beləliklə din yaranmışdır.
Əgər qorxu Allaha etiqadlı olmaqda əsaslı səbəbdirsə, onda nə üçün bütün qorxan insanlar Allahı qəbul etmir? Qorxu Allaha diqqət yetirməkdə bir səbəbdir, Ona iman gətirməkdə yox. Sanki bir şəxs yatıb və hansısa səsdən qorxub yuxudan ayılır və hər şeydən əlini üzüb Allaha üz tutur. Əgər bu məntiqli bir dəlildirsə, onda biz bir misal çəkək. Kimsə deyə bilərmi ki, yolda baş verən hadisələr yol hərəkət qaydalarının meydana çıxması üçün səbəbdir. Yəni hadisələr baş verdiyinə görə bu qaydalar meydana çıxmışdır. Bunlara inanmaqla insan da polisin varlığına inanır. Halbuki bunun əksinədir, həmin qaydalar əvvəlcədən yaradılmışdır. Din də belədir. Qorxunun Allaha inamla heç bir əlaqəsi yoxdur. Bəli, bir-iki nəfərdə bu cür olması mümkündür, amma dindar insanların əksəriyyətində bu cür deyil. İnsanlar qorxu ilə, sanki ayılır və öz fitrətinə qayıdırlar. Əgər onların fitrətinin üzərinə bir pərdə çəkilmişdirsə, qorxu sayəsində həmin pərdə aradan qalxır və insanın fitrəti oyanır. Bu eyniylə paltarın üzərinə qonaraq rəngini dəyişmiş toz kimidir ki, paltar sirkələnəndə onun əsl rəngi üzə çıxır. Qorxu və bu kimi hadisələr də belədir. Allaha olan etiqadı üzə çıxarır.
Digər bir tərəfdən, Allaha etiqadın qorxu ilə əlaqələndirməsi dəlilsiz bir iddia və nəzəriyyədir ki, bu da qəbul olunmur. Ortaya belə bir sual qoyuruq: Əgər dediyiniz doğrudursa, onda nə üçün insanlar başqa bir varlığa deyil, elə məhz Allaha iman gətirirlər? Bu da onu göstərir ki, Allaha iman insanın fitrətindədir.
Din və Allaha etiqadın mənşəyini bəziləri cəhalət və nadanlıq hesab edirlər. Məsələn, yağış yağanda onun səbəbini bilmədiklərindən, deyirdilər yağış allahı və s. Sual veririk: Əgər belədirsə, müasir dünyada hadisələrin səbəbi bilindiyi halda, nə üçün çoxları dindandır və dini kənara qoymurlar? Halbuki nadan olmaq dindarlığa səbəbdirsə, bunun əksi yəni elm və inkişaf və tərəqqi də dindarlığa səbəb olur. Dünyada bu qədər ağıllı insanlar var, onlar nə üçün dini bir kənara qoymur, əksinə, Allaha daha çox bağlıdırlar? Yəni ateistlər deyir ki, insan savadsız olduqda dinə bağlı olursa, elmli olduğu halda dini tərk etməlidir. Halbuki heç də belə deyil və bunun əksi baş verir.
Ateistlərin nəzərincə, dünyadakı dindarların əksəriyyəti cahil və nadandır. Əslində isə belə deyildir. Əgər dinlə, Allaha etiqadla nadanlıq arasında hanssıa bir rabitə və nisbət varsa, gəlin onun mütənasibliyini araşdıraq.
Fərz edək ki, din nadanlığa bərabərdir. Yəni din məlumatsızlıq və nadanlıqdır. Bu, tamamilə zidd bir şeydir. Allaha və dinə etiqad bir sıra məlumata malik olmaq deməkdir. Məlumatlı olmaq nadanlıqla (heç nəyi bilməməklə) bərabər ola bilərmi? Xeyr, əsla! Bu halda ziddiyyət təşkil edəcəkdir.
İkinci fərzimiz budur ki, din və Allaha etiqad arasındakı nisbət yüz faiz bir-birini rədd etməkdən ibarətdir. Belə olduğu halda nəticə budur ki, dinlə ziddiyyətə malik olan nadanlıq elə bir şeyin yaranmasına səbəb olub ki, bunun tamamilə əksinədir. Məsələn, alov yandırmaq xüsusiyyətinə malikdir. Qeyd edilən fərzə əsasən, alov yandırıcı olduğu halda, toxunduğu şey buz bağlayıb. Yəni alov yandırıb kül etməli olduğu halda, tamamilə alovun əksinə olan bir şey – buz bağlamaq meydana çıxıb. Diqqət etdiyiniz kimi, bu, qeyri-mümkündür. Çünki səbəb və nəticə qanununa ziddir.
Əgər nadanlıq səbəbdirsə, səbəb əsla Allaha etiqada ola bilməz. Çünki səbəblə nəticə arasında uyğunluq yoxdur. Əgər onların vasitəsilə bəzi azsaylı kəslərdə Allaha etiqad yaranmışdırsa da belə, onu ümumiləşdirmək olmaz.
Allah-taala Quranda Allaha etiqadın səbəbini fitrət olaraq qeyd etmişdir.
“Rum” surəsinin 30-cu ayəsində buyrulur:
فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفاً فِطْرَةَ اللَّهِ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا لَا تَبْدِيلَ لِخَلْقِ اللَّهِ ذَلِكَ الدِّينُ الْقَيِّمُ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ.
“Üzünü Allahın xalis dininə tut! Bu, bir fitrətdir ki, Allah insanı bu fitrət üzərində yaratmışdır. Allahın yaratdığında heç bir dəyişiklik yoxdur. Möhkəm din budur, lakin insanların çoxu bilmir”.
Allah bütün insanları İlahi fitrət əsasında yaratmışdır və onda heç bir dəyişiklik yoxdur. Allaha inam fitrəti hamıda var, eyni növdəndir. Əlbəttə, imanın dərəcəsinə görə fərqlilik vardır. Amma fitrət hamıda həmin fitrətdir. Ona görə də nə qorxunun və nə də nadanlığın Allaha etiqadla heç bir əlaqəsi yoxdur.
Tanrı böyükdür Kitabı 110-114 səhifələr. İlahiyyatçı: Camir Ağayev.