Allah-taala Quranın hansı ayəsində bu donuz əti yeməyi qadağan etmişdir?!
“Tanrı böyük deyildir” kitabında yazılıb: “Allah nə üçün dönuz ətinə nifrət edir? İndi gəl maraq içində qal ki, niyə Allah bu cür müxtəlif məxluqlar yaratmış, sonra da yaratdıqlarının içində ən ağıllısına, yəni insana, əbədi cəzanın qorxusu altında onlardan uzaq durmağı əmr etmişdir? Bundan daha darıxdırıcı və axmaq məşğuliyyət ağlıma gəlmir”.
CAVAB: Birincisi, Allah-taala Quranın hansı ayəsində bu heyvana nifrət etdiyini bildirib? “Bəqərə” surəsinin 173-cü ayəsində buyrulur:
إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ الْمَيْتَةَ وَالدَّمَ وَلَحْمَ الْخِنزِيرِ وَمَا أُهِلَّ بِهِ لِغَيْرِ اللّهِ
“Allah sizə yalnız ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilənləri haram etmişdir”.
“Maidə” surəsinin 3-cü ayəsində buyrulur:
حُرِّمَتْ عَلَيْكُمُ الْمَيْتَةُ وَالْدَّمُ وَلَحْمُ الْخِنْزِيرِ وَمَا أُهِلَّ لِغَيْرِ اللّهِ بِهِ وَالْمُنْخَنِقَةُ وَالْمَوْقُوذَةُ وَالْمُتَرَدِّيَةُ وَالنَّطِيحَةُ وَمَا أَكَلَ السَّبُعُ إِلاَّ مَا ذَكَّيْتُمْ وَمَا ذُبِحَ عَلَى النُّصُبِ وَأَن تَسْتَقْسِمُواْ بِالأَزْلاَمِ ذَلِكُمْ فِسْقٌ
“Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvanın əti, qan, donuz əti, Allahdan başqasının adı söylənərək kəsilmiş, boğulmuş, işgəncə ilə öldürülmüş, yüksəklikdən düşərək ölmüş, başqa bir heyvanın buynuzu ilə vurulub öldürülmüş, yırtıcı heyvanların ovunun qalan hissəsi - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - bütlər üzərində (və ya onların qarşısında) kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bütün bu əməllər günahdır!”
“Nəhl” surəsinin 115-ci ayəsində buyrulur:
إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ الْمَيْتَةَ وَالْدَّمَ وَلَحْمَ الْخَنزِيرِ وَمَا أُهِلَّ لِغَيْرِ اللّهِ بِهِ
“O, sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahdan qeyrisinin adı ilə kəsilən heyvanı haram etmişdir!”
“Səcdə” surəsinin 7-ci ayəsində buyrulur:
الَّذِي أَحْسَنَ كُلَّ شَيْءٍ خَلَقَهُ
“O, (Allah) həmin varlıqdır ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmışdır”.
“Sad” surəsinin 27-ci ayəsində buyrulur:
وَمَا خَلَقْنَا السَّمَاء وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا بَاطِلاً ذَلِكَ ظَنُّ الَّذِينَ كَفَرُوا فَوَيْلٌ لِّلَّذِينَ كَفَرُوا مِنَ النَّارِ.
“Biz göyü, yeri və onların arasındakıları əbəs yerə xəlq etməmişik. Bu, kafirlərin gümanıdır. Vay o kafirlərin oddakı halına!”
Allah-taala məxluqatın, hətta heyvanların belə boş yerə yaradılmadığını, əksinə, gözəl yaradıldığını bildirir. Sadəcə bəzi şeylər bir sıra hikmət səbəbilə insanlar üçün qadağan edilmişdir. Bir şeyin qadağan edilməsi, ona nifrət etmək sayılmır. Nəqliyyat Nazirliyi nə üçün yol çəkir və yollarda müxtəlif yol hərəkət qaydalarını bildirən işarələr qoyur? Yollarda müəyyən işlər qadağandırsa, ona nifrət edilirmi və ya nifrət edildiyi üçün qadağan edilir? Bunlar nə üçün həyata keçirilir, yaxud bıçaq istehsal olunur və onlardan müxtəlif sahələrdə istifadə edilir, insanların öldürülməsi isə qadağan olunur?
Bütün bu qayda-qanunlar ağıllı məxluq olan insanın xeyrinədir və əql sahibləri də bunun belə olduğunu qəbul edir. Ateistlərin dediyi kimi, bütün bunlar axmaqlıq deyil. Sadəcə burada qeyd olunanları anlamaq üçün düşünən ağıla və oyaq vicdana ehtiyac vardır. Tanrı böyükdür Kitabı 11-13 səhifələr. İlahiyyatçı: Camir Ağayev.