Dini inanca bağlı olanlardan qorxmaq səbəbindən uzaq durmaq nə qədər doğrudur?
K.Hitçens yazır:
“Əgər bir şəhərdə, qaranlıqda qabağıma dini ayinlərdən qayıdan şəxslər çıxsaydı, çox qorxardım... Bir sözlə, ibadətdən qayıdan şəxsləri gördükdə, mən adətən yolumu dəyişirəm”.
Cavab: Siz ... məqsədyönlü və qərəzli şəkildə təlimatlandırılan və özlərini İslama mənsub hesab edən radikal islamçı qrupları gördüyünüzdən və həqiqi möminlərdən xəbərsiz olduğunuzdan belə danışırsız. Siz həqiqi möminləri harada görmüsünüz? Siz həmişə təhlükəli insanları görmüsünüzsə, bu sizin probleminiz olub və onlar həqiqi islamçılar deyil. Ümumiyyətlə elə insanları dindar hesab etmək özü yanlış bir işdir.
Ümumiyyətlə, mömində, müsəlmanda ifrat və təfrit olmaz. Həzrət Əli (ə) buyurur:
قَالَ علی (ع): لَا [يُرَى الْجَاهِلُ] تَرَى الْجَاهِلَ إِلَّا مُفْرِطاً أَوْ مُفَرِّطا
“Cahil və nadan insan, həmişə ya ifrata varar, ya da təfritə uğrayar”.[1]
Cahil insan ya radikal olar, ya da ifrat və təfritə yol verər. Bu baxımdan aydın olur ki, sizin rastlaşdığınız insanlar əsla həqiqi islami təlim və əxlaqla tərbiyələnməmişlər. Həqiqətdə İslam dini sülh və əmin-amanlıq, məhəbbət və dostluq dinidir. İslamda ifrat və təfrit yoxdur. İfrat və təfritə varan insanlar da həqiqi islamdan uzaq düşmüşlər. Nəticədə, rastlaşdığınız nə şəxslərin və də, ayinlərin həqiqi islamla heç bir əlaqəsi yoxdur. Hansısa bir müsəlman və ya mömində sərt rəftar və ya radikallıq görmüsünüzsə, bunun İslama və dinə nə aidiyyatı var?
Həqiqi möminlərdə də hər hansı əxlaqi problemlər olsa belə, əvvəla onu ümumiləşdirmək olmaz. Digər bir tərəfdən bu, heç də dinin də bu cür olması demək deyil! Dindən söhbət gedirsə, burada şəxslərdən deyil, dinin özündən danışmaq lazımdır. Dindarlarda olan fərdi problemləri ümumiləşdirib dinlə bağlamaq olmaz. Həqiqətdə dinin məntiqinin nədən ibarət omlasını anlamaq lazımdır.
Siz özlərini İslama mənsub edən, həqiqətdə isə dindən xəbəri olmayan kəslərlə rastlaşmısınızsa, bunun da həqiqi dindarlarla əlaqəsi yoxdur.
Əsl müsəlman, İslamın əsl qayda-qanunlarına riayət edən kəs təhlükəsiz və qorxusuz bir şəxsdir və ondan insana əsla zərər gəlməz!
Tanrı böyükdür Kitabı 11-13 səhifələr. İlahiyyatçı: Camir Ağayev.
1] “Nəhcül-bəlağə”, hikmətli sözlər, 70