Ateistlər iddia edir ki, din heç vaxt özünün mükəm-məl dəlilləri ilə kifayətlənə bilməyib?!


“Tanrı böyük deyildir” kitabında qeyd olunur: “Din heç vaxt mükəmməl dəlilləri və vədləri ilə kifayətlənməyib və kifayətlənə bil­məz... Axirətdəki əbədi rahatlıq və həzz barədə boşboğazlıq etsə də, bu dünyada ona güc lazımdır və burada təəccüblü bir şey yox­dur”.

     CAVAB:  Ateistlər iddia edir ki, din heç vaxt özünün mükəm­məl dəlilləri ilə kifayətlənə bilməyib. Bu, bir iddiadır və bununla bağlı dəlil tələb edirik. Əgər məsələ sırf iddia etməkdirsə, onda biz də iddia edirik ki, ateistlik əsla öz dəlilləri ilə kifayətlənməmiş və kifayətlənə bilməz və insan həyatı üçün heç zaman bir məktəb və saədət yolu ola bilməz.

Digər tərəfdən, ateist olduqdan sonra onlar dini dəlillərə ateistcəsinə yanaşır və dini dəlilləri yetərli hesab etmirlər. Dinin daxilində olan maariflə dini dəlilləri isbat etmək lazımdır. Əks təqdirdə, ateistlər bunu yetərli saymayacaq, yəni bir şəxs ateist olduqdan sonra təbii ki dini tərifləməyəcəkdir. Əgər onlar irad tuta bilirsə, onlar dinin əməl və əxlaq bölməsi olan əsas dini prinsiplərə irad tutsunlar. Onların məqsədi, dinin başqa sahələrdə yetərli olmamasıdırsa, bu məsələ təbii məsələdir, yəni dinin öz sahəsi var və hər sahənin də öz arqument və ixtisası vardır. Məsələn, tarixə aid olan məsələləri riyaziyyatda axtrmaq olmaz. Ona görə də, din öz mükəmməl dəlilləri ilə, əsasən öz maarifi üçün kifayətlənir. Digər sahələr onun ixtisasından kənardır.

Ateistlər iddia edir ki, “din mükəmməl dəlillərə malik olmayıb”, belə isə, onlara sual veririk: Hansı zaman və əsri göstərə bilərsiniz ki, din digər sahə­lərə müraciət etsin və nöqsanı varsa, onu aradan qaldırsın? Söhbət İslamdan gedirsə, bu din buna yol verməmişdir. Digər dinlərə gəldikdə isə, deməliyik ki bəli, təhrif olunduqları üçün belə məsələlər vardır və bunun İslama heç bir aidiyyəti yoxdur. Belə ki, “Bəqərə” surəsinin 185-ci ayəsində Allah-taala buyurur:

شَهْرُ رَمَضَانَ الَّذِيَ أُنزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِّلنَّاسِ وَبَيِّنَاتٍ مِّنَ الْهُدَى وَالْفُرْقَانِ

“(Oruc tutmaq üçün nəzərdə tutulan bir neçə gün) Ramazan ayıdır. O, Quranın insanları doğru yola yönəl­dən, hidayət nişanələri və haqqı batildən ayıran olaraq nazil edildiyi aydır”.

Allah-taala bildirir ki, Qurani-Kərimin əsas prinsipi bütün bəşəriyyətə doğru yol göstərməkdir və müqəddəs kitabımız bu sahədə yol göstərə bilər. Burada, saavadı və kimliyindən, böyük və kiçikliyindən, kişi və qadın olma­sın­dan asılı olmayaraq, hamı nəzərdə tutulmuşdur.

Əlbəttə, dəlil-sübutla bunu qeyd edir. Hətta Quran­da Allah-taalanın varlığı ilə bağlı həm sadə insanlar, həm elm əhli üçün də fəlsəfi və məntiqli dəlillər çoxdur.

“Səbə” surəsinin 28-ci ayəsində buyrulur:

وَمَا أَرْسَلْنَاكَ إِلَّا كَافَّةً لِّلنَّاسِ بَشِيراً وَنَذِيراً وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ.

“Biz səni bütün insanlara yalnız müjdə vermək və qorxutmaq üçün göndərdik. Lakin insanların çoxu bilmir”.

Ayədə qeyd edilən كَافَّةً لِّلنَّاسِ “kaffətən linnasi” ifadəsi “bütün insan­lara yetərli olmaq” mənasını ifadə edir, yəni sən bütün insanlara yetərlisən. Sənin elmin, gətirdiyin şəriət bütün insanlara yetərlidir və onun dəlilləri mükəmməldir.

“Bəqərə” surəsinin 159-cu ayəsində buyrulur:

إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنزَلْنَا مِنَ الْبَيِّنَاتِ وَالْهُدَى مِن بَعْدِ مَا بَيَّنَّاهُ لِلنَّاسِ فِي الْكِتَابِ أُولَـئِكَ يَلعَنُهُمُ اللّهُ وَيَلْعَنُهُمُ اللَّاعِنُونَ.

“Kitabda bütün insanlara aşkar etdiyimiz dəlillər­dən­ sonra göndərdiyimiz nişanələri və hidayət vasi­tələrini gizlədən kimsələr Allahın lənətinə gəlirlər və bütün lənət edənlər də onlara lənət oxuyurlar”.

“Bəqərə” surəsinin 187-ci ayəsində buyrulur:

كَذَلِكَ يُبَيِّنُ اللّهُ آيَاتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَّقُونَ.

“Allah bütün insanlara ayələrini bu cür açıqlayır ki, bəlkə, təqvalı olsunlar”.

Ayədə Allah-taala bildirir ki, bu kitab bütün insanlar üçün nəzərdə tutulmuş və ayələr onlar üçün açıqlan­mışdır; kim Qurana müraciət etsə, orada öz bilik səviyyəsi və tutumuna uyğun şəkildə dəlil-sübutlar əldə edə bilər. Beləliklə, ateistlərin söylədiyi cəfəngiyyət və dinin mü­kəm­məl olmadığı iddiası dəlilsiz və dəyərsiz sözlərdir.

“Axirətdəki əbədi rahatlıq və həzz barədə boşbo­ğaz­lıq etsə də, bu dünyada ona güc lazımdır və burada təəccüblü bir şey yoxdur” ifadəsinə gəldikdə, onu deməliyik ki, dinin bütün sahələrdə deməyə sözü var. Ateistlərin nəzərincə, guya, Axirət və s. məsələlər boşbo­ğazlıqdır, yəni dinin Cənnət, Cəhənnəm, Cənnət nemətləri və s. məsələlər haqqındakı vədləri yalandır və bunların heç biri həyata keçməyəcək.

Ateistlərin nəzərinin (nəuzu billah) doğru olduğunu fərz etsək (əlbəttə, dinin bütün vədləri bir reallıqdır və gerçəkləşəcək!), onda bu suala cavab versinlər: Dinin, məsələn, fərdi-ictimai yaşayışda təmizlik və digər məsələ­lərilə bağlı bütün bu proqramlarının nə zərəri var və burada bir nöqsan tapa bilərsinizmi? Heç bir ağıllı və elmli insanın dinin həyatın bütün sahələrilə bağlı nəzərdə tut­duğu və bütün bəşəriyyətə təqdim etdiyi bu proqram­larla əlaqədar heç bir iradı ola bilməz. Ona görə ki, bütün bunlar elm və hikmət sahibi olan Uca Yaradan Allah tərəfindən göndərilmişdir.

“bu dünyada ona güc lazımdır və burada təəccüblü bir şey yoxdur” ifadəsinə gəldikdə, onu deməliyik ki, din kimdənsə qüvvət toplamır, əksinə, insanlara qüvvət və təskinlik verən elə dinin özüdür. Din qanunlardan ibarət­dir. İnsanların qanunlara ehtiyacı var, qanunlarla işlərini tənzimləyirlər. Din isanların xilaskarıdır və onların xoşbəxtliyini təmin edir. İnsanların qüvvə­sindən asılı olan bir din, onlara qüvvət verə bilməz.

“Ali İmran” surəsinin 103-cü ayəsində buyrulur:

وَاعْتَصِمُواْ بِحَبْلِ اللّهِ جَمِيعاً وَلاَ تَفَرَّقُواْ وَاذْكُرُواْ نِعْمَتَ اللّهِ عَلَيْكُمْ إِذْ كُنتُمْ أَعْدَاء فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِ إِخْوَاناً وَكُنتُمْ عَلَىَ شَفَا حُفْرَةٍ مِّنَ النَّارِ فَأَنقَذَكُم مِّنْهَا كَذَلِكَ يُبَيِّنُ اللّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَهْتَدُونَ.

“Hamılıqla Allahın ipinə (Quran, İslam və vəhdətə səbəb olan istənilən vasitə) möhkəm sarılın və parçalanmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən, O, sizin qəlbləriniz arasında ülfət yaratdı və Onun neməti sayəsində qardaş oldunuz. Siz oddan olan bir quyunun kənarında ikən, O, sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, bəlkə, haqq yola yönəlmiş olasınız!”

Bu ayədə Allah-taala insanları vəhdətə səbəb olan şeylərdən möhkəm yapışmağa dəvət edir.

“Ali İmran” surəsinin 139-cu ayəsində buyrulur:

وَلاَ تَهِنُوا وَلاَ تَحْزَنُوا وَأَنتُمُ الأَعْلَوْنَ إِن كُنتُم مُّؤْمِنِينَ.

“Məyus və qəmgin olmayın. Əgər imanınız olsa, siz üstün və qalibsiniz!”

Buyrulur ki, əgər iman əhlisinizsə, qəmgin olmayın və bilin ki, siz üstünsünüz! Qeyd edilən ayələrdən məlum olur ki, din insana qüvvət verir, digər şeylərdən güc toplamır. Din insanlara psixoloji dəstək verir. Dinin öz ardıcıllarının və ya qeyri­lərinin dəstəyinə heç bir ehtiyacı yoxdur. Onların olub-olmaması dinə heç bir zərər yetirməz və din özü-özlüyündə mükəmməldir. Tanrı böyükdür Kitabı 11-13 səhifələr. İlahiyyatçı: Camir Ağayev.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter