Din - dindarlıq sağlamlığınız üçün təhlükədirmi?!
CAVAB: Sağlamlıq dedikdə, cismani sağlamlığı nəzərdə tutursunuz, yoxsa ruhi sağlamlığı?
Əgər cismani sağlamlığa - ürəyə, hansısa bir bədən üzvünə, din zərər vurursa, onda İslamın bədən üzvləri ilə bağlı göstərişlərini nəzərdən keçirək. Məsələn, İslam göstəriş verir ki, yeməkdən əvvəl və sonra əllərinizi yuyun, yemək əsnasında su içməyin, dişlərinizi fırçalayın və s. Gəlin bunları araşdıraq; əgər iddianız doğrudursa, nə üçün bu qədər müddətdə elm adamları bu göstərişlərin sağlamlığa zərər vurduğunu bildirməyiblər?
Əgər oruc tutmaq və bir sıra digər göstərişlərin bəzi hallarda insan orqanizminə, misal üçün mədəyə zərər verdiyini nəzərdə tutursunuzsa, bəli, xəstə kəslər, qoca və yaşlılar, uşaqlar üçün bu göstərişlər vacib deyil və Allah-taala onların öhdəsindən mükəlləfiyyəti (halal-haram məsələlərinə görə məsuliyyəti) qaldırmışdır.
Ümumilikdə, dinin insan bədəni ilə əlaqədar göstərişlərinin heç biri zərərli deyil, əksinə, faydalıdır. İddianız doğrudursa, nə üçün tibb alimləri “Din” adlı bir virusun olduğunu və sağlamlığa zərər vurduğunu bəyan etməmişdir? Nə qədər dindar həkimlər var, belə çıxır ki, din onları zəhərlənmişdir və özləri də xəbərsizdirlər.
Əgər desəniz, din insan ruhuna zərərdir, onda cavab verin: Dünyadakı dindarların neçə faizi dəli olub, psixologiyası pozulub? Yaxud da qeyd edilən dindar alimlərin hansının psixologiyası pozulub?
İnsanı düzgünlük, paklıq və mənəviyyata səsləyən qanunları zərərli hesab edirsiniz?
Dini göstərişlərdən heç biri insanın sağlamlığına zərər yetirməmişdir. Dində buyurulur ki, zülm etmək olmaz, ədalətli olmaq lazımdır, çətinliklə qarşılaşdıqda səbir göstərmək, elmli olmaq, özünə dəyər verdiyin qədər başqalarına da dəyər vermək, istirahətinə fikir vermək lazımdır və s. Bu göstərişlər insanın həm cismani, həm ruhu sağlamlığına faydalıdır. Bunu ağlımız da qəbul edir, buna təkid edir. Bu qədər faydaları olan qanunları, din adı verildiyindən zərərli sayırsınızsa, bu necə sağlam düşüncə ola bilər?!