Etika və əxlaqın Allaha imanla əlaqəsi yoxdur və buna əsaslana bilməz!


           CAVAB: Demək istəyirlər ki, əxlaqın Allaha imanla heç bir rabitəsi yoxdur, insanın Allaha iman gətirib-gətirmə­məsinin əxlaqa heç bir dəxaləti yoxdur və bunsuz da əxlaqlı ola bilər. Biz, “mənəviyyatlı həyat din olmadan da mümkündür” iradını cavablandırarkən də bu məsələyə toxunmuşduq, hazırda qısa şəkildə bir daha nəzərinizə çatdırmaq istərdik.

İlk öncə ateistlərin “əxlaq” dedikdə nəyi nəzərdə tutduğunu anlamaq lazımdır. “Əxlaq” məfhumu əslində maddi yox, mənəvi məfhumdur. Onlar nəyi nəzərdə tutur və hansı mənbəyə əsaslanır? Dinin əxlaq bölməsindəki məfhumların adlarını dəyişməklə onu başqa cür təfsir etmək və mahiyyətini dəyişmək mümkün deyil. Biz öncəki bəhslərimizdə də qeyd etdik ki, məsələn, zülmün pislənməsi, ədalətli olmaq və s. - bəyənilən işlərdir və ən üstün əxlaqi və insani dəyərlərdir. Bunların hamısı Allahın göndərdiyi qanunlar çərçivəsində daha kamil şəkildə formalaşa və düzgün şəkildə icra oluna bilər. Adətən insan Allaha iman gətirməklə bu məsələləri daha yaxşı formada həyata keçirə bilər. Bəli, bəzən Allaha iman gətirən insanların əxlaqa riayət etmədiyi də müşahidə oluna bilər. Amma bu kimi məsələlər mövzu­nun əsli və həqiqətində dəyişikliyə səbəb olmur.

Ümumiyyətlə, insanlar əxlaqlı olaraq dünyaya gəlmirlər və əxlaqın bütün prinsipləri onların zatı və fitrətində yoxdur, son­radan tərbiyə olunmaqla insanlar bu üstün keyfiyyətlərə nail ola bilir. Həmin məsələləri də Allah-taala insana əmr etmiş və ona öyrətmişdir. Əgər ateistlərin iddiası düzdü­rsə, onda onların nəzərdə tutduğu əxlaqın mənşəyi nədir və bu əxlaqı haradan əldə ediblər. Ateistlər etika və əxlaqın Allahla rabitəsinin olmadığını deyirlər. Biz isə deyirik ki, əgər insanın Allaha imanı olmasa, onda ümu­miy­yətlə, etika və əxlaq formalaşmır və insanlar tərbiyəsiz və mənəviyyatsız şəxslər kimi yetişirlər. Əgər Allaha etiqad etməyən insanlarda hər hansı əxlaqi səciyyələr müşahidə edilirsə, onlar dində olan əxlaqi səciyyələri götürüb adını dəyişərək bəhrələnmişlər. Ona görə də əxlaqlı bir insan kimi tanınırlar.

Tanrı böyükdür Kitabı 11-13 səhifələr. İlahiyyatçı: Camir Ağayev.



© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter