Şiə alimlərinin nəzərindən sehr nədir? Onu necə batil etmək (zərərsizləşdirmək) olar?


Quran nəzərindən sehr iki qismə bölünür:

1. Bu işdə əsas məqsəd camaatı aldatmaq, göz bağlamaq olduğuna görə heç bir həqiqəti yoxdur: Quranda buyurulur:

فَإِذا حِبالُهُمْ وَ عِصِيُّهُمْ يُخَيَّلُ إِلَيْهِ مِنْ سِحْرِهِمْ أَنَّها تَسْعى

“(Musanın zamanındakı) cadugərlərin çəlikləri və iplərinin sehr nəticəsində hərəkət etməsi təsəvvür olunurdu.”[1]

Başqa bir ayədə buyurur:

فَلَمَّا أَلْقَوْا سَحَرُوا أَعْيُنَ النَّاسِ وَ اسْتَرْهَبُوهُمْ

“Onlar iplərini yerə atdıqları zaman camaatın gözlərini sehr etdilər və onları qorxutdular.”[2]

Bu ayələrdən aydın olur ki, sehrin əşyalarda təsərrüf etmək və təsir qoymaq üçün heç bir həqiqəti yoxdur. Bu, sadəcə sehrkarların sürətli hərəkətləri və ya göz bağlamasıdır.

2. Bəzi Quran ayələrindən məlum olur ki, sehrin müəyyən növləri gerçəkdə təsir qoyur. Məsələn, aşağıdakı ayədə buyurulur ki, onlar ərlə arvad arasında ayrılıq salan sehrləri öyrənirdilər:

فَيَتَعَلَّمُونَ مِنْهُما ما يُفَرِّقُونَ بِهِ بَيْنَ الْمَرْءِ وَ زَوْجِهِ

Başqa bir ayədə də bəyan olunur ki, وَ يَتَعَلَّمُونَ ما يَضُرُّهُمْ وَ لا يَنْفَعُهُمْ “onlar öz zərərlərinə tamam olan və faydası olmayan sehrləri öyrənirlər.”[3]

Amma “görəsən sehr yalnız ruhi və xəyali təsirlərə malikdir, yoxsa fiziki və xarici təsirlərə də malik ola bilər?” sualına yuxarıdakı ayələrdə işarə edilməmişdir. Buna görə də bəziləri inanırlar ki, sehr yalnız ruhi və xəyali yönlərdə təsir qoyur.[4]

Hər bir halda bir təsniflə demək olar: Sehr xariqüladə bir əməldir və insanların vücudunda öz təsirini qoyur. O bəzən sürətli hərəkət və göz bağlamadır, bəzən isə ruhi və xəyali təsirlər və təlqindir. Habelə, bəzi hallarda şeytanlardan yardım almaqla, bəzi hallarda isə cisimlərin və maddələrin bəzi naməlum kimyəvi və fiziki xassələrindən istifadə olunmaqla baş verir. Əlbəttə, sehrkarlar azğın və dünyapərəst insanlardır, işlərinin əsası həqiqətin təhrif olunması əsasındadır.

Müasir dövrdə qədim insanlar üçün məxfi qalan maddələrin bəzi xassələri aşkar olmuş və müxtəlif varlıqların əsrarəngiz və qəribə təsirləri barəsində çoxlu kitablar yazılmışdır. Buna görə də sehrkarların işinin böyük bir qismi (məsələn, maddələrin kimyəvi xassələri, işığın bəzi xassələri və s. ilə əlaqədar olan qisimləri) aşkar olmuş və onların bazarları müəyyən qədər kasadlaşmışdır. Amma hal-hazırda sehrin varlığını inkar etmək və onların hamısını xurafat saymaq olmaz. Onun bəzi növləri (Hindistan yoqlarının işi kimi) hal-hazırda da rəvacdadır və onun həqiqəti hələ də tanınmamışdır.[5]

Əksər hallarda sehr camaatın azmasına, həqiqətin təhrif edilməsinə və sadə insanların etiqadlarının sarsılmasına səbəb olduğundan böyük islam rəhbərləri və məsum imamlardan (əleyhimus-salam) nəql olunan hədislərdə sehr şiddətlə qadağan edilmişdir. O cümlədən:

İmam Əli (əleyhis-salam) buyurur: “Hər kəs sehr öyrənsə, istər az, istərsə də çox, kafir olmuşdur və onun Allahla əlaqəsi tamamilə kəsilmişdir...”[6]

Deməli, islam nəzərindən sehrin əncam verilməsi, öyrədilməsi, öyrənilməsi və onunla pul qazanmaq qadağan və haram edilmişdir, özü də böyük günahlardandır. Bəzi rəvayətlərdə sehrin təliminin və öyrənilməsinin küfrə səbəb olduğu deyilir.

İslam fəqihləri müttəfiq fikirlə buyurmuşlar: Sehri və cadugərliyi öyrənmək və ondan istifadə etmək haramdır. Amma əgər sehrin zərərsizləşdirilməsi onun öyrənilməsindən başqa yolla mümkün olmazsa, bu halda onu öyrənməyin eybi yoxdur, üstəlik müəyyən hallarda bəzi şəxslər vacibi-kifayi ünvanı ilə sehri öyrənməlidirlər ki, yalançı iddiaçı şəxs sehr yolu ilə camaatı aldadıb azğınlığa salmaq istədikdə onun sehr və cadusunu batil edərək yalanını aşkar etsinlər. Bu istisna halın dəlili imam Sadiq (əleyhis-salam)-dan nəql olunan aşağıdakı hədisdir: Sehr əməli müqabilində pul alan cadugərlərdən biri imam Sadiq (əleyhis-salam)-ın hüzuruna gəlib dedi: “Mənim peşəm sehr idi, ondan pul qazanırdım. Məişətim də həmin yolla təmin olunurdu. Əldə etdiyim həmin pulla Allah evinin həccinə getdim. Amma indi onu tərk və tövbə etmişəm. Mənim üçün nicat yolu varmı?” Həzrət cavabında buyurdu: “Sehr düyünlərini aç, amma cadugərlik düyünü vurma!”

Bu hədisdən məlum olur ki, sehrin düyünlərini açmaq məqsədi ilə onu öyrənmək və əməl etməyin eybi yoxdur.[7] Həmçinin, bəzi digər hallarda da islam sehri öyrənməyə icazə vermişdir. O cümlədən:

1. Sehr olunma nəticəsində xəsarət görən şəxslərdən sehrin təsirlərini aradan aparmaq üçün onu öyrənmək;

2. Yalandan nübüvvət iddiası edənlərin iddiasını batil etmək üçün onu öyrənmək;

3. Sehrkarların sehrini aradan aparmaq üçün öyrənmək. Bəzi kitablarda[8] və rəvayətlərdə sehri məhv etmək üçün müəyyən ayələri və duaları oxumaq tövsiyə edilmişdir. Nümunə üçün, bir neçəsini qeyd edirik:

1. Məhəmməd ibni İsa deyir ki, imam Riza (əleyhis-salam)-dan sehr barəsində soruşdum, həzrət buyurdu: “Sehrin həqiqəti vardır və Allahın izni ilə təsir qoyur. Hər vaxt sənə sehr etsələr, əllərini üzünün müqabilinə qaldıraraq bu duanı oxu:

بِاسْمِ اللهِ الْعَظِيمِ بِاسْمِ اللهِ الْعَظِيمِ رَبِّ الْعَرْشِ الْعَظِيمِ اِلاَّ ذَهَبَتْ وَ انْقَرَضَتْ

2. İbni Abbas deyir: Yəhudi Ləbid Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə sehr etmiş və sehri yazaraq Bəni-zəriq quyusuna atmışdı. Bu zaman Peyğəmbər xəstələndi. O həzrət yatmış olanda iki mələk gəldi: biri onun baş tərəfində, digəri isə ayağının yanında oturaraq xəbər verdilər ki, sizə sehr edilmiş, sehri dərinin altına qoymuş və “Zərvan” quyusunda bir daşın altında gizlətmişlər. Peyğəmbər Əlini, Zübeyri və Əmmarı göndərdi. Onlar quyunun suyunu çəkdilər və daşı qaldıraraq dərini çıxartdılar. Gördülər ki, onun üzərində bir qədər tük var, darağın dişləri və iynə ilə ona on bir düyün vurmuşlar. Bu zaman “Müəvvəzəteyn” (“Nas” və “Fələq” surələri) gəldi. Hər düyünü açanda onlardan bir ayə oxuyurdular. Bundan sonra həzrət Peyğəmbər özündə yüngüllük hiss etdi və qalxıb oturdu. Sanki, zəncirlərdən azad olunmuşdu. Cəbrəil deyirdi:

بِسْمِ اللهِ اُرْقِيكَ مِنْ كُلِّ شَيْ‏ٍءٍ يُؤْذِيكَ مِنْ حَاسِدٍ وَ عَيْنٍ وَ اللهُ يَشْفِيكَ

3. Sehr olunan şəxs gərək aşağıdakı ayələri həmişə özü ilə yanaşı gəzdirsin:

قالَ مُوسى‏ ما جِئْتُمْ بِهِ السِّحْرُ إِنَّ اللَّهَ سَيُبْطِلُهُ إِنَّ اللَّهَ لا يُصْلِحُ عَمَلَ الْمُفْسِدِينَ، وَ يُحِقُّ اللَّهُ الْحَقَّ بِكَلِماتِهِ وَ لَوْ كَرِهَ الْمُجْرِمُونَ"

"وَ أَوْحَيْنا إِلى‏ مُوسى‏ أَنْ أَلْقِ عَصاكَ فَإِذا هِيَ تَلْقَفُ ما يَأْفِكُونَ، فَوَقَعَ الْحَقُّ وَ بَطَلَ ما كانُوا يَعْمَلُونَ، فَغُلِبُوا هُنالِكَ وَ انْقَلَبُوا صاغِرِينَ".[9]

4. Bu ayəni sehr olunan şəxsə yeddi dəfə oxusunlar:

سَنَشُدُّ عَضُدَكَ بِأَخِيكَ وَ نَجْعَلُ لَكُما سُلْطاناً فَلا يَصِلُونَ إِلَيْكُما بِآياتِنا أَنْتُما وَ مَنِ اتَّبَعَكُمَا الْغالِبُونَ[10]

Deməli, ümumiyyətlə sehrkarların sehrindən Allaha pənah aparmaq lazımdır.[11]

Yuxarıda bəyan olunanların məcmusundan aydın olur ki, sehri məhv edib aradan aparmaq üçün onu öyrənmək olar. Amma diqqət yetirmək lazımdır ki, camaatın sehr təsəvvür etdiyi şeylərin əksəriyyəti bir dəstə adamın xurafata və xəyali şeylərə həddindən artıq diqqət yetirməsi və bir dəstə adamın hazırkı şəraitdən sui-istifadə etməsindən irəli gəlir. Halbuki onların sehr barəsində məlumatı yoxdur. Bundan əlavə, sehrin müəyyən hissəsi insanın xəyal qüvvəsində təsərrüf etməklə bağlıdır – həzrət Musanın (əleyhis-salam) sehrkarlarla qarşılaşdığı zaman baş verən hadisələrdə olduğu kimi. Camaatın elm və agahlıq səviyyəsinin yüksəlməsi ilə bu kimi işlər təsirdən düşəcəkdir. Hər bir halda əgər doğrudan da sehr baş vermiş olsa, ondan xilas olmaq üçün rəvayətlərdə qeyd olunan dualardan istifadə etmək lazımdır. Əgər sehrdən qurtarmaq yalnız onu öyrənməklə mümkün olarsa, sehri batil etmək üçün sehrin özündən istifadə etmək caizdir. Əlbəttə, bu halda sehri öyrənmək o şəxslər üçün caiz olacaqdır ki, yoldan azmamalarına xatircəm olsun. Yəni onu öyrənmək müəyyən qeyd və şərtlər daxilində caizdir.

 


[1] “Taha” surəsi, ayə: 66

[2] “Əraf” surəsi, ayə: 116

[3] “Bəqərə” surəsi, ayə: 102

[4] Mərhum Əllamə Təbatəbai “Əl-mizan” təfsirində buyurur: “Sehr insanın hiss orqanlarında bir növ təsərrüfdür, belə ki, (sehr olunan) şəxs həqiqəti olmayan şeyləri eşidir və ya görür. (“Əl-mizan”ın tərcüməsi, 8-ci cild, səh. 275). O təsərrüflərdən biri insanların xəyal qüvvəsinə təsir qoymaqdır və buna “gözün sehr olunması” deyilir. Sehrin bu qismi danılmaz və təsiri doğrudur. (“Əl-mizan” təfsiri, 1-ci cild, səh. 368); “Təfsiri-nümunə”, 1-ci cild, səh. 379

[5] “Təfsiri-nümunə”, 13-cü cild, səh. 241

[6] “Vəsailuş-şiə”, bab 25, hədis 7:

مَنْ تَعَلَّمَ شَيْئًا مِنَ السِّحْرِ قَلِيلًا اَوْ كَثِيرًا فَقَدْ كَفَرَ وَ كَانَ آخِرَ عَهْدِهِ بِرَبِّه

“Təfsiri-nümunə”, 1-ci cild, səh. 380

[7] “Təhrirul-vəsilə”, 1-ci cild, səh. 498, məsələ 16

[8] Həmçinin “Məfatihul-cinan” kitabının haşiyəsində “sehri batil etmək üçün təviz” ünvanlı bir bölmə vardır.

[9] “Yunis” surəsi, ayə: 81-82; “Əraf” surəsi, ayə: 117-119

[10] “Qəsəs” surəsi, ayə: 35

[11] Rəziyəddin, Həsən ibni Fəzl Təbərsi, “Məkarimul-əxlaq”, Mirbaqirinin tərcüməsi, 2-ci cild, səh. 326-329 -islamquest.net


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter