ŞİƏ DEDİKDƏ MƏQSƏD KİMDİR?


Cavab: “Şiə” ərəb lüğətində “ardıcıl” mə`nasını daşıyır. Qur`ani Kərim buyurur:

وَ اِنَّ مِنْ شِيعَتِهِ لَاِبْرَاهِيمَ

“Nuhun ardıcıllarından biri İbrahimdir.”[1]

Müsəlmanların istilahında isə “şiə” sözü Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in öz vəfatından öncə müxtəlif münasibətlərlə əlaqədar olaraq müsəlmanlara xəlifə tə`yin etməsinə inanan şəxslərə aid edilir. Bu münasibətlərdən biri də “Qədir günü” adı ilə məşhur olan (hicrətin 10-cu ili, zil-həccənin 18-i) gündür ki, bu gündə Peyğəmbəri Əkrəm (s.ə.v.v) böyük bir cəmiyyətin iştirak etdiyi yığıncaqda bu məsələni bəyan etmiş və Əli (ə)-ı özündən sonra müsəlmanların siyasi, elmi və dini rəhbəri kimi tə`yin etmişdir.

İzah: Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən sonra mühacir və ənsar iki dəstəyə bölündü:

1-Bə`ziləri inanırdılar ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v) xilafət məsələsinə ciddi şəkildə əhəmiyyət vermiş və özü üçün canişin tə`yin etmişdir, o da Peyğəmbər (s.ə.v.v)-ə iman gətirən ilk şəxs – Əliyyibni Əbi Talib (ə)-dır.

Başlarında Bəni-Haşimin bütün böyük şəxsiyyətləri olmaqla mühacir və ənsardan təşkil olunan bir qrup səhabə, o cümlədən Salman, Əbuzər, Miqdad, Xəbab ibni Ərrət və s. kimi şəxslər olan bu qrup elə həmin əqidədə qaldılar və “Əli şiələri” adlandırıldılar.

Əlbəttə, bu ləqəbi (şiə) Peyğəmbəri Əkrəm (s.ə.v.v) öz sağlığında Əmirəl-mö`minin Əli (ə)-ın ardıcıllarına vermişdi. Belə ki, Əli (ə)-a işarə edərək buyurdu:

وَ الَّذِي نَفْسِي بِيَدِهِ اِنَّ هذَا وَ شِيعَتَهُ لَهُمُ الْفَائِزُونَ يَوْمَ الْقِيَامَةِ

“Canım əlində olana (Allaha) and olsun ki, bu (Əli) və onun ardıcılları qiyamət günündə nicat tapanlardır.”[2]

Deməli “şiə” islamın ilk əvvəllərində vilayət və rəhbərlik məqamının Allah tərəfindən tə`yin olunmasının e`tiqad bəsləyən bir qrup müsəlmandır, onlar indiyə qədər də Peyğəmbər (s.ə.v.v) Əhli-beytinin ardıcılları olan və onların yolunda qalan şəxslərdir.

Şiənin məqam və mövqeyi həmin yollarla müəyyən olunur. Bununla da bə`zi cahillərin və ya qərəzli şəxslərin şiələrin sonrakı dövrlərdə yarandığını iddia etmək əsasında olan sözlərinin tam əsassız olması aydınlaşır. Şiə tarixini daha geniş şəkildə araşdırmaq üçün “Əsluş-şiə və üsuluha”, “Əl-müraciat, “Ə`yanuş-şiə” kitablarına müraciət edə bilərsiniz.

2-Digər bir qrup inanırdı ki, xilafət məqamı seçki yolu ilə olan bir məqamdır. Buna görə də Əbu Bəkrlə bey`ət etdirlər və sonralar “Əhli-sünnət”, yaxud “Əhli-təsənnün” ləqəbi aldılar. Nəticə e`tibarı ilə hər iki islam firqəsi arasında üsuli-dində çoxlu müştərək cəhətlərə malik olmaqla yanaşı, xilafət və Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in canişinliyi məsələsi ilə əlaqədar ixtilaf yarandı, hər iki qrupun ilkin özəyini təşkil edənlər də mühacir və ənsar idi.


[1] “Saffat” surəsi, ayə:83

[2] “Əddurrul-mənsur” (Cəlaləddin Suyuti), 6-cı cild, “Bəyyinə” surəsinin 7-ci ayəsinin təfsirində.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter