“İslam rəsmi olaraq intiharı qadağan edir. Amma cəsa¬rətli şəhidlərlə nə edəcəyini bilmir: qınamalı, yoxsa nümunə kimi göstər¬məlidir?!”
“Tanrı böyük deyildir” kitabının başqa bir yerində belə yazılır: “İslam rəsmi olaraq intiharı qadağan edir. Amma cəsarətli şəhidlərlə nə edəcəyini bilmir: qınamalı, yoxsa nümunə kimi göstərməlidir?”
CAVAB: Hitçens deyir ki, İslam dini intihar etməyi qadağan etmişdir. Amma şəhidlərə gəldikdə, onlarla nə edəcəyini bilmir. Yəni İslam dini bilmir ki, bunu da intihar hesab etsin ya öz mənafeyinə görə buna dəstək olsun.
Əvvəla, biz intiharla şəhadət məsələsinə aydınlıq gətirməliyik. İntihar dedikdə nə başa düşülür? İntiharda həyatdan bezmək, Allaha ümidsizlik, maddi sıxıntılar, yersiz ölüm vardır. Guya, intihar etməklə insanlar çıxış yolu əldə edir. Dünyanın bütün ağıl sahibləri bu əməli pisləyir və intihar edənləri qınayır. Amma şəhidlik bunun əksinədir. Şəhadətdə son ana qədər müdafiə var. Şəhid olan şəxs özünü çətinliklərə və digər şeylərə qurban vermir. Əksinə, öz canını başqaları, Vətəni və digər dəyərli məsələlər üçün fəda edir. Şəhadət bu baxımdan bir növ gələcəyə baxmaq və ümidvar olmaqdır. Onlar müqəddəs sayılan şeylər uğrunda canından keçirlər.
Bir anlıq İslamı nəzərə almadan məsələyə diqqət edək. Ateistlərə belə sual veririk: İki şəxs biri problemlərə və digər dünyəvi məsələlərə görə intihar etmişdir. Bu şəxs ağıl sahibləri tərəfindən necə qarşılanacaq? İkinci şəxs isə öz Vətəni və s. dəyərli şeylər üçün canını qurban verir. Siz bunu necə qiymətləndirəcəksiniz? Əgər onların hər ikisinə eyni gözlə baxsanız, onda bu, ağılsızlıqdır və bütün əql sahiblərinin verdiyi hökmün əksinə hökm vermisiniz.
Əgər desəniz xeyr, şəhidlik yaxşıdır, intihar isə pis, onda elə siz İslamın buyurduğunu deyirsiniz. Qurani-Kərimdə şəhidlər yad edilmiş və ruhlarının bədənlərindən ayrılmasına baxmayaraq diri hesab edilmişlər. Həmçinin, bu haqda çox sayda hədislər də var. İslam dini şəhidlər barəsində öz nəzərini bildirmişdir və bu, aydın məsələdir. Ona görə də, İslamın həm intihar və həm də şəhidlik barədə mövqeyi tam məntiqli və ağıla uyğundur.
Tanrı böyükdür Kitabı 11-13 səhifələr. İlahiyyatçı: Camir Ağayev.