Din insanlar arasında münaqişə yaradaraq cahillik və xürafata söhkənməsi danılmaz bir faktdır?!
K.Hitçens öz kitabında yazır: “Din, müqəddəs kitablarının nəsildən-nəsilə insanlığın ən primitiv illuziyalarından birini: qəbilə, sülalə və irqi fərqllilikləri şişirtdiyi üçün məsuliyyət daşıyır. Dinin nifrət və münaqişə yaratdığını, cahillik və xurafata söykəndiyini başa düşmək çətin olmayıb”.
CAVAB: Bu, ateist Hitçensin nəzəriyyəsidir. İlk olaraq onu qeyd edək ki, müqəddəs İslam dini sonuncu və kamil bir din olaraq sülh və ya düşmənlə müharibə məsələsi, qəbilə və ya digər münasibətlərlə bağlı mötədil bir mövqe tutub bu məsələdə ifrat və təfritə yol verməmişdir. Ola bilsin, Hitçensin vurğuladığı məsələlər məsihilik və yəhudilikdə olmuş olsun, amma Peyğəmbər (s) sünnəsi və İlahi vəhyə əsaslanan, əsas mənbəyi Qurani-Kərim olan İslam dinində heç bir dəyişiklik baş verməmiş, təhriflər baş verməmiş, hansısa dövrlərdəki şəxsiyyətlərin, cəmiyyətin rəftarı Quranda təsir qoymamış və o, sabit olaraq qalmışdır. Yəni insanların, müsəlmanların rəftarı dəyişsə belə, Quranda dəyişiklik olmamışdır. Onun qorunması heç də nəsildən-nəsilə ötürülmə sayəsində olmamışdır. Quran İslamın əsas mənbəyidir və insanlara dəyər verməkdə təqvalı olmağı əsas sayır. İslam dinində irqçilik və təəssübkeşliyə istinad edən heç bir şey yoxdur və bunlar Kristoferin əsassız və məntiqsiz iddiasıdır. Əvvəldə də qeyd etdiyimiz kimi, uşaqlıqda fiziki və psixoloji təzyiqlərə məruz qalmış, qapalı şəraitdə yaşayan müəllif sadəcə həqiqətləri əldə edə bilməmiş və məsələlər ona aydın olmadığından bu cür iddialar irəli sürmüşdür. Kitabını əvvəldən sona qədər oxumağımıza baxmayaraq, onda tutarlı bir dəlil-sübutla qarşılaşmamışıq. Onun dediklərinin İslam dininə heç bir aidiyyatı yoxdur. Əlbəttə, məsihilik və yəhudiliklə bağlı bunları qeyd edirsə, bu mümkündür və həmin dinlər təhrif edilmiş və insanlar onların mətnində dəyişikliklər etmişlər. Oradakı qanunlar bəşəriyyətin yazdığı qanunlar toplusundan ibarətdir. Bunun isə həqiqi dinə və İslama heç bir aidiyyatı yoxdur.
Hitçens iddiasının ardınca yazır: “Dinin nifrət və münaqişə yaratdığını, cahillik və xurafata söykəndiyini başa düşmək çətin olmayıb”. Ondan soruşmaq lazımdır ki, vəhdət və birliyə dəvət edən din nə zaman münaqişə yaratmışdır? İslam tarixinə nəzər saldıqda, görürük ki, Ərəbistanda daim bir-birilə müharibə aparan Ovs və Xəzrəc qəbilələri arasında Peyğəmbər (s) gəldikdən sonra sülh və barışıq yarandı. Qan tökülməsinin qarşısını Peyğəmbər (s) almışdır. Bunlar tarixi sübutdur. İslamdan öncə cahiliyyət dövründəki ərəblər qız uşaqlarını diri-diri basdırırdılar, İslam dini isə bu kimi məsələləri qadağan etmişdir. Belə məsələlər İslamdan öncə vardı və dinlə heç bir əlaqəsi yox idi. Belə isə İslamda münaqişə və dini qarşıdurmaya nə zaman yol verilmişdir? Əslində, insanlar bu kimi işlərə düçar olur və qan tökülməsinə səbəb olur. Əsas məsələ odur ki, ateistlərin bununla bağlı bir iradı varsa, gərək iradları dinin mənbəyinə yönəltsin və desinlər ki, həmin məsələlər İslamda və ya Quranda vardır. Halbuki əsla Quran və İslamda belə bir şey, yəni təəssübkeşlik və irqçilik yoxdur. Mümkündür Hitçensin nəzərində cahillik məfhumu fərqli məna daşıyır. Müqəddəs İslam dini bütün tərəfdar və ardıcıllarına qardaşlıq münasibətində olmağı əmr edir.
“Hucurat” surəsinin 10-cu ayəsində buyrulur:
إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَيْنَ أَخَوَيْكُمْ وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ.
“Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, rəhm olunasınız!”
Hətta ardıcılları olmayanları da iki qismə bölür. Onların bir qismi Əhli-kitabdan olan məsihi və yəhudilər kimi müsəlmanlarla asayişdə olanlardır (əlbəttə, onlarla bağlı müəyyən qayda-qanunlar da nəzərdə tutulmuşdur), ikinci qismə isə müsəlmanlarla müharibə aparanlar daxildir. Allah-taala belə şəxslərlə də həddi aşmadan mübarizə aparmağı əmr edir. Ona görə ki, O, həddi aşanları sevmir.
Bir daha vurğulayırıq ki, İslam və Quranın mətnində heç bir irad yoxdur. Bu, eynilə, yol hərəkət qaydalarına riayət edilməməsi və nəticədə müəyyən problemlərin meydana çıxmasına oxşayır. Burada əsas məsələ yol hərəkət qaydalarının olmasında deyil, əksinə, insanların buna riayət etməmək nəticəsində problemlərlə üzləşməsidir.
Beləliklə, problem və çatışmazlıqlar İslam dini və Quranda deyil, həqiqətdə bu da qayda-qanunlar toplusudur və insanlar buna riayət etməmək səbəbilə müxtəlif çətinliklərlə qarşılaşırlar.
Tanrı böyükdür Kitabı 91-94 səhifələr. İlahiyyatçı: Camir Ağayev.