İmam Sadiq (ə) Qaraqabaq insanlarla necə rəftar etməyi tapşırır?!
Acıdil, ədəbsiz, daşürək, qaraqabaq adamlarla rəftarın müxtəlif mərtəbələri vardır. Ən yaxşı rəftar ehsandır. Belə adamlarla yaxşı rəftar etmək insanı onların şərindən qoruyur, bəzən isə onları dosta çevirir. «Fussilət» surəsinin 34-cü ayəsində buyurulur: «Sən pisliyi yaxşılıqla dəf et. Belə olduqda aranızda düşmənçilik olan şəxsi yaxın bir dost kimi də görə bilərsən.»
Xoş rəftar insanın bütün işlərinə ilahi rəng verir. Allahın razılığını qazanmaqdan böyük iş təsəvvür olunmur. İslam insanın belə ali mərifət məqamına çatmasını istəyir.
İmam Sadiq (ə) İbn Cündəbə buyurur: «Səninlə əlaqəni kəsmiş qohum-əqraba, qonum-qonşu ilə əlaqələri möhkəmləndir və onlar kimi hərəkət etmə. Ehtiyaclı olduğun zaman səndən üz döndərən şəxs çətinliyə düşərsə ona kömək əlini uzat. Pis rəftara yaxşı rəftarınla cavab ver. Səni acıqlayana da ehtiram göstər. Namərdiliyə mərdliklə cavab ver. Zülmü görməməzliyə vur. Heç istəyirsinizmi ki, Allah sizi bağışlasın? Məgər bağışlanmaq istəyən şəxs başqalarını bağışlamaz?!».
«Nur» surəsinin 22-ci ayəsində buyurulur: «Əgər Allahdan bağışlanmaq istəyirlərsə, onları əfv edib bağışlasınlar».
Rəvayətlərdə bildirilir ki, başqalarını bağışlayanların günahı qiyamət günü bağışlanar və Allah onların hesabını yüngül edir. Amma alverdə qəpiyindən keçməyənlərin hesabı da ağır olar.