Qüreyş İmam Əli (ə)-ı hicrət edəndə tutduqda nəyi gördülər ki, Həzrəti geri qaytarmaq fikrindən döndülər?!


Qüreyş Əli (ə)-i təqib edir !      İmamın karvanı "Zəcnan" məntəqəsinə yaxınlaşanda uzaqdan yeddi nəfər niqablı süvari göründü. Onlar atlarını sürətlə karvana tərəf çapmağa başladılar. Əli (ə) qadınlar üçün baş verə biləcək hər hansı xoşagəlməz hadisənin qarşısını almaq üçün Vaqid və Əymənə göstəriş verdi ki, dərhal dəvələri yatızdırıb ayaqlarını bağlasınlar. Sonra qadınları dəvədən endirmək üçün kömək etdi. Bu vaxt niqablı süvarilər qılınclarını siyirmiş halda gəlib çatdılar.

 

  Qəzəbdən boğazları qurumuş halda kobud sözlər deməyə başladılar:–Sən təsəvvür edirsən ki, bu qadınlarla birlikdə bizim əlimizdən qaça bilərsən?! Hökmən geri qayıtmalısan!     Əli (ə) dedi:–Qayıtmasam nə olacaq?    Dedilər:–Ya səni zorla qaytararıq, ya da başını özümüzlə apararıq!

 

Bunu deyib dəvələri hərəkət etdirmək üçün yaxınlaşdılar. Əli (ə) öz qılıncı ilə onların qabağa gəlməsinə mane oldu. Onlardan biri Əli (ə)-ın üstünə qılınc çəkdi. Əli (ə) onun qılıncını geri qaytardı, sonra gözləri qəzəblə dolmuş halda onların üstünə hücum edib qılıncını Cinah adlı birisinin üstünə endirdi. Az qalmışdı ki, qılınc onun çiyninə ensin, amma onun atı birdən sıçrayıb geri çəkildi və Imam (ə)-ın qılıncı atın arxa tərəfinə endi. Bu vaxt Əli (ə) uca səslə onlara belə xəbərdarlıq etdi:–Mən Mədinəyə yola düşmüşəm, Allah Rəsulunun hüzuruna çatmaqdan başqa bir məqsədim də yoxdur. Hər kəs tikə-tikə doğranıb qanının axıdılmasını istəyirsə, onda mənim ardımca gəlsin, yaxud mənə yaxınlaşsın!

 

Bunu deyəndən sonra Əymənə və Əbu Vaqidə əmr etdi ki, qalxıb dəvələrin ayaqlarını açsınlar və öz yollarına davam etsinlər. Düşmənlər hiss etdilər ki, Əli (ə) onlarla axıra kimi vuruşmağa hazırdır. Çünki onlar öz gözləri ilə yoldaşlarından birinin necə ölüm təhlükəsinə düşdüyünü görmüşdülər. Buna görə də fikirlərindən dönüb Məkkəyə tərəf yola düşdülər. İmam (ə) da Mədinəyə tərəf öz yoluna davam etdi. Zəcnan dağının yaxınlığında bir gecə-gündüz istirahət etdi və gözlədi ki, hicrət edən başqa şəxslər də gəlib onlara çatsınlar. Əli (ə) və onun səfər yoldaşlarına qoşulanlardan biri də ömrünün axırına kimi Peyğəmbərin xanədanından ayrılmayan iffətli qadın-Ümmü Əymən idi. 

 

Tarixdə qeyd olunur ki, Əli (ə) bu yolun hamısını piyada gəldi, heç bir mənzildə Allahın zikri mübarək dilindən düşmədi. O bütün yol boyu namazı həmsəfərləri ilə birlikdə qıldı. Təfsirçilərin bəzisi deyir ki, aşağıdakı ayə bunların barəsində nazil olmuşdur: "O kəslər ki, Allahı (bütün hallarda:) ayaqüstə, oturan yerdə və ya böyrü üstə yatmış halda yad edib göylərin və yerin xilqəti (yaranışı) barəsində fikirləşir və deyirlər ki, "Ilahi, Sən bu böyük xilqətin nizam-intizamını məqsədsiz və səbəbsiz yerə, boş-boşuna yaratmamısan." 

 

Əli (ə) və onun həmsəfərləri Mədinəyə çatandan sonra Peyğəmbər (s) onların görüşünə tələsdi. Peyğəmbər (s)-in gözü Əli (ə)-a sataşanda gördü ki, ayaqları şişmişdir və ayağından qan damcıları axır. Sonra Əli (ə)-ı qucaqladı və sevincindən gözləri yaşla doldu.

Kitabın adı: Vilayət günəşi birinci cild/ Müəllif: Ayətullah Cəfər Sübhani

 


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter