İslam Peyğəmbərinin həyatı, Düz yüz iyirmi il sonra İbn İshaq ilk dəfə onun həyat hekayəsini yazmışdır bu yazılarda dəyişiklik ola bilməzmi?!
Növbəti irad: “İslam Peyğəmbəri miladi təqvimlə təqribən 632-ci ildə dünyasını dəyişib. Düz yüz iyirmi il sonra İbn İshaq ilk dəfə onun həyat hekayəsini yazmışdır. Lakin bu yazının originalı itib və sadəcə işlənmiş variantı mövcuddur... Bu şayiələr və qeyri-müəyyənliklərə onu əlavə edə bilərik ki, Peyğəmbərin davamçılarının Quranı necə tərtib etmələri və Məhəmmədin kəlamları əsasında qanunun necə yarandığı haqda etibarlı məlumatımız yoxdu”.
CAVAB: Hitçensin iddiasına ilk cavabımız budur: Həzrət Peyğəmbərin (s) vəfat etməsi hər bir şeyin, hidayət qapısının bağlanması mənasına gəlmir. Allah Rəsulunun (s) canişinləri olan imamlar var, onlar Peyğəmbərin (s) mirasına sahibdirlər.
Bu cavaba ateistlər belə irad bildirə bilərlər: Heç Peyğəmbəri qəbul etmədiyimiz halda, siz imamları dəlil gətirirsiniz...
Gəlin bu məsələyə aydınlıq gətirək. Problem qəbul məsələsi olsa, onda hər şeyi bir kənara qoyub Allahdan danışmalı və Onun varlığını sizə sübut etməliyik. Siz Onu qəbul etmədən Peyğəmbərdən (s) söhbət açırsınız. Halbuki bütün məsələlər Allahdan başlayır.
Bundan başqa, biz peyğəmbərlik və imamət məsələsini qəbul edirik, bu bizim üçün çox önəmlidir.
İkincisi, Peyğəmbərin (s) sözləri, həyatı, əxlaqı və Quranın necə tərtib edilməsinə dair tarixi faktlar mövcuddur.
Digər tərəfdən, bütün bunları öz gözləri ilə görən şahidlər olmuşdur. Əlbəttə, hadisələri öz gözləri ilə görən və sonrakı nəslə nəql edən şahidlər mötəbərlik baxımından daha üstündür. Məsələn, Cabir ibn Abdullah Ənsari (607-697), Salman Farsi (v. 657), Əbu Əyyub Ənsari (v.674) kimi şəxsiyyətlər Peyğəmbərdən (s) sonra yaşayıblar.
Bundan başqa, Peyğəmbərin (s) canişin və nümayəndələri olan İmamlar məsələsi var ki, onlar həzrətin sözlərinə şahidlik etmiş və Quranın həqiqi olmasına dəlildirlər. Əgər bunu da qəbul etməsələr, bu şahidləri də qəbul etməsələr, onda biz onlara deyirik: Teleskop və mikroskop zamanıdır, elm və texnologiya inkişaf edib, arxeoloji qazıntılar aparılır, yerin altından şəhərlər, qəbirlər çıxır. Bu qazıntılardan əldə olunan tapıntılar əsasında hansısa bir qövmün, şəhərin mədəniyyəti, yaşayış tərzi haqqında məlumat verilir. Arxeoloqların əsaslandığı daş və digər şeylər, görəsən, canlı şahidlərdən üstündürmü? Tarixdə Peyğəmbərin (s) mədəniyyəti, əxlaqı, xüsusiyyətlərinə şahidlik etdiyi halda, onların dəyəri yoxdurmu? Halbuki bu, daş-kəsək deyil, canlı şahidlərdir, tarixi faktlardır və onları danmaq olmaz. İbn İshaqın qələmə aldığı məlumatlar elə canlı şahid hesab olunur, həzrət Peyğəmbərə (s) və Quranın toplanmasına da bir dəlildir”.
Qurani-Kərimdə Allah-taala Peyğəmbərə (s) bildirir ki, Biz sənə bu kitabı nazil etmişik.
ذَلِكَ الْكِتَابُ لاَ رَيْبَ فِيهِ هُدًى لِّلْمُتَّقِينَ.
“Bu, heç bir şəkk-şübhə olmayan, təqvalılara doğru yol göstərən əzəmətli bir kitabdır”.[1]
وَلَمَّا جَاءهُمْ كِتَابٌ مِّنْ عِندِ اللّهِ مُصَدِّقٌ لِّمَا مَعَهُمْ وَكَانُواْ مِن قَبْلُ يَسْتَفْتِحُونَ عَلَى الَّذِينَ كَفَرُواْ فَلَمَّا جَاءهُم مَّا عَرَفُواْ كَفَرُواْ بِهِ فَلَعْنَةُ اللَّه عَلَى الْكَافِرِينَ.
“Onlara Allah tərəfindən əllərindəkini (Tövratı) təsdiq edən bir kitab (Quran) göndərildiyi zaman (onu qəbul etmədilər). Halbuki əvvəlcə (Muhəmməddən qabaq) kafirlərə (ərəb müşriklərinə) qələbə çalmaq üçün (“Tövratda adı çəkilən axirüzzəman peyğəmbər gəlib bizə yardım edəydi!” - deyə Allaha) yalvarırdılar. Bildikləri (peyğəmbər) gəldikdə isə, (paxıllıq edib) ona inanmadılar. Allah kafirlərə lənət eləsin!”[2]
وَهَـذَا كِتَابٌ أَنزَلْنَاهُ مُبَارَكٌ مُّصَدِّقُ الَّذِي بَيْنَ يَدَيْهِ وَلِتُنذِرَ أُمَّ الْقُرَى وَمَنْ حَوْلَهَا وَالَّذِينَ يُؤْمِنُونَ بِالآخِرَةِ يُؤْمِنُونَ بِهِ وَهُمْ عَلَى صَلاَتِهِمْ يُحَافِظُونَ.
“Bu, xeyir-bərəkəti özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki, onu sənə “Ümmül-qura” (Məkkə) əhalisini və ətrafındakı insanları qorxutmaq üçün nazil etmişik. Axirətə iman gətirənlər ona iman gətirər, namazlarını da qoruyub saxlayarlar”.[3]
وَهَـذَا كِتَابٌ أَنزَلْنَاهُ مُبَارَكٌ فَاتَّبِعُوهُ وَاتَّقُواْ لَعَلَّكُمْ تُرْحَمُونَ.
“Bizim nazil etdiyimiz bu kitab bərəkətlidir. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə, sizə rəhm edilsin!”[4]
كِتَابٌ أُنزِلَ إِلَيْكَ فَلاَ يَكُن فِي صَدْرِكَ حَرَجٌ مِّنْهُ لِتُنذِرَ بِهِ وَذِكْرَى لِلْمُؤْمِنِينَ
“Bu, (insanları doğru olmayan inancları və davranışlarının acı aqibətindən) qorxutmaq və möminlərə xatırlatmaq üçün sənə nazil edilən bir kitabdır. Ondan ötrü ürəyində bir sıxıntı və narahatlıq olmasın!”[5]
الَر كِتَابٌ أَنزَلْنَاهُ إِلَيْكَ لِتُخْرِجَ النَّاسَ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ بِإِذْنِ رَبِّهِمْ إِلَى صِرَاطِ الْعَزِيزِ الْحَمِيدِ.
“Əlif, Lam, Ra. (Bu,) insanları öz Rəblərinin izni ilə qaranlıqdan nura – qüdrətli, tərifəlayiq Allahın yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir kitabdır”.[6]
كِتَابٌ أَنزَلْنَاهُ إِلَيْكَ مُبَارَكٌ لِّيَدَّبَّرُوا آيَاتِهِ وَلِيَتَذَكَّرَ أُوْلُوا الْأَلْبَابِ.
“Bu bərəkətli kitabı, (insanların) onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də xatırlaması üçün sənə nazil etdik”.[7]
Allah-taala pərakəndə, hissə-hissə olan surələrdən deyil, bütöv və kamil şəkildə nazil olan bir kitabdan danışır. Səhabələr və digər şəxsiyyətlər canlı şəkildə Peyğəmbərə (s) və Quranın tərtib olunmasına şahid olmuşlar. Necə ola bilir ki, arxeoloqlar min illər öncə var olmuş sivilizasiyalardan xəbər verir, ateist Hitçens də bunu inkar etmir, ancaq Quran və Peyğəmbəri (s) inkar edir? Əgər bu gun bu haqda o dövrə məxsus hər hansı bir kitab olsaydı və bu günə qədər qorunub saxlanılsaydı, ateistlər yenə də onu inkar edəcək, qəbul etməyəcəklərdi.
Allah-taala Quranın “Tövbə” surəsinin 93-cü ayəsində buyurur:
وَطَبَعَ اللّهُ عَلَى قُلُوبِهِمْ فَهُمْ لاَ يَعْلَمُونَ.
“Allah onların ürəklərini möhürləmişdir. Buna görə də onlar heç nə bilməzlər!”
[1] “Bəqərə” surəsi, 2-ci ayə.
[2] “Bəqərə” surəsi, 89-cu ayə.
[3] “Ənam” surəsi, 92-ci ayə.
[4] “Ənam” surəsi, 155-ci ayə.
[5] “Əraf” surəsi, 2-ci ayə.
[6] “İbrahim” surəsi, 1-ci ayə.
[7] “Sad” surəsi, 29-cu ayə.