Qurani Kərimin Nisa surəsində kimlərin tövbəsi qəbul olunandır deyilir?!
Başlanğıc mərhələlərindən biri də tövbə və istiğfardır. İnsan qəflət, nadanlıq, heyvani və nəfsani qüvvələrin coşub-daşması nəticəsində günaha batarsa, gecikmədən Allahın mərhəmətinə sığınıb ondan bağışlanmasını istəsin. Tövbə və istiğfar suyu ilə qəlbini, ruhunu yuyub təmizləsin, əks təqdirdə səhlənkarlıq və işi bu gün-sabaha qoymaq özü də bir günah olub inadkarlığa dəlalət edər.
"Qurani-Kərim”dən belə faydalanırıq ki, tövbə iki şərtlə qəbul olunur: insan günaha küfr və inadkarlıq üzündən yox, öz cəhaləti və nadanlığı səbəbindən batmış olarsa; günaha batandan sonra vaxt ötürmədən peşman olub dərhal tövbə edərsə. Allah-təala bu barədə buyurur:
"Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunur ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edələr. Allah belələrinin tövbəsini qəbul edər! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!»
Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: "Mən indi tövbə etdim" - deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq." («Nisa»-17,18).
Ey müsəlman bacı-qardaşım! Nə qədər gec deyil, tövbə et ki, vaxt azdır. Görün, Allah-təala öz bəndələri ilə hansı ahənglə danışır:
"İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan («Quran») üçün yumşalması vaxtı gəlib çatmadımı?" («Hədid»-16).