Bizim sadəcə özünü vəhy qoruyucusu hesab edənlərə inanmamaqda haqqımız varmı?
Növbəti iradlardan biri budur: “Bizim sadəcə özünü vəhy qoruyucusu hesab edənlərə inanmamaqda haqqımız var. Bizim onları özlərini aldatdıqlarını və başqalarını aldatmağa çalışdıqlarını deməyə haqqımız var. Şübhə və maraq yolunu seçmək, şübhəsiz, çox faydalıdır. Çünki biz bu qabiliyyətlərin daimi gərginliyi ilə nəyəsə nail ola bilərik. Şübhənin, təcrübənin əvəzinə, imanı seçərək ağzınıza zəhərli saqqız qoymaq üçün yeməkdən imtina edirsiniz”.
CAVAB: Qeyd etdiyimiz kimi, “Tanrı böyük deyildir” kitabını başdan sona qədər oxuduq və orada məntiqli bir şey görmədik. Ancaq diqqəti cəlb edən məsələ bu oldu ki, K.Hitçens qarşılaşdığı hər bir məsələ və şübhədə ağlının onları həzm və həll edə bilməyəcəyini görür və bu baxımdan şübhələri irəli sürür. O deyir ki, Peyğəmbərlər, mələklər və digərləri olmasından asılı olmayaraq, vəhy qoruyucularını qəbul etməməyə haqqımız var. Buna dair onların nə dəlili var? Varsa, açıqlamalıdırlar. Əgər dəlilləri yoxdursa, onların bu düşüncə və iradı əsassızdır. Həmçinin, bu qoruyucuların özləri və ardıcıllarını aldatdıqlarını iddia edirlər, bunu da dəlil-sübutsuz. Vəhyi çatdıranlar öz əxlaqları, sağlam düşüncə və dəlil-sübutları ilə ilahi maarifi insanlara çatdırmışlar. Onlar, ən azından, dəlillərlə söylədiklərini isbat etmişlər. Amma ateistlərdə bu da yoxdur; iddia edirlər ki, insanın şübhə ilə hərəkət etməsi daha yaxşıdır. Bəli, bu o zaman məqbul hesab olunardı ki, insanın əlində bir dəlil olmasın və bu zaman buna şübhə ilə yanaşsın, nəticədə də dəlil əldə etmiş olsun. Amma dəlil olduqda şübhə etmək ağıllı hərəkət deyil. Bundan başqa, ateistlərin bu qaydası nəyə əsaslanır? Onlar deyir ki, biz yalnız şübhənin qabiliyyətilə nəyəsə nail ola bilərik. Maraqlıdır ki, bütün elmi nailiyyətlər yalnız dəlil-sübutlarla həyata keçmişdir, ateistlər isə, gördüyünüz kimi, bunun əksini iddia edir.
Sual veririk: Siz, ateistlər, şübhə yolu ilə nəyi əldə etmisiniz? İdeoloji sarsıntıdan başqa nəyə nail olmusunuz? Deyirsiz ki, şübhə və təcrübə metodunu seçmək iman metodunu seçməkdən daha üstündür.
Ümumiyyətlə, iman nə deməkdir? İman - dəlillərlə nəyisə qəbul etməkdir. Şübhə nədir? İnsanın heç bir nəticə əldə edə bilmədiyi bir metod. Görünür ki, imanla şübhənin fərqində də Hitçens səhvə yol vermişdir. Sizcə bunlardan hansı yaxşıdır? Təcrübi elmlərdə eksperimentlər dəlil-sübut əldə etmək üçündür, iman metodunda isə sübut var və bu, təcrübə və şübhədən üstündür. İman metodunda dəlillər və nəticə bəllidir, amma təcrübi metodda nə dəlil, nə də nəticə aydın deyil. Bu, təbabətlə digər sahələri müqayisə etməyə bənzəyir. Belə ki, bir şəxsin tibbə nəzər salmaqla tarix, riyaziyyat və s. elmlərə ehtiyacın olmadığını deməsinə bənzəyir. Onların hər birisi bir ixtisasdır və hər birisinin öz yeri vardır.