Peyğəmbərlərin bəziləri qeyri insani və səhv addımlar atmışlarmı?!


         “Tanrı böyük deyildir” kitabında belə qeyd edilir: “İbrahimin qorxunc hekayəsi qətiyyən mərhəmət işığında təsəvvür edilə bilməz. Onun başlanğıcı bir sıra nağıllar və iyrəncliklərdən ibarətdir; burada atalarını yoldan çıxaran Lutun qızları da var, İbrahimin ögey bacısı ilə nikahı da... Bəlkə İbrahim vicdan əzabı çəkirdi, amma Allaha qarşı çıxa bilməzdi və buna görə oğlunu öldürməyə razı olmuşdu...”

          CAVAB:  Əvvəla, İbrahim peyğəmbərin (ə) hansı qorxunc hekayəsi var? Bu həzrətin başına gələn hadisələr Qurani-Kərimdə bildirilmişdir, onun hikmətli və məntiqli hekayəsi nəql edilmişdir. Həzrət İbrahim (ə) bütpərəst­lərlə mübarizə aparmış və oda atıldıqdan sonra da Allah tərəfindən möcüzəvi şəkildə oddan xilas edilmiş və od onu yandırmamışdır. Peyğəmbərin (ə) həyatına nəzər saldıqda, onun müxaliflərə qarşı apardığı mübarizələrdə qələbə çaldığı aydın olur. Həzrət İbrahim (ə) Quranda tövhid qəhrəmanı kimi təqdim edilmişdir. O, düşmənləri acizliyə uğradan bir şəxsdir. Bəli, tarixdə hansısa təhrif edilmiş kitablar, məqalələr yazıla bilər, lakin bu, qəbul oluna bilməz. Quranın “Ali İmran” surəsinin 33-cü ayəsində buyrulur:

إِنَّ اللّهَ اصْطَفَى آدَمَ وَنُوحًا وَآلَ إِبْرَاهِيمَ وَآلَ عِمْرَانَ عَلَى الْعَالَمِينَ.

“Həqiqətən, Allah Adəmi, Nuhu, İbrahimin ailə­sini və İmranın ailəsini (öz zamanlarındakı) bütün aləmdəkilərdən üstün etdi”.

Həzrət İbrahim (ə) və onun ailəsi, ayədə qeyd olunduğu kimi, seçilmiş kəslərdən idi və üstün insani səciyyələrə malik idi. Allah-taala onu öz zəmanəsindəki digər insanlardan üstün tutmuşdur. “Bəqərə” surəsinin 124-cü ayəsində buyrulur:

وَإِذِ ابْتَلَى إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَمَّهُنَّ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَاماً قَالَ وَمِن ذُرِّيَّتِي قَالَ لاَ يَنَالُ عَهْدِي الظَّالِمِينَ.

“(Yadınıza salın ki,) Rəbbi İbrahimi müxtəlif vasitələrlə sınağa çəkdiyi zaman o, bu sınaqlardan yaxşı çıxdı. (Bu zaman Allah ona:) “Səni insanlara imam (rəhbər, başçı) təyin edirəm” - dedi. (İbrahim isə:) “Nəslimdən də (imamlar təyin et)” – dedi. (Allah:) “Mənim əhdim zalımlara çatmır (və sənin övladlarından bu məqama yaınız pak və qüsursuz olanlar layiqdirlər)” – buyurdu”.

Həzrət İbrahimin (ə) imtahan olunması onun şəxsiyyətinin möhkəmlənməsi üçün idi və imtahandan başı uca çıxan bu peyğəmbərə (ə) imamət və insanlara rəhbərlik məqamı verildi.

Ateistlər burada diqqəti həzrət İbrahimin, oğlu İsmayılı (ə) qurban kəsməsi məsələsinə çəkirlər. Əslində bu hadisə baş vermədi və imtahan məqamında həzrət öz vəzifəsini yerinə yetirdi. Əlbəttə, həzrət İbrahim (ə) uzun müddət övlad sahibi olmamış və ovlad sahibi olduqdan sonra da imtahan olunmuşdu. Onun oğluna qarşı hədsiz məhəbbəti vardı.  Burada qorxulu bir hadisə yoxdur və heç bir acınacaqlı hadisə də baş vermədi. Peyğəmbər (ə) Allaha məhəbbətindən övladını belə qurban verməyə hazır olduğunu göstərdi. Bu, vətənini, torpağını qorumaq üçün, öz oğlunu döyüş meydanına göndərən atanın işinə bənzəyir ki, qurban vermək üçün oğlunu meydana göndərir və oğlu şəhid olur.

Yuxarıdakı iradda “atalarını yoldan çıxaran Lutun qızları” ifadəsi yer alır.  Əvvəla, həzrət Lut (ə) bir peyğəmbər idi və Quranda, digər səhih və mötəbər kitablarda onun haqqında belə pis bir şey qeyd olunmamışdır. Bu cəfəngiyyatları haradan əldə edir və nə üçün ismət sahibi olan peyğəmbərlərə iftira atırsınız? Biz belə insanlara ancaq təəssüflənə bilərik, çünki onlar həqiqətdən bixəbər və acizliklərindən nə dediklərini bilmirlər. İslamdan da nə qədər uzaqdırlar! Əslində həzrət Lutun (ə) fəsad əhli olan qövmü evinə gələn kişi qonaqlara təcavüz etmək istəyəndə, Peyğəmbər (ə) onlara qızlarının olduğunu, onların pak olduğunu, qızlarıyla ailə qurmalarını və evlənmələrini, bu çirkin əməllərdən əl çəkmələrini söyləyir. Allah-taala Quranın “Hud” surə­sinin 78-ci ayəsində buyurur:

وَجَاءهُ قَوْمُهُ يُهْرَعُونَ إِلَيْهِ وَمِن قَبْلُ كَانُواْ يَعْمَلُونَ السَّيِّئَاتِ قَالَ يَا قَوْمِ هَـؤُلاء بَنَاتِي هُنَّ أَطْهَرُ لَكُمْ فَاتَّقُواْ اللّهَ وَلاَ تُخْزُونِ فِي ضَيْفِي أَلَيْسَ مِنكُمْ رَجُلٌ رَّشِيدٌ.

“Tayfası tələsik (Lutun) yanına gəldi. Onlar əvvəl də pis işlər görürdülər. (Lut onlara) dedi: “Ey qövmüm! Bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər. (Onlarla ailə qurun və çirkinlikdən uzaq olun). Allahdan qorxun və məni qonaqların yanında rüsvay etməyin. Məgər aranızda ağılı başında, başa düşən bir adam yoxdur?”

Bu ayədə həzrət Lutun (ə) özü deyir ki, “qızlarım evlənmək baxımından sizin üçün daha pakdırlar. Onlarla evlənin!” Belə olduğu halda, onun qızlarının atalarını yoldan çıxarması mümkündürmü?

Digər iddialarına görə isə, güya, həzrət İbrahim (ə) öz bacısı ilə evlənmişdir. Bu haqda nə Quranda, nə də digər mötəbər kitablarda qeyd olunmamış və yalnız Əhli-sünnənin qeyri-mötəbər kitablarında qələmə alınmışdır. Bu məsələ qətiyyən həqiqətə uyğun deyil. Ateistlər İslam və həqiqi, mötəbər islami kitablarla yaxından tanış olsaydılar, bu cür cəfəngiyyatlara düçar olmaz və öz səhvlərini başa düşərdilər.

Digər tərəfdən, həzrət İbrahim (ə) övladını qurban vermək məsələsində heç də vicdan əzabı çəkməyib və heç bir mötəbər yerdə də yazılmamışdır.

Tanrı böyükdür Kitabı 87-91 səhifələr. İlahiyyatçı: Camir Ağayev.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter