Şübhə: İslam Peyğəmbəri özündən sonra xəlifə təyin etmədi ki müsəlmanlar neçə firqəyə bölündülər?!


     Hitçens, Həzrət Məhəmməd Peyğəm­bərlə (s) bağlı bir iradı bəyan edərək belə yazır: “Ancaq o, hakimiyyətini kimə miras qoyacağı haqda heç bir göstəriş verməyib. Miras üstündə mübarizə onun ölümündən dərhal sonra başladı. Nəti­cədə İslam tam hüquqlu bir dini sistemə çevrilməmişdən öncə özünün ilk böyük bölünməsini yaşadı – sünnilik və şiəlik”.

        CAVAB:  Peyğəmbərin (s) işi təkcə hakimiyyətlə bağlı deyildi. Həzrət öhdəsində həm dini, həm də dünyəvi rəhbərliyi daşıyırdı. Bu da İlahi bir vəzifə idi və belə bir hakimiyyət ona Allah tərəfindən verilmişdir. Hitçensin bu ifadəsi bir daha onun və onun timsalındakı digər ateistlərin hələ də İslamı dərindən tanımadıqlarını göstərir. Peyğəmbər (s) İlahi vəzifəsini kənara qoya bilməz, dünyəvi hakimiyyəti özbaşına tərk edə və onun haqqında düşünməyə bilməzdi. Ağıl da bunu qəbul etmir ki, 23 il peyğəmbərlik edən bir şəxs hər şeyi başlı-başına buraxsın və dünyadan getsin. Bu məsələ, yəni Peyğəmbərdən (s) sonra rəhbərin təyin olunması da Allah tərəfindən həyata keçirilmiş və sonrakı canişin və rəhbər təyin edilmişdi. İslam tarixində “Qədir-Xum” kimi çox məşhur və önəmli bir hadisə baş vermiş və Peyğəmbər (s) İslam ümmətinə özündən sonra həzrət Əlini (ə) canişin və rəhbər olaraq təyin etmişdir. Bu məsələ danılmaz hadisələrdən və faktlardandır. Həzrət Əli (ə) insanların həm dini, həm də dünyəvi rəhbəri olaraq təyin edilmişdir. Peyğəmbər (s) bu məsələni məqsədyönlü şəkil­də həyata keçirir və insanlar da onu rəhbər olaraq qəbul edir.

Hitçens yazır ki, Peyğəmbərin (s) mirası üstündə müharibə onun ölümündən sonra başlamışdır. Əvvəla, nəzərinizə çatdırırıq ki, Peyğəmbərdən (s) sonra başlayan bu təfriqə və müharibə, miras üstündə deyil, ədalət üstündə idi. Əsl mübarizə ədalət uğrunda idi. Peyğəmbər (s) özündən sonra Əhli-beyti (ə) hakimiyyətə təyin etdi və bəziləri hakimiyyəti ələ keçirmək istədi və müsəlmanlar arasında təfriqə yarandı. Həmin təfriqə və ixtilaf İslam dinində deyil, müsəlmanlar arasında idi. Çünki Quran iki yerə parçalanmamışdı, müsəlmanlar parçalanmışdılar.

Yazır ki, İslam özünün ən böyük parçalanmasını, şiəlik və sünnilik bölgüsünü yaşadı. Qeyd edək ki, İslam heç də parçalanmayıb və necə varsa, elə də qalmaqdadır. Quranda və Peyğəmbər (s) sünnəsində iki yol deyil, yalnız bir yol və bir qayda göstərilmişdir. Parçalanma və ayrılıq müsəlmanlar arasındadır. İslam dini Peyğəmbərdən (s) sonra həzrət Əlinin (s) canişin və rəhbər təyin edilməsi ilə kamilləşmiş və nemətlər də insanlara tamamlanmışdır. Quran vəhdət və birlik üzərində formalaşan və buna təkid edən bir kitabdır. Dinin kamilləşməsi məsələsi də “Qədir-Xum” hadisəsi ilə baş vermişdir.

“Maidə” surəsinin 3-cü ayəsində buyrulur:

الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الإِسْلاَمَ دِيناً.

“Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün (əbədi) din olaraq İslamı qəbul etdim”.

Hitçens İslamın tam hüquqlu bir dini sitemə çevrilməmişdən öncə parçalandığını iddia edir. Şübhəsiz, bu, yalandır. İslam dini elə Peyğəmbərin (s) zamanında “Qədir-Xum” hadisəsilə öz kamilliyinin zirvə nöqtəsinə yüksəldi və bütün İslam düşmənləri məyus olaraq naümidliyə düçar oldu. Onlar elə güman edirdilər ki, Peyğəmbərdən (s) sonra heç kəs hakimiyyətdə olmayacaq və İslam dininin kökündən məhv edəcəklər. Amma hər şey əksinə oldu və düşmənlər məyus oldular.

Xatırladırıq ki, Quran Peyğəmbər (s) zamanında nazil olmuşdu, ondan sonra nazil olmamışdı ki, Hitçensin irəli sürdüyü əsassız iddialar doğru olsun. Allah Rəsulu (s) bütün insanları yalnız bir yola – haqq yoluna dəvət edir. Quran və Peyğəmbər (s) sünnəsində birdən artıq yol yoxdur və haqq yolu da birdir.

“Rəd” surəsinin 7-ci ayəsində buyrulur:

وَيَقُولُ الَّذِينَ كَفَرُواْ لَوْلآ أُنزِلَ عَلَيْهِ آيَةٌ مِّن رَّبِّهِ إِنَّمَا أَنتَ مُنذِرٌ وَلِكُلِّ قَوْمٍ هَادٍ.

“Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” Sən ancaq qorxudansan. Hər qövmün bir yolgöstərəni vardır”.

Peyğəmbərdən (s) sonrakı zamanlarda insanları haqq və doğru yola hidayət edən Məsum İmamlar (ə) və o həzrətin canişinləri olmuşdur.

Peyğəmbər (s) “Səqəleyn” hədisində buyurur:

إِنّي قَدْ تَرَكْتُ فِيكُمُ الثِّقْلَيْنِ مـا إنْ تَمَسَّكْتُمْ بِهِمـا لَنْ تَضِلُّوا بَعْدِي... كِتـابَ اللهِ... وَعِتْرَتِي أَهْلَ بَيْتِي.

"Mən sizi tərk edərək aranızda iki ağır əmanət qoyuram. Kim onlardan yapışsa, məndən sonra heç vaxt doğru yoldan azmaz. Allahın kitabı və itrətim (Əhli-beytim)".[1]

Hədisin mənası Quranın səhv və xətadan qorunmuş olması, onun sayəsində hərəkət edənlərin də səhv və günahlardan amanda qalacağıdır. Bu baxımdan, Əhli-beyt (ə) də məsum olmalıdır ki, onlardan yapışanlar da səhv və xətadan amanda qalsınlar. Yoxsa məsum olmadığı halda onlara təvəssül edənlərin səhv və günahlardan amanda qala bilməsi mümkün deyil. Deməli, həmin rəvayətə uyğun olaraq, Əhli-beyt (ə) ismət və təharətə malik və məsumdur, eyni zamanda, Allah tərəfindən seçilmiş məsum bir fərd olmalıdır. Beləliklə, onların bir-birinin ardınca məsum imamlar olduğu aydın olur.

"Səqəleyn" hədisi "imamət""vilayət" mövzusu baxımından həddən artıq əhəmiyyətə malikdir, onun tayı-bərabəri yoxdur. Bu hədis dəlil baxımından tutarlı və güclü sübutlara malikdir, sənəd cəhətdən isə Əhli-sünnə və şiə mənbələrində mütəvatir və geniş şəkildə nəql edilmişdir. Həmin hədis barədəki mənbə və sənədlərə nəzər saldıqda, Peyğəmbərin (s) onu bir dəfə deyil, dəfələrlə söylədiyi məlum olur. Qeyd edilən hədis həm şiənin mötəbər mənbələrində ("Təhzibul-əxbar", "Əl-İstibsar", "Əl-Kafi""Mən la yəhzurul-fəqih") [2], həm də Əhli-sünnənin "Sihahe sittə" kitablarında gəlmişdir".

 “Maidə” surəsinin 55-ci ayəsində buyrulur:

إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ.

“Həqiqətən, sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir”.

(Hər iki məzhəb tərəfindən nəql edilmiş rəvayətlərə əsasən, cəm şəkildə buyrulan bu ayənin yeganə nümunəsi Əli (ə) və onun rüku halında üzük bağışlamasıdır).

Quran da, Peyğəmbər (s) və onun məsum Əhli-beyti (ə) də yalnız bir olan hidayət yoluna dəvət edir. Nəticədə nə Quranın, nə də Peyğəmbər (s) sünnəsinin yarımçıq qalmadığı və Hitçens kimi ateistlərin dəlil-sübutsuz iddialar irəli sürməsi məlum olur.

Tanrı böyükdür Kitabı 94-98 səhifələr. İlahiyyatçı: Camir Ağayev.


[1] “’l-Kafi”, c.2, s.415.

[2] "Təhzibul-əxbar", "Əl-İstibsar" Şeyx Tusinin, "Əl-Kafi" mərhum Kuleyninin və "Mən la yəhzurul-fəqih" Şeyx Səduqun əsərlərindəndir və hər üç əsər şiənin ən dəyərli və mötəbər mənbələrindən hesab edilir. Xatırladaq ki, həmin kitabların şiənin ən mötəbər kitabları olduğunu dedikdə oradakı hədislərin tədqiqə ehtiyacı olmadığı anlamına gəlmir. Belə ki, həmin kitablardakı hədislərin sənədləri araşdırıldıqda mötəbərliyi aydın olur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter