Dinin bütün faydasının keçmişdə qaldığını görürük iddiasının yalanlığını necə sübut etmək olar?
“Tanrı böyük deyildir” kitabında bu fikir də yer alır: “Dinin bütün faydasının keçmişdə qaldığını, əsas mətnlərinin ağ iplərlə toxunan nağıllar olduğunu, insan tərəfindən icad edildiyini, həmişə elmin, azad düşüncənin düşməni olduğunu, əksər hallarda yalana, qorxuya arxalandığını, cahilliyə, həmçinin köləliyə, irqçiliyə, genosid və zülmə göz yumduğunu qəti şəkildə sübuta yetirə bilməsəm də, əminliklə bəyan edirəm ki, müasir din bu ittihamlarla çox gözəl tanışdır”.
Cavab: Özləri də etiraf edir ki, əllərində bu iddiaları sübut etməyə tutarlı bir dəlil, arqument yoxdur. Belə isə bu iddialar yalandan başqa bir şey deyil. Nəyə əsasən dinin faydalarının keçmişdə qaldığını iddia edirsiniz? Bu - yalandır.
Əgər İslamın dəyişdiyini iddia etsəz, bu, belə deyil, dində dəyişiklik baş verməyib. Əgər əksini söyləsəz, deməli bu, faydalı və dəyişməz bir dindir. Necə ola bilər, od olsun, amma yandırıcı xüsusiyyəti olmasın? Keçmişdə faydası olan bir din bu gün də varsa, onun faydalılığı davam etməli və bunun aradan getməsi özü-özlüyündə qeyri-mümkündür. Faydaların aradan qalxması üçün həmin dinin özünün aradan getməsi lazımdır. Əgər ateist Hitçensin məqsədi dinin bir zamanlar faydasının olması, amma bu gün elm inkişaf etdiyindən ona ehtiyacın qalmamasıdırsa, onda bunu açıq-aşkar öz sözündə bildirməli və onu ifadə etməli idi. Halbuki, o, bunu demir.
Sual veririk: Onda həmin elm hansı elmdir: dini elm, yoxsa dünyəvi elmdir? Əgər dini elmi nəzərdə tutursa, dini elm elə həmin dinin bir faydasıdır. Bunu inkar etmək mümkün deyil. Əgər dinlə heç bir əlaqəsi olamayan bir elmin insanı dindən ehtiyacsız etdiyini deyirsə, bu da qeyri-məqbul bir məsələdir. Ona görə ki, din və qeyri-dini elmlər iki ayrıca predmetə malikdir. Onların biri digərini əvəz edə bilməz. Yəni texnologiyanın inkişafı digər elmləri aradan qaldırmır. Məsələn, riyaziyyat, kompüter elmi və digər elmlərin özünəməxsus yeri, mövqeyi var və biri digərini əvəz edə bilmir.
Ateistlər iddia edir ki, dini insanlar yaradıb. Əgər dinin bütün mətnlərini insanlar yaratmış olsaydı, onda bütün insanların mənafeyini qoruyar və onların tam xeyrinə olan bir din olardı və beləliklə, Hər kəs tərəfindən qəbul edilərdi. Əgər onu bəşər övladı yaradıbsa, onda nə üçün insanlar dinin əleyhinə çıxır? Əksinə, din insan nəfsinin və şəxsi mənafelərinin əksinə hökm verdiyi üçün insanların çoxu dinin əleyhinə çıxmışdır. Çünki əksər halda din insanın nəfsi istəklərinin əleyhinə hökm verir. Yəni din insanlar tərəfindən iycad edilsəydi, insan öz istəyinin əleyhinə hökm verməz və bütün hökmlərdə öz xeyrini düşünərdi. Bu da onun Allah tərəfindən yaradıldığını göstərir. Din insanlar tərəfindən yaradılsaydı, onların bütün istəklərinə uyğun qanunlar yaradardı.
Digər bir tərəfdən, dinin insanın fərdi, ictimai və iqtisadi həyatındakı qanunları ya yaxşıdır, ya da tamamilə pisdir. Əgər desək ki, hamısı pisdir, onda biz insanların yaratdığı qayda-qanunların da pis olduğunu iddia etməliyik, çünki insanların yaratdığı qayda-qanunların da bəziləri insanın istəklərinin əksinə və ziddinədir. Yaxud da insanların yaratdığı qayda-qanunların bir qismi dini qayda-qanunlarla tamamilə üst-üstə düşür, belə olan halda biz onları da pisləməliyik. Çünki o qayda-qanunlar dində olduğu üçün biz dini rədd etdik.
Beləliklə dini qayda-qanunları insanlar yaratmışdır deyərək, rədd etsək gərək insanların öz dünyvəi qanunlarını da rədd edək.
Bunlardan əlavə, əgər insanlar bu dini qayda-qanunları icad etsəydi, onda müəyyən bir dövrdə fəxrlə dini icad etdiklərini bəyan etməliydilər. Halbuki belə bir iddiayla ortaya çıxan hər hansı bir miləlt və ya xalq olmamışdır. Heç bir zamanda insanlar hansısa bir dini yaratdıqlarını iddia etməmişdir. Hətta dindar olmayan insanlar belə, dinin bəşər tərəfindən yaradılmadığını bilir və bunu təsdiqləyirlər.
Tanrı böyükdür Kitabı 11-13 səhifələr. İlahiyyatçı: Camir Ağayev.