Hitçensin qənaətinə görə, din açıq şəkildə əxlaqsızdır. Şüur, həsəd, xəsislik - iqtisadi inkişafın mühərrikidir. Din isə bunları qadağan edir!
Hitçensin qənaətinə görə, din açıq şəkildə əxlaqsızdır. Şüur, həsəd, xəsislik - iqtisadi inkişafın mühərrikidir. Din isə bunları qadağan edir.
CAVAB: Din ateistlərin qeyd etdiyi bu əxlaqi rəzilə sifətləri qadağan edir. Həsəd, paxıllıq, xəsislik, əslində, insani xislətlərin ən pisidir və əxlaqi baxımdan bəyənilməzdir. Bu xüsusiyyətləri iqtisadi inkişaf hesab edən ateistlər, görəsən, əxlaqı necə dəyərləndirirlər? Ümumiyyətlə, onların nəzərində əxlaq nədir? İslam dini əsla düşüncəyə qarşı çıxmır! Axı insanı heyvandan fərqləndirən cəhət onun şüurlu olmasıdır. Deyirlər ki, düşüncə iqtisadi inkişafın mühərrikidir. Bəyəm İslam dini şüurlu olmağı pisləyir? Xeyr, əksinə, insanı ağıla, düşüncəyə səsləyir və bütün işlərdə təfəkkür etməsini bildirir. Hədis və ayələr də bu məsələni təsdiqləyir və insanı təfəkkür və düşüncəyə çağırır. Həzrət Əli (ə) buyurur:
التدبر قبل العمل یأمنک من الندم .
“Əməldən öncə tədbir görmək sonrakı peşmançılıqdan amanda saxlayar”.[1]
Yəni insan ağıl və şüurla hərəkət etsə, işlərini düşünüb həyata keçirsə, müvəffəqiyyət əldə edər və peşmançılıq çəkməz.
“Nisa” surəsinin 5-ci ayəsində buyrulur:
وَلاَ تُؤْتُواْ السُّفَهَاء أَمْوَالَكُمُ الَّتِي جَعَلَ اللّهُ لَكُمْ قِيَاماً وَارْزُقُوهُمْ فِيهَا وَاكْسُوهُمْ وَقُولُواْ لَهُمْ قَوْلاً مَّعْرُوفًا.
“Allahın sizə dolanmaq üçün bəxş etdiyi malları səfehlərə verməyin. Həmin maldan onlara verin, onları geyindirin və onlara xoş sözlər deyin!”
Ayədəki “səfeh” sözü “ruhi xəstələr” və ya “dəlilər” mənasında deyil. Burada iqtisadi baxımdan yetərli düşüncə və əqlə sahib olmayan, düzgün qərar verə bilməyən kəslər nəzərdə tutulur. Bir sözlə, mal və sərvəti boş yerə sərf edən və bitirən kəslərin ixtiyarında qoymayın.
“Bəqərə” surəsinin 13-cü ayəsində buyrulur:
وَإِذَا قِيلَ لَهُمْ آمِنُواْ كَمَا آمَنَ النَّاسُ قَالُواْ أَنُؤْمِنُ كَمَا آمَنَ السُّفَهَاء أَلا إِنَّهُمْ هُمُ السُّفَهَاء وَلَـكِن لاَّ يَعْلَمُونَ.
“Onlara: "(Digər) insanlar kimi iman gətirin!” - deyildiyi zaman: “Biz də səfehlər kimi iman gətirək?” - deyə cavab verirlər. Agah olun ki, səfeh onların özləridir, lakin (bunu) bilmirlər”.
“Bəqərə” surəsinin 188-ci ayəsində buyrulur:
وَلاَ تَأْكُلُواْ أَمْوَالَكُم بَيْنَكُم بِالْبَاطِلِ وَتُدْلُواْ بِهَا إِلَى الْحُكَّامِ لِتَأْكُلُواْ فَرِيقاً مِّنْ أَمْوَالِ النَّاسِ بِالإِثْمِ وَأَنتُمْ تَعْلَمُونَ
“Mallarınızı öz aranızda haqsız olaraq yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə gühan yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət olaraq) verməyin”.
Allah-taala bildirir ki, haqsızlıq və batil yolla başqalarının mal və sərvətini yeməyin, onu qoruyub-saxlayın ki, iqtisadi baxımdan asayiş və əmin-amanlıq formalaşsın.
“Nəcm” surəsinin 39-cu ayəsində buyrulur:
وَأَن لَّيْسَ لِلْإِنسَانِ إِلَّا مَا سَعَى.
“İnsana yalnız çalışıb səy göstərdiyi aiddir”.
Yəni insan çalışdığı qədər nəyisə əldə edir.
“Yusif” surəsinin 55-ci ayəsində buyrulur:
قَالَ اجْعَلْنِي عَلَى خَزَآئِنِ الأَرْضِ إِنِّي حَفِيظٌ عَلِيمٌ.
“(Yusif) dedi: “Bu məmləkətin xəzinələrini mənə tapşır. Çünki mən qoruyanam, bilənəm”.
Qurani-Kərimdə bəyan edilir ki, iqtisadiyyat sahəsində düzgün idarəçiliyin olması zəruridir, Həzrət Yusif (ə) də iqtisadi elmə malik olduğunu və sərvəti qoruyub-saxlaya biləcəyini bildirir.
“Maidə” surəsinin 8-ci ayəsində buyrulur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُونُواْ قَوَّامِينَ لِلّهِ شُهَدَاء بِالْقِسْطِ وَلاَ يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَى أَلاَّ تَعْدِلُواْ اعْدِلُواْ هُوَ أَقْرَبُ لِلتَّقْوَى وَاتَّقُواْ اللّهَ إِنَّ اللّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ.
“Ey iman gətirənlər! Həmişə Allah üçün ayağa qalxın, ədalətli şahidlər olun. Hansısa bir toplumla olan düşmənçiliyiniz sizi günaha və ədalətsizliyə sövq etməsin. Ədalətli olun ki, o, təqvaya daha yaxındır. Allahdan qorxun (ona qarşı günah etməkdən çəkinin). Allah etdiklərinizdən xəbərdardır!”
Allah-taala bir daha bildirir ki, ədalətli olun. Sağlam və düzgün iqtisadiyyatda ədalətli olmaq əsas prinsip və şərtlərdən biridir. Bu da, öz növbəsində, düzgün idarəçilik və müdiriyyət tələb edir.
İslam ağıl və şüurdan faydalanmağa dəvət edir və bunu təsdiqləyir.
Ateistlər iddia edir ki, həsəd və paxıllıq iqtisadi inkişafın mühərrikidir. Biz həsədin nə olmasına diqqət yetirək və onun mənasını anlayaq. Həsəd bir şəxsin digər şəxsdə olan hansısa bir şeyin əldən getməsini və onun ixtiyarına keçməsini istəməkdən ibarətdir. Belə olduğu halda, həsəd iqtisadiyyatın necə mühərriki ola bilər. Bunun özü əslində bir təhlükədir. İslam dini həsədi gerilik amillərindən biri hesab edir. Həsəd, paxıllıq və xəsislik, digərlərinin sərvətini mənimsəmək kimi sifətləri pis xüsusiyyətlərdəndir.
Digər bir tərəfdən, kitabın orjinalına baxsaq görəcəyik ki, bu iddia ateistlərin ikinci bir iddiasıdır. Çünki kitabın orjinalında Hitçensin ifadəsi belədir: “Xoşbəxtlikdən, hərislik və acgözlük - iqtisadi inkişafın mühərrikidir.” Yəni kitabı tərcümə edərkən, tərcüməçi ateist, Hitçensin ifadəsini dəyişərək başqa bir iddia etmişdir. Ya da savadsızlıqdan bir mətni düzgün tərcümə edə bilməmişdir.
[1] “Vəsailuş-şiə”, c. 15, s. 281.
Tanrı böyükdür Kitabı 60-64 səhifələr. İlahiyyatçı: Camir Ağayev.