Nə üçün bu inanc ona (dinə) inananlara xoşbəxtlik gətirmir?
Cavab
Bu ideologiyanın daşıyıcısı olan ateistlərə belə bir sual vermək istərdik: Gördüyünüz və tanıdığınız mömin təbəqənin və dinə bağlı olan kəslərin neçə faizindən belə bir şeyi eşitmisiz? Bu insanlar dinin onları bədbəxt etdiyini deyirlərmi?
Digər tərəfdən, deyə bilərsinizmi, sizlərdən neçə faizi ateist olmaqla xoşbəxtlik əldə etmişdir?
Ümumiyyətlə, siz xoşbəxtlik məfhumunu necə anlayırsınız və sizin nəzərinizdə atezmin xoşbəxtliklə bağlı irəli sürdüyü hansısa bir proqramı varmı? Bir sözlə, ateizmin göstəricisi nədir? Bütün dinlərin özünəməxsus göstəricisi və təqdim etdiyi proqramları var. Din xoşbəxtlikdən söhbət açır, səadətə nail olmaq üçün müəyyən proqramlar təqdim edir. Xülasə, din müəyyən proqramlara malikdir, bəs atestlikdə belə bir proqram varmı?
Əgər ateistlər dindar insanların maddi, iqtisadi, ictimai və s. problemlərini nəzərə alıb bu məsələni (yəni dindarların xoşbəxtsizliyi) iddia edirlərsə, onda ƏSLA xoşbəxtlikdən danışmaq olmaz! Çünki qeyri-müsəlman və dini rədd edən ölkələrdə də, belə problem və narazılıqlar var. Bir sözlə, bu məsələ insanın fərdi, ictimai, siyasi və iqtisadi sahədəki çətinliklərini nəzərə alaraq iddia olunursa, onda ateistlərin özləri də xoşbəxtlikdən əl çəkməli və bu məsələdən danışmamalıdır. Ona görə ki, dünya həyatı bu cür problemlərdən kənarda deyil.
Əslində, din insanlar üçün əxlaqi fəzilətlərdən ibarət müəyyən proqramlar nəzərdə tutmuş və onu kamal və səadətə istiqamətləndirmişdir. Məsələn, din insan üçün tövhid, qüdrət mənbəyi olan Allaha arxalanmaq, gələcəyə ümidvar olmaq, Axirət həyatına inanclı olmaq və özünü ona hazırlamaq kimi ümdə məsələləri önə çəkmişdir.
Dinin həyatın fərdi, ictimai, iqtisadi və s. kimi bütün sahələrilə bağlı etiqadi proqramları vardır.
Din insanın özünü heyvandan fərqləndirməsi üçün onu sağlam və normal bir həyata təşviq edir. Din insana əhəmiyyət verərək onu kamala səsləyir. Əgər ateistlər də bunu iddia edirlərsə, bu ona görədir ki, onlardan öncə din bunu təqdim etmiş və bildirmişdir. Belə çıxır ki, ateistlər sadəcə söz oyunu ilə məşğuldur və praktiki olaraq heç nəyə sahib deyillər. Ateizmin əksinə olaraq, din və Qurani-Kərim tamamilə fərqli məsələlərə toxunur.
“Hud” surəsinin 108-ci ayəsində buyrulur:
وَأَمَّا الَّذِينَ سُعِدُواْ فَفِي الْجَنَّةِ خَالِدِينَ فِيهَا مَا دَامَتِ السَّمَاوَاتُ وَالأَرْضُ إِلاَّ مَا شَاء رَبُّكَ عَطَاء غَيْرَ مَجْذُوذٍ
“Xoşbəxt olanlara gəldikdə isə, onlar Cənnətdə əbədi qalacaqlar. Onlar - Rəbbinin istədiyi istisna olmaqla - göylər və yer durduqca orada əbədi qalacaqlar. (Bu,) tükənməz bir bəxşişdir”.
Dinin nəzərində Cənnətə nail olan xoşbəxt insanlar dinə və onun qayda-qanunlarına əməl edən kəslərdir. Hətta biz əminlik və cəsarətlə iddia edə bilərik ki, dindən başqa insanı səadətə kamil bir proqramla dəvət edən heç bir şey yoxdur və bu proqramı irəli sürən yalnız dindir. Xoşbəxt insanlar dinə əməl edən, ictimai və fərdi həyatla bağlı dini göstərişlərə itaət edən kəslərdir. İnanın ki, sözügedən “Tanrı böyük deyildir” kitabını oxuduqda belə, insan sıxıntı keçirir və müəllifin həddən artıq psixoloji problemlərinin və iztirablı həyatının olduğu məlum olur.
Əgər ateistlik budursa, onda bu elə bizim başa düşdüyümüz divanəlikdən ibarətdir. Əvvəldə də qeyd etdiyimiz kimi, kitabda yazılır: “Məgər onlar ən çətin anda belə yardıma gələ bilən möhtəşəm bir sirrə sahib olduqlarını hesab etmirlər?” Cavab veririk: Bəli, hesab edirik! Bizim Allah-taalaya etiqadımız var və son anda deyil, hər anda və daima Ona arxalanır və dualarımızda Ondan kömək istəyirik. Allaha olan inancımız və imanımızı gizlətmir və aşkarcasına bunu etiraf edirik. Allahın varlığının isbata ehtiyacı yoxdur və aləmdəki nizam-intizam və elmi sistemlilik Onun varlığına bir dəlildir. Dəlillər sadəcə kafirlər və ateistlər üçün gətirilir və bəyan edilir.Tanrı böyükdür Kitabı 11-13 səhifələr. İlahiyyatçı: Camir Ağayev.